Rusiyada 1 dollar 85 rubl, 1 avro isə 90 rubla qədər bahalaşıb.
İşğal zamanı müəyyən mexanizm və sərt qaydalarla, dolların kursunu süni olaraq 55 rubl səviyyəsində saxlasalar da, iqtisadiyyat belə zor tətbiqi ilə relsində sabit dayana bilməz. Türkiyədə isə 1 dollar 20 lirəyə çatıb.
Qonşu dövlətlərdə valyutalarının dollar qarşısında gücdən düşməsi Azəbaycana və milli valyuta olan manata hansı təsirləri olacaqmı?
Məsələ ilə bağlı Ednews-a danışan iqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, qonşu dövlətlərdə valyutanın düşməsinin müsbət və mənfi tərəfləri var:
“Azərbaycanda manatın məzənnəsi inzibati qaydada tənzimlənir. Nə dünya birjalarında başverənlərin, nə rublun, nə də türk lirəsinin dəyərdən düşməsi manatın məzənəsinə birbaşa təsir göstərmir. Manatın inzibati qaydada tənzimlənməsi və daha çox neft qiymətlərindən asılı bir valyutadır. Obraz olaraq desək manat kağız neftdir. Ancaq başqa məsələlərdə təsirləri olacaq. Müsbət və mənfi tərəfləri də ola bilər. Lirə və rublun ucuzlaşması Türkiyə və Rusiyadan gətirilən mallarda ucuzlaşma olması deməkdir. Biz dollarla alırıq və bizdə dolların məzənnəsi dəyişmir. Dollar məzənnəsinin dəyişmədiyinə görə türk və rus malları ucuzlaşmalıdır. Mənfi tərəfi isə əgər Azərbaycanda istehsalın yaradılması ilə bağlı bir fikir varsa lirə və rublun ucuz olması maneçilik törədə bilər. Qonşu ölkələrin valyutaları ucuz olanda idxal istehsaldan daha səmərəli olur”.
Əbülfət Baxşəli