Maliyyə Nazirliyi 2022-ci il dövlət büdcəsinin gəlirləri üzrə göstəriciləri razılaşdırmayıb - İqtisadiyyat Nazirliyi | Eurasia Diary - ednews.net

20 Oktyabr, Çərşənbə

Maliyyə Nazirliyi 2022-ci il dövlət büdcəsinin gəlirləri üzrə göstəriciləri razılaşdırmayıb - İqtisadiyyat Nazirliyi

İqtisadiyyat A- A A+

Azərbaycan Maliyyə Nazirliyi tərəfindən 2022-ci ilə və ortamüddətli dövrə dair makroiqtisadi proqnozlarda olan bəzi göstəricilər, o cümlədən dövlət büdcəsinin gəlirləri üzrə göstəricilər yekun olaraq hələlik razılaşdırılmayıb.

Azərbaycan İqtisadiyyat Nazirliyindən EDNews.net-ə verilən məlumata görə, sənəd ilkin xarakter daşıyır və qarşıdakı günlərdə Maliyyə Nazirliyi və digər aidiyyəti strukturlarla müzakirələr davam etdiriləcək.

“Məlum olduğu kimi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən “2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” hazırlanıb və 08.09.2021-ci il tarixində Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilib. Sənəd 2022-ci ilə və ortamüddətli dövrə dair makroiqtisadi proqnozları, ölkə iqtisadiyyatının sosial-iqtisadi inkişafı ilə bağlı milli xərc prioritetlərini, buna uyğun olaraq büdcə-vergi siyasətinin əsas istiqamətlərini, dövlət büdcəsinin gəlir və xərclərini, habelə dövlət borcuna dair əsas məlumatları özündə əks etdirir. Sənəd Maliyyə Nazirliyinin internet səhifəsi vasitəsilə açıqlandıqdan sonra kütləvi informasiya vasitələrindən 2021-ci ildə dövlət büdcəsinə daxilolmaların artım mənbələri ilə bağlı çoxsaylı sorğular daxil olmaqdadır.

Qanunvericiliyin tələblərinə görə, növbəti il və sonrakı üç il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrinin parametrlərinə dair məlumatlar, həmçinin bu dövr üçün makroiqtisadi proqnozlar Milli Məclisə təqdim edilənədək ictimai müzakirələr üçün açıqlanmalıdır.

Mövcud praktikaya əsasən, sənəd dərc olunmamışdan əvvəl əsas iqtisadi göstəricilər aidiyyəti dövlət qurumları, o cümlədən İqtisadiyyat Nazirliyi ilə razılaşdırılır. Qeyd edək ki, əvvəlki illərdə məhz bu praktika tətbiq olunub.

Cari ildə də sənədin əsas parametrləri ilə bağlı müzakirələr keçirilib. Bununla belə, bəzi göstəricilər, o cümlədən dövlət büdcəsinin gəlirləri üzrə göstəricilər yekun olaraq hələlik razılaşdırılmayıb. Sənəd ilkin xarakter daşıyır və qarşıdakı günlərdə Maliyyə Nazirliyi və digər aidiyyəti strukturlarla müzakirələr davam etdiriləcək”, - deyə İqtisadiyyat Nazirliyinin rəsmi saytında yerləşdirilmiş məlumatda bildirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...