Yeni doğulan körpələrin müalicəvi masaj olunması daim mübahisə doğurub. Hətta mütəxəssislər də bu məsələdə fərqli fikirlər səsləndirirlər. Bəziləri masajın vacibliyini vurğulasa da, bir çoxu buna ehtiyac olmadığını deyir. Bu da xüsusilə gənc anaların çaşqınlığına səbəb olur.
Mövzu ilə bağlı Axar.az-a danışan pediatr Altay Abdullaoğlu bildirib ki, heç də hər körpənin müalicəvi masaj edilməsi vacib deyil. Pediatr bildirib ki, sağlam uşağın müalicəvi masaja ehtiyacı yoxdur:
“Xüsusi qrup xəstələr var ki, bəli, onlar müalicəvi tibbi masajlar almalıdırlar. Müxtəlif nevroloji, əzələ problemləri olan uşaqlar bu qrupa aiddirlər. Ancaq “hər bir uşaq müalicəvi masaj almalıdır”, fikiri düzgün deyil. Yəni sağlam uşağın müalicəvi masaja ehtiyacı yoxdur”.
A.Abdullaoğlu bildirib ki, ancaq ev şəraitində analar yüngül hərəkətlərlə sanki körpəni sığallayırmış kimi masaj edə bilərlər:
“Belə incə edilən hərəkətlər körpəni həm sakitləşdir, həm də hərəkətlərinə müsbət təsir edir”.