2008-ci ildə təsis edilmiş Əbu Dabi Davamlılıq Həftəsi bir sıra dövlət başçıları, siyasətçilər, sənaye liderləri, investorlar, sahibkarlar və gəncləri iqlim tədbirləri və texnologiya sahəsində yenilikləri müzakirə etmək üçün bir araya gətirib. Məhz bu dəfə keçirilən tədbirdə 150 ölkədən 30 000-ə yaxın nümayəndə iştirak edib.
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən Əbu-Dabi Davamlılıq Həftəsinin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib. Prezident Əliyev tədbirdə çıxışı zamanı Azərbaycanın son illərdə neft və qaz istehsalı sahəsində nail olduğu bir sıra nailiyyətlərdən söz açıb. O, Azərbaycanın ötən ilin əvvəlindən bəri Avropaya enerji təminatçısı rolunu uğurla icra etdiyini bildirib.
Çıxışı zamanı Azərbaycanda bərpa olunan enerji mənbələrinin təkcə ölkənin enerji təhlükəsizliyini təmin etmək məqsədilə qurulmadığını deyən prezident Əliyev, bu gün Azərbaycanın bütün ehtiyaclarını enerji ilə təmin etməklə yanaşı, həm də xam neft, neft məhsulları, təbii qaz, neft-kimya, elektrik enerjisi ixrac etdiyini bildirib.
“Bərpa olunan enerji ilə bağlı proqramımızın tamamilə fərqli gündəliyi var. Birincisi, ona görə ki, bu, böyük potensialdır. İkincisi, ona görə ki, bu, bizim ixracımızı şaxələndirməyə kömək edəcək və təbii ki, iqtisadiyyatımızın ekoloji cəhətdən təmiz yeni sektorunu yaradacaq,” deyə, ölkə prezidenti belə vurğulayıb.
Ölkəmizin Avropaya enerji daşıyıcısı olduğunu qeyd edən dövlət başçısı həm də, bu sahədə görülən işləri də nəzərə çatdırıb: “Azərbaycan cəmi iki il əvvəl öz tərəfdaşları ilə birlikdə Azərbaycandan Cənubi Avropaya uzanan və uzunluğu 3500 km olan inteqrasiya olunmuş boru kəməri sistemi olan Cənub Qaz Dəhlizi meqa enerji layihəsini tamamladı. Təbii qaz ixracımız keçən il 19 milyard kubmetrdən bu il 24 milyard kubmetrə yüksəlir və bundan sonra da artacaqdır”.
Beləliklə prezident İlham Əlievin çıxışındakı sözlər, eləcə də rəqəmlər bir daha bunu təsdiq edir ki, Azərbaycanın bərpa olunan enerji mənbələrinin mərkəzlərindən biri olması, ölkənin təkcə enerji təhlükəsizliyinin təmin olunması məqsədi daşımır – bu yüksək texnologiyaların inkişaf etdirilməsi sayəsində ekoloji cəhətdən təmiz və yeni brəpa oluna bilən enerji sektorunun yaradılmasına yönəldilmiş hədəflərdir.
Tədbirdə hər iki dövlət başçıları arasındakı fikir mübadiləsi həm də onu göstərdi ki, Birləşmiş Ərəb Əmirliyi qabaqcıl inkişafı və potensiyalı ilə Azərbaycan üçün bu məqsədlərə gedən yolda ən yaxşı tərəfdaş rolunu oynaya bilər.
Elnur Ənvəroğlu