Bu il Bakı Ali Neft Məktəbinə (BANM) qəbul olmuş nigeriyalı tələbə Somtoçukvu Çidinmanın Azərbaycan dilində çıxışı maraqla qarşılanıb.
Eurasia Diary “qafqazinfo”ya istinadən xəbər verir ki, “Bilik Günü”ndə tədbir iştirakçılarını salamlayan Çidinma ölkəmizdə təhsil alacağı üçün çox sevindiyini qeyd edib:
“Azərbaycanda olmağıma fəxr edirəm. Bakını çox sevdim. Hər şeyə görə çox sağ olun”.
Qeyd edək ki, BMT-nin Təlim və Tədqiqat İnstitutu (UNITAR) tərəfindən həyata keçirilən “Nigeriyanın neft və qaz sənayesində kadr potensialının gücləndirilməsi” layihəsi çərçivəsində 7 nəfər nigeriyalı tələbə, o cümlədən, Somtoçukvu
Çidinma 2019-2023-cü illər ərzində Bakı Ali Neft Məktəbində bakalavr dərəcəsi üzrə təhsil alacaq. Tələbələr 4 il müddətində “Neft-qaz mühəndisliyi” ixtisasında nəzəri və praktiki biliklərə yiyələnəcək və sonda lazımi kreditləri toplayaraq BANM-in diplomunu əldə edəcəklər.
Onların BMT-nin ayırdığı təqaüdlər hesabına təhsil alması nəzərdə tutulur.