İstədiklərimizə necə nail ola bilərik? - Əgər bunları etsəz "yox" cavabı almayacaqsız! - ARAŞDIRMA - ednews.net

4 Fevral, Şənbə

(+994 50) 229-39-11

İstədiklərimizə necə nail ola bilərik? - Əgər bunları etsəz "yox" cavabı almayacaqsız! - ARAŞDIRMA

Maraqlı A- A A+

İnandırma mexanizmi...

Demək olar ki, hamı həyatında mütəmadi olaraq kimisə nəyəsə inandırmağa çalışır. Bəzən biz müdirimizi razı salmağa çalışırıq, bəzən də əksinə rəhbərimiz bu hərəkəti nümayiş etdirir. 

Bəs niyə biz buna çalışırıq? İnandırma psixologiyası nədir? İnandırmaq sosiallaşmanın və birlikdə yaşamağın ən əsas vasitəsidir. Həyat yoldaşınız, sevgiliniz, dostunuz, uşaqlarınız və valideynlərinizlə keçirdiyiniz vaxtın çoxu bir-birinizi inandırmağa sərf olunur. İnandırmağa gəldikdə, bir çoxumuz satış texnikası haqqında düşünsək də, bu anlayış tamamilə fərqli və genişdir.

Ednews sizə sosial və iş həyatınızda çox faydalı olacaq inandırma üsulları haqqında araşdırmanı təqdim edir:

Əvvəlcə bu sualı özümüzə verməliyik. Mən inandırmağa çalışdığım mövzuya inanırammı? 

İnandırmanın iki növü var. Bunlardan birincisi inamla inandırmaq, ikincisi isə inamsız inandırmaqdır. 

İnanmadan inandırmaq…

Qeyri-etik inandırmadır. Burada məqsəd yalnız qarşı tərəfdən faydalanmaqdır.  Bu üsullardan daha çox satış işçiləri istifadə edirlər. Ümumiyyətlə, inandırmağa çalışdıqları mövzuda fayda əldə edəcək insanlar, razı olmasalar da, sizi razı salmağa çalışa bilərlər. 

Ancaq bu yazıda əsas fokus "inanaraq inandırma" üsuludur. Atalarımızın dediyi kimi, “İnanmaq uğurun yarısıdır”. Deyəcəyiniz mövzuya inanırsınızsa, inandırmaq şansınız daha güclüdür. 

İnandırma nədir?

İnandırmanın əsası qarşıdakı insanı istədiyiniz fikrə yönəltmək və bu düşüncəni əsas inanc və baxış sistemində normal vəziyyətə salmaqdır. Biz gündəlik həyatımızda dəfələrlə rastlaşdığımız bu hadisənin bəzən fərqində belə olmuruq. İnandırmaq mahiyyətcə çətin bir fəaliyyətdir, lakin düzgün üsullardan istifadə etsəniz daha asan olur.

İnandırma üsulları...

İnandırmanın əsası mövzuya olan inancınızdır. İnanırsınızsa, inandırmaq daha asandır. Hər şeydən əvvəl özünüzü mövzuya inandırmalı və bunun üçün kifayət qədər araşdırma aparmalısınız.

Qarşınızdakı insanı tanıyın...

İnsanın təcrübələrini, inanclarını və dəyərlərini anlamaq lazımdır. Bunlar qərarlara da təsir edir. Qarşımızdakı şəxsin şüurunda modelləşdirməni, hadisələr qarşısında alqoritmi dərk etmək onu inandırmaq üçün düzgün üsullar seçməyə kömək edir. Qurduğumuz cümlələr insanın/cəmiyyətin tarixinə, inanclarına, dəyərlərinə və maraqlarına uyğun seçilməlidir. İnsanın xüsusiyyətlərinə uyğun yanaşma tərzi qəbul edilməlidir.

Empatiya qurun...

Özünüzü başqasının yerinə qoymaq problem ola biləcək bütün məsələləri və onların həll yollarını müəyyən etmək lazımdır. Biz qarşımızdakı şəxsin verə biləcəyi bütün suallar üzərində düşünməli və onların cavablarına hazırlaşmalıyıq. Ən əsası isə qarşı tərəfin inandırmağa çalışdığınız mövzuya niyə ehtiyac duymalı olduğu sualına cavab tapmağa çalışılmalıdır.

Ehtiyac içində hiss etdirin...

