Pandemiya ilə əlaqədar olaraq xarici ölklərdəki, o cümlədən Rusiyadakı soydaşlarımızın bir qismi Azərbaycana qayıdıb. Məhz bu qayıdış yaxın gələcəkdə Azərbaycanda işsizlik probleminin dərinləşəcəyi ilə bağlı iddalara yol açıb.
Bəs əslində necə, Rusiyadakı soydaşlarımızın bəlli bir qisminin ölkəmizə qayıdışı məşğulluqla bağlı ciddi problemlərə səbəb ola bilərmi?
EDNews.net xəbər verir ki, Moderator.az-a açıqlama verən millət vəkili Vüqar Bayramov bu qənaəti bölüşmədiyini söylədi:
“Rusiyadan gələn vətəndaşlarımızın sayı işsizliyə ciddi təsir etməyəcək. Çünki rəqəm etibari ilə bu, işsizliyə təsir göstrəcək rəqəm deyil. Azərbaycan hökuməti iki ay ərzində bəzi kateqoriyadan olan vətəndaşlara iki ay ödəniş etdi. Iyun ayında da sərt karantin qaydalarının tətbiq edildiyi rayon və şəhərlərdə də 190 manat məbləğində ödənişlər davam etdiriləcək.
Onu da nəzərə almaq lazımdır ki, Rusiyadan gələn vətəndaşlarımızın bir qismi ixtisaslıdır. Onlar fərqli sektorlarda çalışan insanlardır. Onların bir qisminin şəxsi kapitalları var. Bu şəxslər Azərbaycana qayıdandan sonra şəxsi kapitalları hesabına kiçik sahibkarlıqla da məşğul ola bilərlər. Bu baxımdan soydaşlarımızın Azərbaycana qayıtması ölkəmzidə hər hansı işsizlik problemi yaratmayacaq.
Post-pandemiya dövründə dövlətin sahibkarları yaxından dəstəkləməsi, məşğulluqla bağlı yeni proqramları reallaşdıracağı gözlənilir.
Dövlət hesabına ictimai iş yerlərinin sayı 2020-ci ildə 40 mindən 90 minə çatdırılıb. Nəticədə bu gün dövlətin büdcə vəsaitlərinin hesabına vətəndaşlara iş yerləri də təklif olunur. Belə olan halda, soydaşlarımızın ölkəmizə qayıdışının işsizliyə səbəb olacağı ilə bağlı narahatlığa əsas yoxdur”.