Azərbaycanda sperma bankı yaradılmalıdırmı? - Övlad sahibi olmaq istəyənlər və mental dəyərlər... ETİRAZ - ednews.net

23 May, Bazar ertəsi

(+994 50) 229-39-11

Azərbaycanda sperma bankı yaradılmalıdırmı? - Övlad sahibi olmaq istəyənlər və mental dəyərlər... ETİRAZ

Səhiyyə A- A A+
1964-cü ildə ABŞ və Yaponiyada dünyada ilk dəfə olaraq sperma bankları yaradıldı. Bunun nəticəsində isə 40 il ərzində 1 milyondan çox körpə doğuldu. Bununla da dünya tibb elmində sonsuzluğa qarşı yeni, yayqın bir mübarizə yolu fəaliyyətə başladı. Nəzərə çatdıraq ki, tibb mütəxəssisləri sperma bankının yaradılmasının təkcə sonsuzluqla mübarizəyə deyil, tənha yaşayan qadınlara da övlad sevinci bəxş edən yollardan biri olduğuna əmindirlər. 
 
Hazırda bu təcrübənin Azərbaycanda da tətbiq edilməsinə dair müzakirələr aparılır. Hətta artıq Mərkəzi Klinikada sperma ehtiyatı formalaşdırılmağa başlayıb.
 
Lakin sperma bankının yaradılması ilə bağlı cəmiyyətdə ciddi fikir ayrılığı var. Bu proses sadə deyil və kifayət qədər ciddi tibbi, sosioloji və psixoloji məqamları var. 
 
Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudov deyir ki, sperma bankının yaranması gələcəkdə çox qorxulu tendensiyalara və xəstəliklərə gətirib çıxara bilər. 
 
“Bu islam dininə ziddir. Sperma bankı yaransa qardaş bacı ilə evlənə bilər. Bu bankın yaranması bizə lazım deyil. Allah vermirsə zorla uşaq dünyaya gətirmək istəyirlər? Əvvəllər Hollandiyadan gəlirdi sperma və indi bu yolla doğulan uşaqlar hollanddır. Ayıbdır, belə şey olmaz”. 
 
Psixoloq Fərqanə Mehmanqızı hesab edir ki, sperma bankının yardılması, cəmiyyətimizdə onsuz da problemlərin olduğu ailə institutunun dağılmasının təməlini qoya bilər.
 
“Azərbaycan ailəsində ata, ana çox önəmli varlıqlardır. Bu varlığın yoxluğu ilə yaradılış indi də olmasa 30-40 il sonra yeni bir problem dalğası gətirə bilər. Ümumiyyətlə, bizim cəmiyyət yeniliyi çətin qəbul edir. Sperma bankı bir yenilikdir və bunu fərdlər psixologiyasına uyğun olaraq fərqli qəbul edəcək. Amma sonsuzluqdan əziyyət çəkən insanların psixologiyasını da anlamaq lazımdır. Bildiyim qədər gələcəkdə qəyyum ailələrin yaranması daha rahat olacaq”.   
 
Tibb elmləri doktoru, professor Adil Qeybulla digər müsahiblərdən fərqli olaraq, əksinə sperma bankının yaradılmasına çox müsbət baxır.
 
“Çünki vətəndaşlarımız bunun üçün İranda və ya başqa ölkələrdə süni mayalanma etdirirdilər. Məgər onlar bilirdilər ki, kimnən süni mayalanma olublar? Bu gün Bakı şəhərində yoxlama aparsaq xeyli problemlər ortaya çıxar. Ona görə də hesab edirəm ki, sperma bankı dövlətin ciddi bir strukturu kimi əksinə, bu məsələlərin normal qaydada hüquqi müstəvidə həlli üçün, genefondu qorumaq və etnosa nəzarət üçün çox mühüm bir struktur olardı”.
 
Həkim ekspert hesab edir ki, ailədə cütlüyün birində, ələlxüsus qadında problem olanda spermanın müəyyən dövr üçün saxlanması yaxşı olardı. Hər bir sperma saxlanıldıqda öz kodu və dosyesi olur. Yəni sənəddə toxumların kimə məxsus olması, genetik xəstəlikləri də daxil olmaqla bütün keçirdiyi xəstəliklərinə qədər hər bir xırda detal əks olunur. Bu məlumatlara təkcə donor bankı deyil, hər bir spermanın aid olduğu şəxsin boyu, göz rəngi və s. də daxildir. 
 
A. Qeybulla qeyd edib ki, insanlar sperma bankını düzgün təsnif etmir.
 
“Deyirlər ki, guya bacı və qardaş insesti (cütləşmə) ola bilər və bundan dolayı müxtəlif problemlər yaşana bilər. Bu proses nə qədər təşkilatsız olmalıdır ki, bu hadisə baş versin. Bütün hüquqi məsələlər qanunla tənzimlənməlidir. Bacı-qardaş yaxud yaxın qohumun spermasının qarışması mümkün olan bir şey deyil. Əgər bunu təşkil edərkən qaydalara düzgün şəkildə riayət olunarsa, bu, işin xeyrinə olan bir prosesdir. Çünki sperma bankının olması vətəndaşların hesabına və yaxud da icbari tibbi sığortanın hesabına maliyyələşəcək. Bunun özü də bir sual doğurur. Yəni bu məsələ də əvvəlcə həllini tapmalıdır”.
 
Qeyd edək ki, sperma irsi xəstəlikləri olmayan, qan, yoluxucu xəstəliklər keçirməyən sağlam kişilərdən götürülür.
 
Gülnar Səlimova

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...