Azərbaycan demək olar ki, MDB ölkələri arasında ən yüksək faizlə kredit təklif edən ölkələrdən biridir. Dünyanın inkişaf edən ölkələrilə müqayisədə isə vəziyyət heç də ürəkaçan deyil. Ölkədə demək olar ki, aşağı fazilə kredit təklif edən banklar mövcud deyil.
Hər dəfə bu problem qaldırılanda qarşılıqlı günahlandırma prosesi başlayır və bir müddət sonra məsələ həllini tapmamış gündəmdən çıxır. Məsələn, kredit götürənlər, o cümlədən sahibkarlar daim faiz dərəcələrinin yüksək olmasından şikayətlənirlər.
İqtisadçı-ekspert Natiq Cəfərli bu sual ətrafında Ednews-a danışıb. Mütəxəssis kredit faizlərinin yüksək olmasının bir neçə səbəbini açıqlayıb.
“Mərkəzi Bank son 1 ildə daim uçot dərəcəsini artırır. Bunu inflasiya ilə mübarizə çərçivəsində etdiyini söyləyir. İstər-istəməz bu həm də kredit fazilərinin yüksəlməsinə səbəb olan əsas addımlardan birinə çevrilir”.
İqtisadçı həmçinin onu da qeyd etdi ki, ölkəmizdə xarici bankların birbaşa iştirakı çox azdır, demək olar ki, yox səviyyəsindədir. Onun fikrincə, bu hal da rəqabət mühitinə mənfi təsir göstərir.
“Çox nüfuzlu güclü beynəlxalq banklar şəbəkələri Azərbaycanda da fəaliyyət göstərsələr daxili rəqabətə müsbət təsir göstərər. Banklarda ucuz kredit verməyə başlayar. Ən azından onlarla rəqabətə davam gətirə bilsinlər. Ona görə də bir neçə belə səbəblər var ki, bu səbəblər Azərbaycan da uzun illər bu problemin həllində irəliləyişə nail olmağa imkan vermir”.
Ekspert vurğuladı ki, Bank faizlərinin yüksək olması isə ümumiyyətlə, kredit götürüb bizneslə məşğul olmağı mənasız edir.
“İnsan hansı sahədə bizneslə məşğul olub nə qədər qazanmalıdır ki, ildə 20 faiz bank krediti versin, işçilərin maaşını versin, kommunal ödənişlər etsin, digər xərcləri həyata keçsin, paralel olaraq özü də qazansın. Ona görə də bank faizlərinin yüksək olması iqtisadiyyatın inkişafını əngəlləyən faktora çevrilib”.
Qeyd edək ki, Azərbaycanda manatla istehlak krediti verən bankların faiz dərəcələri 11.7%-29% aralığında müəyyən edilib.
Aynurə İsmayıl