Azərbaycanda kazinolara icazə verilsin, yoxsa yox? - Yaxud, öldürülməmiş ayının dərisini bölüşənlər... - ednews.net

28 Yanvar, Cümə

Azərbaycanda kazinolara icazə verilsin, yoxsa yox? - Yaxud, öldürülməmiş ayının dərisini bölüşənlər...

İqtisadiyyat A- A A+

Milli Məclisdə "Turizm haqqında" yeni qanun layihəsinin II oxunuşda müzakirəsi zamanı millət vəkili Qüdrət Həsənquliyev maraqlı təkliflə çıxış edib. Deputat Qarabağda, Zəngəzurda və eləcə də Nargin adasında kazinoların açılmasına icazə verilməsini təklif edib. O, bununla Azərbaycana daha çox turist cəlb ediləcəyini deyib. Millət vəkilinin sözlərinə görə, dünyanın bir çox ölkələrində kazinolar fəaliyyət göstərirlər, ancaq ölkəmizdə kazinolar yoxdur.

“Azərbaycanın coğrafi mövqeyi imkan verir ki, əyləncə və azart oyunları turizmi inkişaf etdirsin. Bu da bir turizm növü kimi bu qanuna daxil edilsin. Əgər kazinoların açılmasına icazə verilsə, qonşu Türkiyədən, İrandan, digər müsəlman ölkələrindən, xüsusilə də Yaxın Şərqdən, ərəb ölkələrindən çoxsaylı turist cəlb etmək mümkündür.

Rusiyada bu, müəyyən əraziləri əhatə edir. Azərbaycanda da belə edə bilərik. Məsələn, Qarabağda, Zəngəzurda kazinoların açılmasına icazə verə, bununla da turist cəlb edə bilərik. Digər tərəfdən, Nargin adasında buna icazə verə bilərik. Turist axınını cəlb etmək üçün xidmət sahəsində fəaliyyətlər təkmilləşdirilməlidir", - deyə deputat bildirib.

Tanınmış iş adamı, “Avesta Concern”nin rəhbəri Hacı İbrahim Nehrəmli deputatın fikirlərini dəstəkləyərək söyləyib ki, şərait yaradılarsa, kazino açıb ölkəyə milyardlar gətirər.

“Azərbaycanın əksər imkanlı şəxsləri istirahət üçün xaricə gedən zaman daha çox kazino olan ölkələri seçirlər. Onlar bununla məşğuliyyət tapırlar və kazinoklublarda oturub istirahət edirlər. Mən bunu neçə illərdir ki, müşahidə edirəm. Azərbaycanda kazinolar üçün ən əlverişli ”Xəzər adaları" şəhərciyidir. Əgər icazə verilərsə, mən “Xəzər adaları”nda dünya turistlərinin böyük marağına səbəb olacaq kazino aça bilərəm".

Lakin Hacı İbrahimin söylədikləri ictimaiyyətdə birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə Hacı İbrahimin bu fikirlərini tənqid edənlər olub. Həmçinin iqtisadçı Vüqar Bayramov da Hacı İbrahimin fikirlərinə münasibət bildirərək sosial şəbəkədə yazıb ki, nəinki heç bir müsəlman ölkəsində, hətta xristian dövlətində belə, “hacı” statuslu şəxs ölkəsində kazinoların, yəni qumarxanaların fəaliyyətini arzulamaz. İqtisadçı bildirib ki, kazinoların fəaliyyətinin bərpa edilməsi “çirkli pullar”ın yuyulmasına gətirib çıxara bilər.

“Açığı, cəmiyyətin səsləndirdiyim fikirlərə tənqidi yanaşacağını gözləyirdim. Ancaq hesab etmirdim ki, Azərbaycan gəncliyi bu məsələni belə qabardaraq, geniş formada müzakirəyə çıxarsın. Çünki fikirlərimi söyləyəndə nəzərdə tutmamışam ki, bu kazinolar Azərbaycan vətəndaşları üçün açılsın. Söyləmişəm ki, kazinolar açılsın və oradan ölkəyə gələn turistlər istifadə etsinlər”, - deyə, biznesmen dərhal tənqidi fikirlərə reaksiya verib.

