“Türkiyə, Azərbaycan və Orta Asiya ölkələri Avrasiyada enerji və nəqliyyat dəhlizinin formalaşmasında geniş priotetlərə malikdirlər”.
Bu sözləri Ednews-a açıqlamasında enerji məsələləri üzrə ekspert Emin Qəribli Orta Asiyada yerləşən türk ölkələri ilə birlikdə enerji dəhlizinin qurulması istiqamətində mövcud imkanları şərh edərkən bildirib.
Onun sözlərinə görə, istər enerji, istərsə də nəqliyyat sahələrində Azərbaycan və Türkiyə önəmli rol oynayırlar.
“Regionda enerji dəhlizinə əsasən Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə daxildir. Qazaxıstan, Özbəkistan və Qırğızıstan bu dəhlizə hələ daxil olmayıb. Buna baxmayaraq, bu istiqamətdə müəyyən ciddi işlər görülür. Ümumi nəqliyyat dəhlizinə gəlincə, əlbəttə, bu sahədə Türkiyə, Azərbaycan və Orta Asiyanın türk ölkələri birlikdə layihələr həyata keçirilir. Türk Dövlətləri Təşkilatının fəaliyyəti çərçivəsində keçirilən görüşlərdə və danışıqlarda bu mövzu ətrafında müzakirələr və fikir mübadilələri aparılır. Bununla yanaşı, nəqliyyat dəhlizi ilə bağlı xüsusi layihələrin həyata keçirilməsinə Azərbaycan və Türkiyə böyük miqdarda investisiyalar yatırıblar. Həmçinin, Özbəkistan da bu sahədə tədbirlər görür və maliyyə yatırır”.
Ekspert qeyd etdi ki, Türkiyə və Azərbaycanın Orta Asiya ölkələri ilə birlikdə enerji dəhlizinin formalaşmasına, regionda yalnız Türkmənistan ilə enerji əməkdaşlığına dair üçtərəfli razılaşmalar imzalanıb. Onu da nəzərə alaq ki, Xəzər dənizi hövzəsində yerləşən Qazaxıstan, Türkmənistan və Azərbaycan zəngin neft-qaz resurslarına sahibdir. Xəzərin enerji ehtiyatlarının Avropa bazarlarına çatdırılması daima diqqətdə saxlanılır. Bu yaxınlarda Türkmənistanda dövlət rəhbərləri səviyyəsində keçirilən üçtərəfli görüşdə Bakı, Ankara və Aşqabad arasında enerji sahələri ilə bağlı bir sıra müqavilələr imzalanıb”.
Ekspertin sözlərinə görə, Orta Asiya qazının Azərbaycan üzərində Türkiyə və Avropaya nəql olunması ölkəmizə böyük iqtisadi dividentlər qazandıracaq
“Bilirsiz ki, beynəlxalq enerji bazarlarında qazın qiyməti durmadan artır. Orta Asiya qazının nəql olunması nəinki Azərbaycanın, həttə Türkiyənin və Avropanın enerji təhlükəsizliyinin daima təmin olunmasına müsbət təsir edəcək. Eyni zamanda ölkəmizin dünya iqtisadiyyatına inteqrasiya olunmasında böyük rol oynayacaq”.
Sonda Emin Qərbli bildirib ki, Ankaranın Qazaxıstan, Özbəkistan və Qırğızıstan ilə birlikdə enerji dəhlizinə gətirib çıxara biləcək layihələr üzərində işləməsi Türkiyənin Orta Asiyada iqtisadi-siyasi mövqeyini daha da möhkəmləndirəcək.
Yunis Abdullayev