Eurasia Diary xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Toxum Fondu azərbaycanlı fermerlərə Rusiyadan gətirilmiş toxumların satışını həyata keçirib.
Bu barədə "Report"a Nazirlikdən bildirilib.
Məlumata görə, söhbət Rusiyanın Stavropol vilayətindən idxal edilmiş, quraqlığa və kəskin iqlim şəraitinə dözümlü 180 ton “Qrom” və “Krasnodar 99” buğda toxumlarından gedir. Alıcılar toxumları Şəkidə yerləşən anbardan təhvil alıblar.
Toxumçuların və fermerlərin yüksək reproduksiyalı toxumlara olan tələbatlarını nəzərə alaraq toxumçuluq üçün nəzərdə tutulan elit toxumların gətirilməsi davam etdiriləcək. Bu məqsədlə artıq Stavropol vilayətində toxumçuluqla məşğul olan şirkətlə 140 ton “Qrom” elit toxumunun gətirilməsi üçün müqavilə bağlanılıb. Müqavilənin şərtlərinə əsasən, qeyd olunan toxum oktyabrın 15-17 -yə ölkəyə daxil olacaq. Artıq toxum satışı ilə əlaqədar sifarişlər qəbul olunur.
Eyni zamanda Dövlət Toxum Fondu tərəfindən erkən əkilən (farac), yüksək məhsuldarlıqlı və birinci reproduksiyalı kartof toxumlarının gətirilməsi planlaşdırılır. Toxumların sifarişi artıq qəbul olunur və əldə etmək istəyən fermerlər Kənd Təsərrüfatı Nazirliyinin 1652 - Çağrı Mərkəzinə müraciət edə bilərlər.