Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) "deksametazon" preparatının COVID-19-un müalicəsində istifadəsi ilə bağlı verdiyi xəbərlərə aydınlıq gətirib.
Tibb elmləri doktoru Modern.az-a açıqlamasında bildirib ki, sözügedən elmi tədqiqat hələ elmi ədəbiyyatda dərc edilməyib və bugünə verilən məlumatlar sadəcə mətbuat vasitəsi ilə verdikləri informasiyalara əsaslanır:
"Bu tədqiqatın nəticələri son günlər geniş müzakirə olunur və deyilən şəkildə dərc olunarsa təbii ki, bu bir elmi uğurdur. Amma xüsusi olaraq vurğulamaq istəyirəm ki, "artıq deksametazon virusun tam müalicə üsuludur" deyərək bu məsələni çox da böyütmək və insanların hissləri ilə oynamaq lazım deyil. Bu tədqiqat o demək deyil ki, hər COVID-19 virusuna yoluxmuş şəxs bu preparatı apteklərdən əldə edib müalicəsində istifadə edə bilər. Bu dərman yalnız həkim təyinatı ilə və həkim nəzarəti altında qəbul edilməlidir. Preparatın təsirinin müsbət effekti isə tədqiqatda yalnız ağır tənəffüs çatışmazlığı olan xəstələrdə müəyyən edilib ki, bu da əslində praktiki təcrübələrdə digər avropa və asiya ölkələrində öncədən istifadə olunurdu".
Hər kəsi yeni fikir yürüdərkən elmi tədqiqatlara söykənməyə və qeyri tibb profilli xalq nümayəndələrini doğru maarifləndirməyə çağıran alim Azərbaycanda da koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə atılan addımlardan biri olaraq, cəmiyyəti maarifləndirməyə kifayət qədər zaman ayrılmasının vacibliyini vurğulayıb.