Bu gün Azərbaycanın milli valyutası - manatın dövriyyəyə buraxılmasından 32 il keçir.
Ednews-un məlumatına görə, ötən əsrin sonunda müstəqillik əldə edən Azərbaycanda milli pul vahidinin yaradılmasının əsası o vaxtkı prezident Əbülfəz Elçibəyin 15 iyul 1992-ci il tarixli “Milli valyutanın dövriyyəyə buraxılması haqqında” fərmanı ilə qoyulub.
1992-ci il avqustun 15-də 1, 10 və 250 manatlıq əskinaslar, noyabrında 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrında 5 manatlıq əskinaslar, 1993-cü ilin martında isə 50, 100, 500 və 1 000 manatlıq əskinaslar dövriyyəyə buraxılıb. Azərbaycanın ilk pulları Fransa Mərkəzi Bankında hazırlanıb.1992-ci ilin avqustundan 1994-cü ilin yanvarına qədər Azərbaycan ərazisində 1 manat 10 rubla bərabər olub, yəni hər iki valyutadan istifadə edilib. Prezident Heydər Əliyevin 11 dekabr 1993-cü il tarixli “Milli valyutanın respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında” fərmanından sonra Azərbaycan rubl zonasından çıxıb. Bununla da Milli Bank müstəqil pul və məzənnə siyasəti həyata keçirməyə başlayıb.
Bununla belə, o vaxtı çətin iqtisadi şərait çərçivəsində milli valyutanın məzənnəsini sabit saxlamaq mümkün deyildi. Manat digər xarici valyutalara nisbətdə sürətlə ucuzlaşırdı. Əgər 1994-cü ilin əvvəlində Azərbaycanda 1 ABŞ dolları 118 manata bərabər idisə, bir il sonra bu nisbət 4 182 manata qalxıb. Bu isə dövriyyəyə daha böyük nominallı əskinasların buraxılması hesabına baş verirdi. Belə ki, Milli Bank tərəfindən ölkədə nağd pul dövriyyəsinin nizamlanması, nağd pula olan tələbatın optimallaşdırılması məqsədilə 1994-cü ildə Almaniyanın “Giesecke & Devrient” şirkətinin dəstəyi ilə 10 000 manatlıq, 1996-cı ildə isə İngiltərənin “De La Rue” şirkətinin dəstəyi ilə 50 000 manatlıq əskinaslar çap edilərək dövriyyəyə buraxılıb. Sonuncu həm də 2001-ci ildə 1 000 manatlıq əskinasın yeni dizaynda hazırlanmasını həyata keçirib.