Azərbaycan hökuməti Yaponiyanı hədəf ixrac bazarı kimi seçib.
Ednews xəbər verir ki, bunu Bakıda keçirilən Osaka-Azərbaycan Turizm Forumunda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müşaviri Tural Hacılı bildirib.
"İqtisadiyyat Nazirliyi, AZPROMO ixrac bazarlarımızın şaxələndirilməsi istiqamətində yeni hədəf bazarları müəyyən edib. Yaponiya da bu bazarlar arasındadır. Bir bir neçə ildir ki, bu istiqmamətdə fəaliyyətə başlamışıq. Ötən il bu məqsədlə Yaponiyaya səfər etdik, bir sıra görüşlər keçirdik. Səfərin nəticəsi olaraq ixracatçılarımız üçün Yaponiya bazarına daxil olmaq üçün həm bələdçi hazırlayıb paylaşmışıq, həm də növbəti addımlarımızı müəyyən etmişik. 2024-cü ildə Yaponiyada keçiriləcək “Foodex Japan 2024” sərgisinə Azərbaycan şirkətləri ilə qatılmağı, milli stend qurmağı düşünürük. Bir neçə gündən sonra müraciətlərin qəbuluna başlayacağıq”, - deyə o qeyd edib.
AZPROMO rəsmisi əlavə edib ki, təmsil etdiyi qurum Yaponiyadan investorların cəlbində də maraqlıdır: “Azərbaycanın Qədim İpək Yolunun, Şərq-Qərb dəhlizinin üzərində yerləşməsi, qonşu ölkələrlə sərbəst ticarət sazişinin olması onu xarici investorlar üçün maraqlı edir. Biz də həmin investorların cəlbi üçün əlimizdən gələni etməyə hazırıq. Yaponiyanın bir çox sahələrdə qabaqcıl təcrübəsi var və bizi vadar edir ki, bir yerdə işləyək”.