Azərbaycan Mərkəzi Bankı 2015-ci il devalvasiyası nəticəsində ciddi zərər görmüş bank sektorunun güclənməsi, rəqabətə davamlılıq, eləcə də göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə son illər ərzində dayanıqsız vəziyyətdə olan bir neçə bankın lisenziyasını ləğv edib.
2020-ci ilin aprel ayının 28-də isə Mərkəzi Bank “Atabank” və “Amrah Bank”ın lisenziyalarının müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət etdi. Rəsmi açıqlamaya görə sözügedən bankların məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdardan az olduğu, habelə cari fəaliyyətinin etibarlı və prudensial qaydada həyata keçirilmədiyi göstərilir.
“Bankın lisenziyasının ləğv edilməsi bankın müflis elan edilməsi anlamına gəlmir”. Bunu hüquqşünas Səməd Vəkilov "EDNews.net"ə açıqlamasında bildirib.
“Mərkəzi Bankın qərarı yekun qərar deyil. “Amrah Bank”la “Atabank”ın vəziyyətini eyniləşdirmək olmaz. Bildiyimə görə, Atabank artıq bir neçə aydır əmək haqqıları verə bilmirdi. Lakin “Amrah Bank”da belə bir durumun olması barədə məlumat yoxdur. Lakin bankın lisenziyasının ləğv edilməsi onun müflis elan edilməsi anlamına gəlmir. Həm də Mərkəzi Bank qeyri- müəyyən və yarımçıq bir münasibət bildirib. Bankların yarım müflis vəziyyətdə olmasını açıqlayıb. Lakin nə iqtisadi, nə də hüquqi baxımdan yarım müflis terminalogiyası yerində işlənmiş termin olmamaqla bərabər bankın vəziyyətini özündə ehtiva etmir. Odur ki, məhkəmənin qərarını gözləmək lazımdır. Məhkəmə əgər bankı müflis elan etməsə, o halda bankın lisenziyanı təzədən qazanmaq, bərpa etmək şansı var”, -deyə hüquqşunas əlavə edib.
Bugün keçirilən mətbuat konfransında “Amrahbank”ın bağlanmasına etiraz edən bank işçilərinin problemləriylə bağlı isə MB-ın sədri Elman Rüstəmov hadisənin emosional xarakter daşıdığını, işçilərin əməkhaqqı verilməsi üçün tədbirlərin görülməyə başlanıldığını deyib:
“Bank kadrları araşdıracaq və onların işlə təminatına yardım edəcəyik. Qiymətləndirmələr göstərdi ki, “Amrahbank” da “Atabank”da oxşar vəziyyətdir. Kapital itkisinə yol verilib, maliyyə çatışmazlığı var. Bank sahibləri ilə görüşlərimiz oldu. Xilas tədbirlərini bildirdik. Biz bankların bağlanmasının tərəfdarı deyilik. Bankların rəhbərlərinə kapitalın artırılmasını təklif etdik. Onların belə imkanı olmadığı üçün imtina olundu. Belə olan halda onların bağlanması yekdilliklə tövsiyə olundu. Uzunmüddətli qiymətləndirmə əsasında bu qərar verilib”.
Gülnar Səlimova