Bu gün kifayət qədər peyvəndsiz uşaqlar var. Səbəb isə valideynlərin könüllü olaraq peyvənddən imtina etməsidir. Bunun "faydasını" indi görürük.
Eurasia Diary xəbər verir ki, bu sözləri pediatr Vaqif Qarayev son günlər ölkədə qızılca xəstəliyinin kəskin yayılması barədə danışarkən bildirib.
Pediatrın sözlərinə görə, mart-aprel aylarında 18 yaşdan yuxarı əhali qrupunu peyvəndləməyi planlaşdırılmasına səbəb bu yaş kontingentinin vaxtında peyvənd olunmamasıdır:
"Rəsmilər qızılcanın ölkəmizə gəlməsində Avropa ölkələrini, Gürcüstanı günahlandırır. Mart-aprel aylarında 18 yaşdan yuxarı əhali qrupunun peyvəndlənməsi məntiqlə bu yaş kontingentinin zamanında peyvənd olunmamasıdır. Dünyanın hər yerində tur vaksinasiya ya epidemiya vaxtı, ya da epidemiya təhlükəsi yarananda aparılır.
Hər hansı bir xəstəliyə görə əhalini təşvişə salmaq olmaz. Amma həqiqəti də demək lazımdı. Bizdə peyvənd məsələsi rəsmilərin dediyi kimi deyil. Kifayət qədər peyvəndsiz uşaqlar var. Səbəb isə valideynlərin peyvənddən imtina etməsidir. Bunun "faydasını" da indi, qızılca xəstəliyi yayılan zaman görürük".
V.Qarayevin sözlərinə görə, dəfələrlə deyilib və deyilir ki, peyvənd məsələsini mətbuat daim diqqətdə saxlamalıdır:
"TV-lərdə mütəmadi sosial çarxlar verilməlidi. ancaq etmirlər. Bizdə antivaksinator ordusu var. Əksəriyyət mahiyyəti anlamadan bu kampaniyaya qoşulub".
Xatırladaq ki, son bir ay ərzində uşaqlar çoxluq təşkil etməklə əhalinin hər yaş qrupu arasında qızılca xəstəliyi yayılıb.