Son zamanlar yolun hansı banka düşərsə, bank işçisinin israrla müştərilərə pulsuz debit kartlarının təklif etdiyinə rast gəlirik. Bu əsasən kredit üçün banklara müraciət etdikdə daha yayqın halda yaşanır. Belə ki, kredit götürən müştəriyə “Bu bizim qanunumuzdur” deyə, kredit kartları məcburən verilir.
Xatırladaq ki, kredit kartlarda gəlir imkanları var. Bank bu kartlardan həm komissiya tutur, eyni zamanda vəsaitləri istifadə edənlərin 60-70 faizi məbləği geri qaytara bilmədiyi üçün avtomatik olaraq kredit şərtləri işləməyə başlayır.
Buradan da aydın olur ki, banklar güzəştli debet kartlar vasitəsilə öz kommersiya məqsədlərini güdür. Cibində pulu bitən müştərinin isə istər-istəməz ümid yeri kredit kartı olur.
Ednews olaraq banklardan edilən pulsuz plastik kart təklifləri barədə araşdırma apardıq.
İqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov hesab edir ki, burada bankların bir məqsədi var, o da müştəri cəlb etmək.
“Onlar ümid edir ki, kartı götürən şəxs gec-tez bankdan istifadə edəcək. Bu bir növ marketlərdə verilən bukletlərə oxşayır. Təbii ki, bu bütün banklarda belə deyil. Əsasən müştərisi az olan və ya daha çox müştəri cəlb etmək istəyən banklar belə edir. Prosesin özəl və dövlət banklarına aidiyyatı yoxdur. Sədəcə bank sektoru ilə yanaşsaq kart verilən vətəndaşlar onlarçün daimi müştəri olacağı anlamındadır”.
Söhbət əsnasında ekspert kartın hansı vəziyyətdə olduqda banklara üsünlük gətirəcəyi haqda da danışıb.
“Bu kartlara həm pul daxil etmək, həm də köçürmək olur. Əgər müştəri kartı kredit üçün istifadə etməsə də, karta mədaxil daxil edib-çıxarmaqla kartı aktiv saxlaya bilər”.
Deputat Vahid Əhmədov isə hesab edir ki, belə kartlar nə xarakter daşıyır daşısın hər kəsə pulsuz verilməlidir.
“Kredit kartları bəzi banklarda pulsuz verildiyini nəzərə alsaq, deyə bilərik ki, bu yalnız müştəri toplamaq üçün nəzərdə tutulub. Özəl banklar var ki, onların bunu həyata keçirməyə maddi cəhətdən gücü çatmır. Ancaq hesab edirəm ki, kartlar bütün banklarda pulsuz verilməlidir. Çünki əhalini inandırmaq, cəlb etmək üçün bu əsas amillərdən biridir”.
Bəzən banka müraciət edənlər deyirlər ki, işçilər kartları təkidlə müştəriyə verməyə çalışır. Vətəndaşlar kartı almağa məcburdurmu? Vahid Əhmədova ünvanladığımız suala o belə cavab verib.
“Əgər bank normal işləyirsə, müştərilərilə rəftarı yerindədirsə, əlaqələri, pul dövriyyəsi yaxşıdırsa, bir sözlə banka aid olan hər şey qanunla tənzimlənirsə, burada problem ola bilməz. İnsanlar da bank seçəndə bu kimi şeylərə üstünlük verirlər. Belə təkid normaldır. Ancaq kartı almaq hər bir halda müştərinin istəyinə bağlıdır. Çünki Azərbaycanda 30-a yaxın bank var. Banklar da çalışır ki bir necəsə insanları cəlb etsinlər. Eləsi var reklam edir, eləsi də var bu formada pulsuz kredit kartları verir. Ancaq əsas məqsəd müştəri “çağırmaqdır” ”.
Ləman Abbaslı