Havaların kəskin dəyişməsi əhali arasında qrip xəstəliyinin yayılmasına səbəb olub.
Bakı şəhəri üzrə son bir həftə ərzində ağır dərəcəli qızdırma və qrip diaqnozu ilə edilən müraciətlərin sayı 2367-ə çatıb və 140 nəfər xəstəxanaya yerləşdirilib. Bu barədə Eurasia Diary-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Oxuyuculardan bizə gələn məlumata görə, təcili tibbi yardım tərəfindən yaşlılarda və uşaqlarda təzyiqin kəskin düşməsi halları zamanı qrip diaqnozu qoyulub.
Qrip ilə soyuqdəymə xəstəlikləri eyni simptomlara malik olsa da onları ayırmaq çətin olur. Soyuqdəymə pnevmaniya və bakterial infeksiyalara gətirib çıxarmır. Lakin qrip ciddi fəsadlar aça bilər.
Soyuqdəymə zamanı simptomlar birbaşa özünü göstərməsə də, qrip zamanı qəfildən büruzə verir.
Qızdırma, başağrısı, zəiflik, öskürək, burun axması və s. simptomlar ümumi şəkildə hər iki xəstəlik zamanı baş verir. Lakin qrip sadalanan xüsusiyyətlərin kəskin forması ilə seçilir.
Asqırıq, burun axması və boğaz ağrısı kimi simptomlar, qripə nisbətən soyuqdəymədə daha çox rast gəlinir.
Qripi olan insanlarda çox hallarda hərarətin qalxması baş verdiyi halda soyuqdəymə olan insanlarda bu nadir hallarda olur.
Qrip tez-tez bədən ağrılarına və baş ağrısına səbəb olur, bu ağır şəkildə də ola bilər. Soyuqdəymə zamanı ağrı adətən yumşaq formada özünü göstərir.
Əgər bu əlamətləri ağır şəkildə özünüzdə müşayət edirsinizsə, təcili tibbi yardıma və ya həkimə müraciət edin. Havaların kəskin dəyişdiyi bu ayda ehtiyatlı olun.
Ülvi Əhmədli