“Azerbaijani Ladies Club” yarandığı gündən müxtəlif layihələr həyata keçirir. Həmin layihələrin sırasında müxtəlif mövzuları əhatə edən mütəmadi onlayn konfransları xüsusi qeyd etmək lazımdır. Bu onlayn konfranslardan biri İsveçdə yaşayan azərbaycanlı yazar xanım Eluca Atalının “Tiqranizm Xocalıda” kitabına həsr olunmuşdur. Həmin konfransda hal-hazırda dünyanın müxtəlif ölkələrində erməni təxribatlarının, erməni vandalizminin və erməni vəhşiliklərinin səbəbinin müzakirəsi də yer aldığı “Tiqranizm Xocalıda” kitabına istinadən tarixi məqamlar işturakçılara təqdim edildi.
“Azerbaijani Ladies Club” rəhbəri Kəmalə Ceylinova qeyd edir ki, həmin konfransa yazarlar, naşirlər, tarixçilər dəvət olunmuşdur. Uzun müzakirələrin sonunda informasiya müharibəsinin vacibliyi qeyd edilmişdir. Və konfrans iştirakçılarından Türkiyədə yaşayan soydaşımız Nihad Türkoğlu “Tiqranizm Xocalıda” kitabının 6 min nəşrinin təşkilatçılığı ilə məşğul olacağını bildirmişdir. Nəticə olaraq 3 min nüsxə ərəb dilinə, 3 min nüsxə ingilis dilinə tərcümə olunaraq nəşr ediləcəkdir. Bununla da Eluca Atalının “Tiqranizm Xocalıda” əsəri 6 min nüsxə ilə Avropanın bir sıra ölkələrinin, eləcə də BƏƏ və Oman Krallığının universitet və kitabxanalarına paylanacaqdır.
“Bu, bizim klubun uğurudur. Çünki məqsədimiz həmrəy olaraq, birlik göstərərək Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına cüzi də olsa qatqımızın olmasına çalışmaqdır. Biz birlikdə güclüyük” Kəmalə xanım sonda qeyd etmişdir.