Azərbaycan Milli Elmlər Akademiyasının akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) “Aşqar” Elmi İstehsalat Birliyində nar şirəsi istehsalı zamanı tullantı kimi alınan nar qabıqları əsasında yeni quru, tozvarı reagent işlənilib.
Eurasia Diary xəbər verir ki, AKİ-nin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə elmlər doktoru, dosent Əfsun Sucayev azərtac-a bildirib ki, qazılan neft quyusunda sınaqdan keçirilib, yüksək nəticə əldə olunub, alınan nəticələr aktlaşdırılıb və şirkətə təqdim edilib.
Əfsun Sucayev diqqətə çatdırıb ki, bu tətbiqi işlər “Azərbaycan Respublikasının neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planı üzrə yerinə yetirilib.
O qeyd edib ki, elmi tədqiqat müəssisəsi AMEA-nın digər elmi qurumları ilə neft emalının, yeni növ yüksək göstəricilərə malik məhsulların istehsal texnologiyalarının hazırlanması istiqamətində nəzəri-tətbiqi araşıdırmalarını davam etdirir. (azertac)