Böyük Britaniya hökuməti yollarda qismən sürücüsüz idarə edilən yük maşını karvanını sınaqdan keçirəcəyini açıqlayıb. Sınaq zamanı 3 yük maşınından ibarət olan karvandan istifadə ediləcək. Qabaqda gedən yük maşınında sürücü oturacaq. Arxadan gələn yük maşınlarının pedalları onun nə edəcəyini təqlid edəcək. Digər yük maşınında oturan sürücülər isə yalnız sükanı idarə edəcəklər.
Bunlar ilk olaraq test yollarında yoxlanacaq, 2018-ci ilin sonundan etibarən isə əsas yollarda sınaqdan keçiriləcək. Britaniya hökuməti 2014-cü ildən etibarən sürücüsüz yük maşını testlərinin başlamasına söz vermişdi. Hökumət ötən il buna bənzər bir açıqlama vermiş, lakin heç bir şirkət testlərdə iştirak etmək istəmədiyi üçün layihəni ləğv etmək məcburiyyətində qalmışdı.