O bildirib ki, orfoqrafiya lüğətinin saytı - orfoqrafiya.az artıq xidmətə başlayıb və vətəndaşlar bu saytdan istifadə edə bilir:
“Onlayn orfoqrafiya lüğətində Azərbaycan dili hissəsi artıq yekunlaşıb. Yəni, Azərbaycan dilindəki sözlərin sistemdə düzgün yazılışı və səsləndirilməsi artıq təmin edilib. İstifadəçilər bu xidmətdən heç bir problem ilə qarşılaşmadan istifadə edə bilir”.
Rafiq İsmayılov bildirib ki, hazırda ingilis və rus dilllərində olan sözlərin sistemə daxil edilməsi üzərində işləyirlər.
Onun sözlərinə görə, saytda sözlərin izah bölməsində də hələ işlər davam edir:
“Elə sözlər var ki, onun tələffüzü ilə başqa sözün yazılışı yaxındır və ya üst-üstə düşür. Məsələn, əsl-əsil, sürət-surət. Belə sözlər izahı ilə təqdim ediləcək. İstifadəçilər asanlıqla mürəkkəb sözlərin bitişik, yoxsa defislə, mürəkkəb adlarda sözlərin böyük, yoxsa kiçik hərflə yazıldığını müəyyənləşdirəcəklər. Sözlərin izahı ilə bağlı bazaya əlavələr edilir”.
Naşir qeyd edib ki, layihə ilə bağlı bütün işlər yaxın 2 ay ərzində yekunlaşacaq.