Rumıniyanın sabiq Baş naziri Petre Roman "Eurasia Diary" analitik informasiya portalına özəl müshaibə verib. V Qlobal Bakı Forumunun qonağı olan sabiq baş nazir müsahibəsində Avropanın üzləşdiyi çətinliklər, regional inteqrasiya, miqrasiya sahəsində baş verən proseslərə münasibət bildirib.
Onun sözlərinə görə, bu gün dünya qeyri-müəyyənlik və şübhələrlə doludur. Buna görə də əsas üç amilə diqqət yetirilməlidir və bu məsələlər həllini tapmalıdır. Bunlar qloballaşma, texnoloji inkişaf və iqlim dəyişikliyidir. O hazırda Avropada və ümumilikdə qloballaşan dünyada bir çox insanların gələcəklə bağlı narahatlıq keçirdiyini bildirib.
Petre Roman bəşəriyyətin üzləşdiyi problemlərin, xüsusilə hərbi münaqişələrin tezliklə həll olunmasını arzuladığını vurğulayıb. Yalnız bu problemlər həllini tapsa gələcəyə ümidlə baxmaq olar. Avropalıları hazırda miqrasiya, təhlükəsizlik problemləri, qaçqınların taleyi və bu kimi məsələlərin düşündürdüyünü xatırladıb və əlavə edib ki, beynəlxalq münasibətlərin zərər görməməsi üçün bu problemlər mütləq həllini tapmalıdır.
O, "Eurasia Diary"nin Azərbaycan və Rumıniya arasındakı münasibətlərin hazırki səviyyəsi ilə bağlı sualını da cavablandırıb. Rumıniyanın sabiq Baş nazirinin müsahibəsinin video versiyası ilə bu linkdə tanış ola bilərsiniz.
Petre Roman - rumın siyasətçi, 1989-cu il Rumıniya inqilabının aktiv nümayəndəsi olub. 1989-91-ci illərdə Rumıniyanın baş naziri olub. 1996-99-cu illərdə Rumıniya senatının prezidenti, 1999-2000-ci illərdə Rumıniyanın Xarici İşlər Naziri kimi fəaliyyət göstərib. Uzun müddət Rumıniyanın "Demokratik Güc" Partiyasının lideri olub.