Koronavirus pandemiyası dövründə bir çoxları iş yerlərində, küçədə, ictimai nəqliyyatda rezin əlcəklərdən istifadə edirlər.
Mütəxəssislər bunu birmənalı qarşılamırlar.
EDNews.net e-tibb.az-a istinadən xəbər verir ki, nevroloq, uzman həkim Nailə Ələkbərova bildirib ki, əslində əlcəklər mikrobları daha çox saxlaya bilir: “Koronavirusa yoluxmamaq üçün bir çox iş yerlərində və küçələrdə insanların rezin əlcəklər geyindiyini görürəm. Bu əlcəklər mikrobları daha uzun müddət saxlayır.
Əgər əlinizdə yara, kəsik varsa, yəni dəri tamlığı pozulubsa, o zaman əlcək geyinməniz məsləhətdir. Amma bilin ki, əlcəkli əllərinizi üzə, saça toxundurmaq olmaz və icra etdiyiniz işdən sonra çıxarıb atmalısınız. Yəni əlcəkləri tez-tez dəyişməlisiniz.
Əlləriniz sağlamdırsa, infeksiyadan qorunmaq üçün ən doğrusu əllərinizi 40-60 saniyə müddətində sabunla yumağınızdır”.