Kommunal xərclərlə bağlı YENİLİK - Limit artırılır? | Eurasia Diary - ednews.net

31 May,


Kommunal xərclərlə bağlı YENİLİK - Limit artırılır?

İqtisadiyyat A- A A+

“Milli Məclisin Əmək və sosial siyasət komitəsinin mayın 12-də keçirilən iclasında “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanuna ediləcək dəyişikliklər müzakirə olundu. Təklif edilən dəyişikliklərə əsasən, ünvanlı sosial yardım almaq hüququ olan ailələrin kateqoriyası genişlənir”.

EDNews.net xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Deputatın sözlərinə görə, yeni dəyişkliklərə görə, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması meyarları da nəzərə alınacaq.

“Adıçəkilən sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə bu barədə məlumat 7 iş gün ərzində dövlət qurumuna bildirilməli idisə, təklif olunan dəyişikliklər təsdiq olunduqdan sonra bu müddət 15 iş gününədək uzadılacaq. Dəyişikliklərə əsasən, elektron məlumatlarda dəyişiklik baş verdiyi halda ünvanlı sosial yardım alan vətəndaşın bu barədə icra qurumunu məlumatlandırmasına artıq ehtiyac yoxdur. Sözügedən sosial yardımın verilməsi müddəti 2 ildən 1 ilə endirilir və bununla da həmin ailələrin aktiv məşğulluğa cəlb edilməsi hədəflənir. Sosial yardıma müraciət qaydalarında da dəyişiklik nəzərdə tutulur. Belə ki, mövcud qaydalara görə, kredit öhdəliyi olan vətəndaşın ünvanlı sosial yardıma müraciət hüququ məhdudlaşdırılır. Amma yeni qaydalar təsdiq olunduqdan sonra krediti olanlar da ünvanlı sosial yardıma müraciət edə biləcəklər. Eyni zamanda aliment gəlir və ya xərc kimi nəzərə alınmayacaq və bu da aztəminatlı ailələrin yardıma müraciət imkanlarını artıracaq”.

V.Bayramov deyib ki, o, Milli Məclisdə komitə müzakirələri zamanı aşağıdakıların qanunda nəzərə alınmasını tövsiyyə edib:

“- Ünvanlı dövlət sosial yardıma müraciət zamanı kommunal xərclərin payı ilə bağlı müəyyənləşdirilən limitlər artırılması məqsədəuyğun olardı. Bu daha çox sayda aztəminatlı ailələrə ünvanlı sosial yardıma müraciət imkanı yarada bilər. Hazırda adambaşına düşən kommunal xərc yaşayış minimumun 10 faizindən çox olduğu halda ailə ünvanlı sosial yardıma müraciət edə bilmir. Yəni, ünvanlı sosial yardıma müraciət üçün ailədə adambaşına kommunal xərcin məbləği aylıq 19 manatdan çox olmamalıdır. Qeyd edim ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi kommunal xərclərin payının artırılması ilə bağlı danışıqlar aparıldığını bildirdi. Dəyişikliklər qəbul olunduqdan sonra bu limit adambaşı 19 manatdan 27 manatadək çatdırılacaq. Bu o deməkdir ki, 4 nəfərlik ailədə kommunal xərc üçün limiti 76 manatdan 108 manata çatdırılacaq. Bu isə daha çox aztəminatlı ailə üçün ünvanlı sosial yardım müəyyənləşdirilməsinə imkan yaradacaq;

- Ünvanlı sosial yardım üçün müəyyənləşdirilən müddətin 1 il olduğunu nəzərə alaraq təklif etdim ki, sosial yardım təyin edilən birinci ildə aztəminatlı ailənin gəlirlərində dəyişiklik baş vermədiyi halda sosial yardımın təyin edilməsi müddəti daha bir il uzadılsın. Yəni, aztəminatlı ailəyə 1 illik sosial yardım müəyyənləşir və həmin il ərzində ailənin gəlirləri dəyişmədiyi halda “zaman ekstenşini” olsun və ailə üçün avtomatik ikinci il üçün də sosial yardım təyin olunsun;

- Ünvanlı dövlət sosial yardım proqramının re-brendiqi həyata keçirilməsini tövsiyyə etdim. Bu proqrama olan inamın və eləcə də səmərəliliyin yüksəlməsinə səbəb ola bilər.

Müzakirələr zamanı ehtiyac meyarı, yaşayış minimum və gəlir və xərclərin hesablanması metodologiyası ilə bağlı təkliflərimi də təqdim etdim.

Bütövlükdə, həm qanuna, həm də qaydalara ilə ediləcək dəyişikliklər mütərəqqidir və ünvanlı sosial yardıma əlçatanlığı artıracaq”.(modern.az)

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...