Bakı Dövlət Universitetində Yel çərşənbəsinə həsr olunmuş tədbir keçirilib.
BDU-nun rektoru Elçin Babayev bayram münasibətilə kollektivi təbrik edib, hər kəsə sağlamlıq, firavan həyat arzulayıb.
Universitetdən AzEdu.az-a bildirilib ki, müqəddəs dəyərlərimizin təşəkkülünə töhfələr verən, milli ənənə və dəyərləri qoruyub saxlayan Novruzun tarixi və mahiyyətindən danışan Elçin Babayev bu bayramın ümidin, təbiətin yeniləşməsinin, eləcə də dostluğun, sülh və əməkdaşlığın təzahürü olduğunu diqqətə çatdırıb.
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin, professor-müəllim heyəti və tələbələrin iştirak etdikləri tədbirdə xarici ölkələrin milli adət-ənənələri ilə bağlı səhnəciklər göstərilib. Tələbələr ədəbi nümunələr səsləndirib və musiqilər ifa ediblər.
Tədbirdə türk xalqlarının milli adət-ənənələri və Novruz rəmzləri ilə bəzədilmiş bayram süfrələri açılıb.