Azərbaycanın avropalı ekspertlərlə son uğurlu təcrübəsini və bu sahədə əməkdaşlığı genişləndirmək üçün qarşılıqlı niyyəti nəzərə alaraq, Serbiyanın şəhərsalma və memarlıq şirkətləri ilə potensial əməkdaşlıq imkanları araşdırılır.
Ednews xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İşğaldan azad olunmuş ərazilərdə layihələrin idarə edilməsi şöbəsinin müdiri Ramil Cahangirov Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən 8-ci iclasında bildirib.
“Serbiyanın tikinti şirkətləri ilə azad edilmiş ərazilərdə tikintiyə cavabdeh olan müvafiq orqanlar arasında danışıqları dəstəkləməyə və bununla bağlı lazımi köməklik göstərməyə hazırıq. Bütün bu aspektlər üzrə daha detallı müzakirələri gözləyirik. İki ölkə arasında şəhərsalma sahəsində institusional əməkdaşlığın ciddi inkişaf potensialına malik olduğuna inanırıq”, – deyə o vurğulayıb.
Şöbə müdiri qeyd edib ki, hazırda Qarabağ və Şərqi Zəngəzur rayonlarında Dövlət Proqramına uyğun olaraq bərpa və quruculuq işləri davam etdirilir: “İndiyədək 70-dən çox kəndin, o cümlədən 8 şəhərin Baş Planının hazırlanması başa çatdırılıb. Burada əsas məsələlərdən biri geniş təcrübəyə malik etibarlı beynəlxalq tərəfdaşların cəlb edilməsidir. Şəhər və kəndlərin bərpası qabaqcıl şəhərsalma yanaşmaları və müasir memarlıq baxışı tətbiq edilməklə həyata keçirilir”.
Son iki ildə Azərbaycan BMT-nin Məskunlaşma Proqramı tərəfindən dəstəklənən və 50-dən çox ölkədən nümayəndənin iştirak etdiyi Milli Şəhərsalma Forumu tədbirlərini keçirdiyini qeyd edən R. Cahangirov bu tədbirlərdə serbiyalı qonaqların da iştirakından məmnunluq ifadə edib.
Komitə rəsmisi, həmçinin 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhər Forumunun 13-cü sessiyasında serbiyalı həmkarların fəal iştirakına ümid etdiklərini ifadə edib.