Hacı İbrahim əlavə edib ki, onunla bağlı tənqidi fikir səsləndirənlər kazinonun nə olduğunu bilmirlər:

"Kazino dedikdə qumar başa düşürlər. Ən böyük qumar ”Topaz" və digər bu kimi futbol oyunlarına qoyulan pullardır. Onlara da icazə verilir. Kazinoya da dövlət istəsə icazə verəcək, istəməsə verməyəcək. Onsuz da ölkədə 100-ə yaxın gizli qumarxana yerləri var. Nə qədər adam bu yerlərdə bədbəxt olur. Bəs onlardan nə üçün danışmırlar?! Bir var leqal ola, insanlar vergi verə, dövlət büdcəsi bundan qazana, bir də var ki, qeyri-qanuni".

Millət vəkili, iqtisadçı Vüqar Bayramov bu təkliflə razı deyil.

“Milyardları ölkəyə kazinolar deyil, qeyri-neft sektorunun inkişafı gətirə bilər. Kazinolarla iqtisadiyyatı inkişaf etdirmək utopiyası artıq çox keçmişdə qaldı. Əks halda, kazinolara yaşıl işıq yandıran türk Kipri, onları qadağan edən və eyni adanı bölüşən yunan Kiprinə nisbətən daha çox inkişaf edərdi. Azərbaycanda turizmin inkişafı ilə bağlı kompleks tədbirlər həyata keçirilsə, kazinolar bərpa edilmədən də bu sektoru inkişaf etdirmək mümkündür".

İqtisadçının sözlərinə görə, kazinoların fəaliyyətinin bərpa edilməsi "çirkli pullar"ın yuyulmasına gətirib çıxara bilər.

"Xüsusən də qeyri-qanuni yollarla pul qazanmış şəxslər həmin pullar rəsmiləşdirilən zaman onu məhz kazinoda udduqlarını göstərə bilərlər. Nəzərə alsaq ki, kazinolar bir sıra ölkələrdə həm də ona görə fəaliyyət göstərir ki, qanunsuz və çirkli yollarla qazanılan pulları yumaq mümkün olsun, o zaman bunun yaradacağı əks-effektləri proqnozlaşdırmaq çətin olmazdı. O baxımdan ölkəmizdə kazinoların fəaliyyət göstərməsi turizmin inkişafından daha çox, çirkli pulların yuyulması ilə müşayiət olunacaq. Eyni zamanda, qiymət və keyfiyyətdə Azərbaycanın turizm xidmətlərini üstələyən Gürcüstanda kazinolar fəaliyyət göstərdiyindən bölgədə digər ölkələrin bu sahədə rəqabət qabiliyyətliliyi aşağıdır. Belə oyunlarda maraqlı olan xarici turistin kazino oyunları üçün vizasız Gürcüstana deyil, bahalı Azərbaycana gələcəyi ağlabatan deyil".   

Millət vəkili Q. Həsənquliyevin də dediyi kimi dünyanın müxtəlif ölkələrinin iri şəhərlərində kazinolar fəaliyyət göstərir. Kazino sahəsi zərərli olması ilə yanaşı, turizm sektoru üçün rahat gəlir mənbələrindən biri hesab olunur. Lakin qeyd etdiyimiz kimi kifayət qədər zərərli tərəfləri olan bu sahə onsuz da ciddi problemlərlə üzləşən cəmiyyətimizi yeni sınaqla üz-üzə qoya bilər. Eləcə də uzun illər işğal altında qalan və qan bahasına azad edilən Qarabağ bölgəsi "Azərbaycanın cənnət diyarı" adlandırılıb və müqəddəsləşdirilib. Buna görə də Azərbaycanda, xüsusilə  də Qarabağda kazinoların fəaliyyətinə icazə veriləcəyi şübhə doğurur.

Onu da qeyd edək ki, Azərbaycanda qumarxana-kazino biznesi 1998-ci ildən rəsmi şəkildə qadağan olunub. Bu barədə mərhum prezident Heydər Əliyev 1998-ci ili yanvarın 27-də Sərəncam imzalayıb.

Gülnar Səlimova

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...