Öldüyü iddia edilən Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov 5 iyuldan sonra ilk dəfə görünüb.
Eurasia Diary xəbər verir ki, Berdiməhəmmədov bazar ertəsi Türkmənbaşı şəhərində I Xəzər İqtisadi Forumunun açılış mərasimində çıxış edib. Rusiya, Azərbaycan, İran və Qazaxıstan nümayəndələri qarşısında çıxış edən Türkmənistan rəhbərinin çıxışı canlı yayımlanıb.
Ötən ay Berdiməhəmmədova yaxınlığı ilə tanınan bəzi iş adamları Rusiya mediasında Türkmənistan liderinin öldüyünü iddia etmişdi.
62 yaşlı dövlət lideri bu yaxınlarda, 15 iyulda nəvələri ilə birgə kamera önünə çıxmış və kitab yazmaq üçün tətilə gedəcəyini açıqlamışdı. Ancaq bir çox insanlar videonun əvvəlcədən çəkildiyini iddia edib.
Qeyd edək ki, Azərbaycanın Baş Naziri Novruz Məmmədov da sözügedən forumda iştirak edib.