Azərbaycanda inflyasiyanın səviyyəsi ilə bağlı - RƏSMİ AÇIQLAMA - ednews.net

9 Fevral, Cümə axşamı

(+994 50) 229-39-11

Azərbaycanda inflyasiyanın səviyyəsi ilə bağlı - RƏSMİ AÇIQLAMA

İqtisadiyyat A- A A+
Son 2 ayda Azərbaycanda faktiki illik inflyasiya sabitləşsə də, hələ də ikirəqəmli olaraq qalir və növbəti il üzrə inflyasiya mühiti ilə bağlı qeyri-müəyyənliklər yüksəkdir. 
 
Ednews  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) bəyan edib. 
 
"Bu ilin sonuna pul bazasının ikirəqəmli səviyyədə artımı proqnozlaşdırılır. Bu şəraitdə məcmu tələbin izafi genişlənməsini məhdudlaşdırmaq üçün pul siyasətinin sərtləşdirilməsi məqsədəuyğun sayılıb. Maliyyə sektorunda likvidliyin idarə olunması, faiz dəhlizinin parametrlərinin qısamüddətli pul bazarında faiz dərəcələrinə təsirlərinin gücləndirilməsi məqsədilə faiz dəhlizinin eninin daraldırılması istiqamətində qərar qəbul olunub.
 
Faiz dəhlizin parametrlərinin dəyişdirilməsi eyni zamanda milli valyutada yığımların cəlbediciliyini qorumağa xidmət edir. 
 
Pul siyasətinin sərtləşdirilməsi tempi, səviyyəsi və bu səviyyədə qalma müddəti qarşıdakı dövrdə illik inflyasiya göstəricilərindəki dinamikadan və yenilənmiş proqnozlardan asılı olacaq. İllik inflyasiya göstəricilərinin və proqnozlarının azalması halında ilk olaraq pul siyasətinin sərtləşdirilməsi üzrə pauza və sonra onun azaldılması imkanları nəzərdən keçiriləcək", - deyə açıqlamada qeyd olunub. 
 
"Noyabrda aylıq inflyasiya 1%, illik inflyasiya 15,1% təşkil edib. İllik baza inflyasiya 14,7% olub. İnflyasiyanın dinamikasını müəyyənləşdirən amillər arasında xarici mənşəli xərc amilləri üstün mövqeyini saxlayır. Son 6 ayda dünya ərzaq qiymətlərinin 14% azalması və tərəfdaşlarda orta çəkili inflyasiyanın nisbətən səngiməsi son aylar inflyasiya tempinin aşağı düşməsinə təsir edən amillərdən biri olub. Lakin bu təsir 6-9 ay zaman intervalında reallaşır. 
 
İnflyasiya gözləntiləri sektorlar üzrə fərqli istiqamətdə dəyişir. Real sektor müəssisələri arasında aparılan monitorinqin nəticələrinə görə inflyasiya gözləntiləri noyabrda oktyabr ayı ilə müqayisədə ticarət və xidmət sahələrində artıb, qeyri-neft-qaz sənayesində demək olar ki, dəyişməz qalmış, tikintidə isə azalıb. 
 
Aparılmış təhlillər göstərir ki, inflyasiya əvvəlki ayda pik həddə (15,6%) çatıb və bundan sonra onun düşmə istiqamətində hərəkət edəcəyi gözlənilir. 2023-cü il üzrə inflyasiya proqnozunun təkrəqəmli səviyyədə olmasına baxmayaraq, inflyasiya mühiti ilə bağlı qeyri-müəyyənliklər yüksək qalır", - deyə AMB qeyd edib.
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...