Haşim Həzrət Mühəmməd Peyğəmbərin (s) atasının babasıdır. Qüreyş soyundan idi. Əsl adı Əmr ibn Əbdi-mənafdır, Haşim (camaata xörək ehsan edən adam) onun ləqəbidir. Haşimin 4 oğlu vardı. Oğullarından biri İslam Peyğəmbərinin babası Əbdülmüttəlibdir. Digər oğlu Əsəd İmam Əlinin (ə) ana babasıdır.
Eurasia Diary islam.az-a istinadən bildirir ki, Haşimin nəslindən olanlara "haşimilər" və ya "Bəni-Haşim" deyilir. Bəni-Haşim Qüreyş qəbiləsinin ən şərəfli qoludur. Hələ cahiliyyə dövründə Məkkəni ziyarət etməyə gələn ərəbləri şəhərdə yerləşdirib onlara yemək vermək (rifadə) və Zəmzəm quyusundan su paylamaq (siqayə) ixtiyarı Bəni-Haşimdə idi. "Seyyid" kəlməsi də haşimilərə aiddir. Haşimilər Həzrət Mühəmməd Peyğəmbərlə (s) qohumluqlarına görə İslam aləmində ən nüfuzlu təbəqə sayılırlar.
İordaniya krallarının nəsli haşimilərə gedib-çıxdığına görə, bu ölkəyə İordaniya Haşimilər Krallığı deyilir.