"Rusiya rublu dəyər itirməkdədir. Son 2 ayda rubl dollara nisbətən 14.0 faiz ucuzlaşıb. Sanksiyalar rublu sıxmaqdadır. Bu baxımdan, Rusiya iqtisadiyyatı ilə bağlı pozitiv olmayan proqnozlar da valyuta bazarına təsirsiz ötüşmür. "
Ednews xəbər verir ki, bu sözləri iqtisadçı-deputat Vüqar Bayramov sosial şəbəkə hesabında qeyd edib.
İqtisadçının sözlərinə görə, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Rusiya Azərbaycanın ən böyük idxalçı tərəfdaşı və qeyri-neft ixracatında əsas partnyordur.
" Rusiya pulunun manata nisbətən dəyər itirməsi Azərbaycanın ixrac edilən qeyri-neft məhsulların rubl ifadəsində bahalaşmasına səbəb olur. Bu isə qeyri-neft ixrac imkanları baxımından arzuolunan deyil. Rusiya daxil olmaqla, qonşu ölkələrin valyuta bazarlarında baş verənlərin manatın məzənnəsinə təsirlərinə gəldikdə isə, hazırda valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Amma Azərbaycanda hələ ki, məzənnə rejiminə keçirilməyib. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olaraq qalmaqdadır".
Aynurə İsmayıl