Son illər avto-icbari sığorta sahəsində bəzi sürücülərin yüksək sığorta haqqından yayınmaq üçün müxtəlif yollara əl atdığı müşahidə olunur.
Xüsusilə qəza törətmiş sürücülərin növbəti il daha artıq məbləğ ödəməmək məqsədilə avtomobili etibarnamə əsasında başqa şəxsin adına sığortalatması bu sahədə diqqət çəkən hallardan biridir.
Mövzu ilə bağlı EDnews-a danışan nəqliyyat eksperti Ərşad Hüseynov qeyd edib ki, Mərkəzi Bankın avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqlarının hesablanması qaydaları ilə bağlı qərarı var. Həmin qaydalar hələ 2023-cü ilin dekabr ayında dəyişdirilib və bu dəyişikliklər yaxın günlərdə tətbiq olunacaq. Dəyişikliklər əsasən iki vacib məsələni əhatə edir:

"Birinci məsələ bonus-malus (BM) sistemi ilə bağlıdır. Əvvəllər nəqliyyat vasitəsinin sahibi sığorta müqaviləsi üzrə sığorta hadisəsi törətdikdə və həmin hadisədə təqsirli hesab olunduqda, sığorta şirkəti tərəfindən ödəniş edildiyi halda ona malus hesablanırdı. Nəticədə növbəti il və ya növbəti müqavilə bağlanarkən həmin şəxs daha yüksək sığorta haqqı ödəməli olurdu. Əksinə, il ərzində sığorta hadisəsi baş vermədikdə növbəti il üçün sığorta haqqı müəyyən qədər- təxminən 5 faiz azalırdı. Lakin bu sistem bir qədər mürəkkəb idi. Yeni dəyişikliklərdən biri də ondan ibarətdir ki, artıq sığorta tarixçəsi əmsalı tətbiq ediləcək. Bu sistem daha sadə hesab olunur".
Ekspertin sözlərinə görə, digər əsas məsələ, hesablanma mexanizmi ilə bağlıdır:
"Yeni qaydalara əsasən, nəqliyyat vasitəsinin sahibinin bağladığı sığorta müqaviləsi üzrə sığorta hadisəsi baş verdikdə sığorta haqqı 30 faiz artacaq. Hər növbəti hadisəyə görə bu artım yenidən 30 faiz olacaq. Lakin qaydalarda qeyd olunub ki, ümumi artım 300 faizdən çox ola bilməz. Yəni sığorta haqqı hadisələrin sayından asılı olaraq müəyyən həddə qədər arta bilər, lakin bu həddi keçə bilməz. Yeni qaydalara görə, əgər nəqliyyat vasitəsindən bir neçə şəxs istifadə edirsə, yeni sığorta müqaviləsi bağlanarkən onların içərisində sığorta tarixçəsi ən pis olan şəxsin göstəriciləri əsas götürüləcək. Yəni avtomobildən istifadə edənlər arasında risk göstəricisi daha yüksək olan şəxs varsa, sığorta haqqı da onun tarixçəsinə uyğun hesablanacaq".
Ekspert onu da əlavə edib ki, avtomobildən iki və ya üç şəxs istifadə edirsə və müqaviləni sığorta tarixçəsi yaxşı olan şəxs bağlasa belə, sığorta haqqı tarixçəsi daha pis olan istifadəçiyə görə müəyyən ediləcək:
"Bu mexanizmin düzgün işləməsi üçün dövlət qurumları, sığorta sistemi və müvafiq məlumat bazaları arasında inteqrasiya təmin olunmalıdır. Məlumat mübadiləsi düzgün aparılmalıdır ki, gələcəkdə əlavə suallar və problemlər yaranmasın. İcbari sığorta sahəsində hələ də həllini gözləyən bir sıra məsələlər var. Məsələn, 2011-ci ildən bu yana sığorta təminatının yuxarı həddi dəyişməyib. Həmin vaxt müəyyən edilən limitlər bu gün də qüvvədədir. Məsələn, maddi zərərə görə bir hadisə üzrə nəzərdə tutulan sığorta təminatının məbləği uzun illərdir yenilənmir. Halbuki bu müddət ərzində ciddi inflyasiya baş verib, qiymətlər artıb, avtomobillərin, ehtiyat hissələrinin və təmir xərclərinin dəyəri xeyli yüksəlib. Buna görə də bu məsələlərə yenidən baxılmasına ehtiyac var".
Aytac Kərimova | EDnews






.jpg)