Bir mövzuya inanmaq üçün insan ümumiyyətlə ona ehtiyac hiss etməlidir. Ehtiyac varsa inandırmaq asandır, ehtiyac yoxdursa inandırmaq çətinləşir. İnsanın özünü inandırması üçün ilk növbədə buna ehtiyacı olmalıdır. Bu səbəbdən ilk növbədə insan bu mövzuda dəqiq nəyə ehtiyacı olduğuna inanmalıdır.

Güvən qazanın...

Başqasının etibarını qazanmaq və onu təhlükəsiz hiss etdirmək, nəyə inandıracağınız barədə sizi daha diqqətlə dinləmələrinə səbəb olacaq. Qarşı tərəfi tanımağa çalışdığımız zaman, daha əvvəl dediyimiz kimi, özünüzü də tanıtmalısınız. İnsanlar heç bir təhlükəyə məruz qalmayacağını anladıqda artıq qarşılarındakına inanmağa başlayırlar. Burada söhbət ümumiyyətlə Maslovun ehtiyaclar piramidasının ilk pilləsinin təmin edilməsindən gedir. "İnsanlar təhlükəsiz şəraitdə olmaq istəyirlər". Etibar etdiyiniz, tanıdığınız və bəyəndiyiniz insanlara daha tez bəli deyirik. Məsələn, söhbət etdiyimiz şəxs bizə mövzunun mənfi tərəfləri ilə yanaşı müsbət cəhətlərini də danışırsa, biz də inam hissi qazanırıq. Bəs biz bir insanın heyranlığını və etibarını necə qazana bilərik? Bunun ən sadə yolu insanın şüuraltına təsir edən hərəkətlər sərgiləməkdir. Misal üçün; eyni duruşla, hərəkətlə, ləhcə ilə, sözlərlə danışaraq qarşıdakı insanı təqlid etsəniz, təsir altına salmaq daha asan olar. Əlavə olaraq həmin insana qarşı təriflər edilə bilər və tərif dolu cümlələr işlənə bilər. Ancaq inandığınız şey deyilməlidir, əks halda qarşı tərəfdə daha da inancsız olacaq. Baş hərəkətlərindən tez-tez istifadə edilməlidir. Anladığınızı göstərmək üçün mübaliğəsiz başınızı tərpətmək ona dəyər verdiyinizi və indiyə qədər söylədiklərini anladığınızı göstərir. Aşağıda qeyd etdiyimiz mövzular da insanın etibarını qazanmaq üçün vacibdir.

Doğru kommuniksiya...

Aparılan araşdırmalara əsasən inandırmağın 7%-i sözlərdən, 38%-i səs tonundan, 55%-i isə bədən dilindən ibarət olduğu üzə çıxıb. İnsanı inandırmaq üçün bu üç vasitədən səmərəli istifadə edilməlidir. Göründüyü kimi, qurduğumuz cümlələrin mənaları və intonasiyası ilə yanaşı, bədən dili də böyük əhəmiyyət kəsb edir. Bədən dili ilə kifayət qədər maraq və uyğunluq göstərdikdən sonra ünsiyyətin sizə etibar qazandıracaq hissəsi - söhbət etdiyiniz insana qarşı seçdiyiniz intonasiyaları da yaxşı tənzimləmək lazımdır. Düzgün intonasiyadan istifadə etdikdə bəzən dediklərinizin də əhəmiyyəti olmaya bilər. Söz bu təsir çarxında ən aşağı nisbətə malik olsa da, işlətdiyiniz cümlələrin mənası və sırası da son dərəcə əhəmiyyətlidir. Sadə və başa düşülən cümlələr seçilməli, çox qarışıqlıq yaradacaq uzun cümlələrdən qaçınılmalı, başa düşülə bilməyəcəyini və ya naməlum olduğunu düşündüyünüz sözlərdən istifadə edilməməlidir. Danışarkən mənalı və müsbət sözlərdən istifadə edilməlidir. Cümlələri seçərkən insanın təcrübələrinə, inanclarına və dəyərlərinə uyğun üstünlük verilməlidir. Səhv olduğunu düşündüyünüz başlıqlardan deyil, qarşı tərəfin doğru düşündüyü başlıqlardan istifadə olunmalıdır. Səhv hesab etdiyimiz hissələri mənfi cümlələrlə deyil, müsbət cümlələrlə ifadə etməliyik. Başqa sözlə desək, “Bu barədə yanılırsınız” cümləsi əvəzinə  “Siz bu nöqteyi-nəzər haqqında nə düşünürsünüz?” cümləsi işlətmək daha məqsədəuyğundur.

Nəzrin Beydiyeva



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...