“İsraildə yaşasam da, ürəyim Azərbaycanla döyünür” Arye Qut

Müsahibələr 15:03 18.04.2018

Azərbaycan dilində mükəmməl danışan yəhudi Arye Qut musavat.com-a müsahibə verib 

Mənim üçün Azərbaycan dilində mükəmməl danışan bir yəhudi tanımaq gerçəkdən xoş olay idi. Amma bu şəxsin eyni zamanda Xocalı faciəsi barədə atası ilə bərabər roman qələmə alması, Xocalıda baş verən vəhşilikləri dünyaya müxtəlif prizmalardan çatdırması da marağımı ikiqat artırmışdı. Bir azərbaycanlı üçün bunu etmək az qala Vətən borcudur. Bəs, adı Arye, soyadı Qut olan bir yəhudi, bir israilli üçün Azərbaycan sevdasının sərhədləri harada başlayıb, harada bitir? 


İsrail vətəndaşı olan Arye Gutu diaspora fəaliyyəti ilə məşğul olanlar, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində yaxşı tanıyırlar. Biz isə onu müxtəlif rakurslardan musavat.com oxucularına tanıtmaq istədik və prezident seçkiləri münasibətilə Bakıya beynəlxalq müşahidəçi statusunda gələn cənab Arye Gutla bizi maraqlandıran bütün məqamlar barədə danışdıq. Özü də doğma Azərbaycan dilimizdə, heç bir əziyyət çəkmədən, söz qıtlığı yaşamadan, rəvan, tərtəmiz...

- Mənimçün ilk diqqəti cəlb edən məqam bir İsrail vətəndaşının Azərbaycan dilində bu qədər gözəl danışmasıdır. Bunun səbəbi nədir? 

- Səbəbi odur ki, mən Bakıda doğulmuşam. Mənim atam – Əhməd Abdullayev 40 ildən artıq Azərbaycan Dövlət Televiziyasında çalışıb. Azərbaycanın ən ağır vaxtında ictimai-siyasi verilişlərin aparıcı rejissoru olub. Azərbaycana sevgi ordan gəlir. İsrailə köçəndən sonra düşünmürdüm ki, Azərbaycan məni özünə bu qədər çəkəcək. Amma həyat elə gətirdi ki, mən İsraildə Azərbaycan Diaspora Hərəkatına qoşuldum, istər-istəməz Azərbaycanla əlaqələr qurulmağa başladı. Bundan sonra İsraildə özümün qeyri-hökumət təşkilatımı yaratdım və İsrail KİV ilə çalışmağı və Azərbaycanla bağlı mass media projelərini həyata keçirməyi özümə borc bildim. Amma İsraildə və Azərbaycanda dostlarım olmasaydı mən bu layihələri həyata keçirə bilməzdim. Bu gün də Azərbaycanla çalışmaq, Azərbaycana mənəvi baxımdam dəstək olmaq, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq mənim həyatımın başlıca missiyalarından biridir. 

- Siz Bakıda böyümüsüz, əslində... 

- Bəli. Burda doğulub böyümüşəm. 

- Bəs İsrailə köç nə zaman və niyə baş tutub? 

- Hər bir yəhudinin İsrailə köçmək hüququ var.Biz də bu hüquqdan istifadə etdik. Mən özüm Təzə Pirin yanındakı 150 saylı məktəbi bitirmişəm. Beşmərtəbənin yanında böyüyən oğlan olmuşam. (gülür) Öncə Qərb Universitetini, sonra Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsini bitirdim. 2 il BDU-da cavan müəllimlərdən biri kimi çalışmışam. Bu, keçmiş nazir Misir Mərdanovun vaxtında idi. Sonradan ata-anamla bərabər İsrailə köçdüm. Ardınca diaspora hərəkatına qoşuldum və hər zaman Azərbaycanla bağlı nə edirdimsə, düşünürdüm ki, bu, azdır. Hər zaman ABŞ prezidenti Keneddinin sözləri yadıma düşürdü – “Soruşma Vətən sənin üçün nə edib, soruş Sən Vətən üçün nə etmisən”.

be8d0e04-6d31-4073-912a-085274e157f8.jpg (50 KB)

“Xocalı mənim şəxsi faciəmə çevrilib”

 

- İsrail başqa ölkələrdən nə ilə fərqlənir?

