Bu gündən etibarən Rusiyanın ən böyük banklarının əksəriyyəti bankomatlardan dollar və avro qəbulunu dayandırıblar.
Bu barədə Rusiya KİV məlumat yayıb.
Ölkənin 13 iri banklarından 11-nin bankomatlarında xarici valyuta yatırmaq olmur. Bu əsasən Rusiyada çalışan insanlar üçün çətinlik yaradacaq. Belə ki, qazanclarını Rus rublu ilə alan işçi qüvvəsinin əksəriyəti pulu xarici valyutaya (ABŞ dolları, Avro) çevirərək, yaşadıqları vilayətlərə yollayırlar. Rus rublunun məzənnəsinin ucuz olmasını nəzərə alsaq bu maliyə əməliyyatının daha çox itkiyə səbəb olduğunun şahidi olarıq.
Bəs, bu vəziyyət Rusiyada yaşayan azərbaycanlılara necə təsir göstərəcək?
Məsələ ilə bağlı Ednews-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, bu Rusiyada yaşayan azərbaycanlılar üçün elə də böyük problem yaratmayacaq.
“Çünki bu illər ərzində Rusiyada yaşayan azərbaycanlılar xarici valyutanı ölkəyə yollamağın başqa yollarını da öyrəniblər. Təki onların orada qazancları olsun. Çünki Rusiyada müharibə və sanksiyalara görə iqtisadi vəziyyət pisləşir. Rus rublunun məzənnəsi həddindən artıq ucuzlaşıb. Bizim soydaşlarımızın da qazancı rublla həyata keçir. Onlar sonradan rublu alıb, avro və dollar çevirib, öz ailələrinə göndərirlər. Bununla bağlı da problemlər yaşanır. Çünki pul inflyasiyaya uğradıqca gəlirlərin həcmi ilə bağlı problemlər yaranır”.
Sonda ekspert qeyd edib ki, ölkədəki vəziyyətin gərginləşməsi soydaşlarımızın qazanclarının kəskin azalmasına səbəb olub.
“Bu da özü elə ciddi şəkildə problem yarada biləcək faktordur”.
Aynurə İsmayıl