Çinin Quandun əyalətindəki (Cənubi Çin) Şençjen şəhərini "min park şəhəri"nə çevirmək vəzifəsi əvvəl nəzərdə tutulandan bir il tez yerinə yetirilib.
Eurasia Diary "Azərtac"a istinadən bildirir ki, Şençjen şəhər idarəetməsi və kompleks adablaşdırma məsələləri bürosunun 2019-cu ilin sentyabr ayına olan məlumatına görə, Şençjen şəhərində və eyniadlı xüsusi iqtisadi zonada ümumi sahəsi 39 min hektardan çox olan 1090 park yaradılıb.
Çində yeni bağlar və parklar salınması əhalinin həyatını yaxşılaşdırmağın mühüm istiqaməti hesab edilir. Şençjenin bu səviyyəyə çatdırılması əvvəlcə 2020-ci il üçün planlaşdırılmışdı.
Şəhərdə üçpilləli parklar sistemi yaradılması məsələsinin həllinə 2006-cı ildən başlanıb. Bu sistemə təbii, şəhər və rayon parkları daxil olmalı idi. Şəhər parkları və ya mərkəzi parklar Şençjenin "yaşıl özəyi"ni təşkil edir. Rayon parkları mikrorayonların ucqar zonalarında, təbii parklar isə adətən şəhər ətrafında yerləşir. Buraya dağ-meşə massivləri və sahilyanı parklar daxildir.