Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2010-2020-ci illər ərzində Azərbaycanda Qeyri-infeksion xəstəliklər (QİX), o cümlədən ürək-damar və xərçəng xəstəlikləri ilə bağlı ölüm hallarının 15 faizədək artması gözlənilir.
Bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti şöbəsinin müdiri Nabil Seyidov Tütünlə Mübarizə üzrə IV Milli Konfransda çıxışı zamanı deyib.
O bildirib ki, rəsmi statistikaya əsasən, ölkədə insan ölümünün əsas səbəbləri sırasında ilk yeri ürək-damar, ikinci yeri isə onkoloji xəstəliklər tutur: "2008-ci ildə aparılmış təhlillərə əsasən, Azərbaycanda bütün ölümlərin 87 faizi QİX-in payına düşür. Statistikanın təhlili göstərir ki, ürək-damar xəstəliklərindən ölənlərin sayı 51 faiz, xərçəng xəstəliyindən ölənlərin sayı isə 11 faizdir".