- İsraildə bu gün dünyanın hər yerindən gələn insanlar var. Amma Azərbaycanı vaxtilə tərk edən insanların gözlərində Azərbaycan məhəbbəti bambaşqadır. Çünki Azərbaycanda heç zaman antisimitizm olmayıb, hücumlar, diskriminasiya özünü göstərməyib. Azərbaycanlıların yəhudilərlə heç bir problemi olmayıb. Elə dünən İsrail televiziyasına müsahibəmdə dedim ki, mənimlə bərabər İsraildən gələn 9 nəfər müşahidəçi var idi, onların 7-si israillidir. Onların heç birinin Azərbaycanla əlaqəsi olmayıb. Biz onlarla Qubaya, Qırmızı Qəsəbəyə getdik. Orda yəhudilərə dünyanın heç bir yerində olmayan müsbət münasibəti gördük. Bu gün siz Parisə və ya Antverpenə getsək, orda yəhudilərə qarşı antisemitizmi hər yerdə hiss edəcəksiz. Parisdə sinaqoqa daxil ola bilməzsiz. Ya da daxil olanda polis kordonundan keçməlisiniz. Amma Bakıda istədiyiniz kimi, özgür şəkildə sinaqoqa gedə bilərsiniz. Bura bu günə qədər Azərbaycan dövlətinin dəstəyi ilə 10-15 nümayəndə heyəti gətirmişəm. Azərbaycana gələn insanlar heç zaman yəhudi olduqları üçün hansısa diskomfort yaşamayıblar.

- Mən sizin Azərbaycan adına gördüyünüz işlərdən də danışmaq istəyərdim. Xocalıya dair romanınız, Azərbaycanla bağlı layihələriniz, təbliğat işləriniz... Bundan da bəhs edəkmi?

- Təbii. İlk növbədə mən diaspora hərəkatının bir hissəsi olmuşam. Düşünmüşəm ki, Azərbaycanı tanıtmaq üçün daha çox İsrail qeyri-hökumət təşkilatı olmalıdır. Onların içində “Xocalıya Ədalət” kampaniyası çərçivəsində gördüyüm işlər olub. İsraildə Heydər Əliyev Fondunun dəstəyi ilə 2013-dcü ili Xocalı ili elan etdik. İsrailin 13 ən böyük şəhərlərində Xocalı qətliamı ilə bağlı tədbirlər və fotosərgilər keçirdik. Bunların ən möhtəşəmini Akko şəhərində keçirdik. Bu şəhərdə əhalinin 20 faizi Azərbaycan kökənlidir. Biz orda Akko şəhər merinin Şimon Lankrinin və Akko şəhərində Azərbaycan Dağ Yəhudi diasporasının rəhbəri Şirin Nexamiya Mixaelinin dəstəyi ilə Xocalı ilə bağlı böyük prezentasiya etdik. Ordakı insanlar, şəhərin meri bunu görəndə dəhşətə gəldilər. Mer xahiş etdi ki, Xocalı ilə bağlı nəzərdə tutduğumuz fotosərgi 2 ay davam etsin. O, dedi ki, insanların bu fotosərgini görmələrini arzu edirlər. Sonra isə Akkoda Azərbaycan Evi yarandı.

3de3ffdf-c79d-4b36-8621-a42661e1f0a6.jpg (73 KB)

- Keçək, Xocalı ilə bağlı romanınıza... 

- Bir gün atama dedim ki, 40 ildir AzTV-nin aparıcı rejissoru olmusan. Sovetlər zamanı 70-yə yaxın sənədli filmin rejissoru və ssenaristi olmusan. Doğrudanmı biz səninlə Xocalı haqqında bir roman yaza bilmərik? Atam dedi ki, mənə düşünmək üçün 2 gün vaxt ver. 2 gün sonra dedi ki, mən hazır. Dedim, bəs ideya? Sonra bu ideya ortaya çıxanda mənə dedi ki, sənədli hissəsində mənə yardım et. Lirik hissəsini özü yazıb, sənədli hissəsini mən yazmışam. Dediyim kimi, atam 40 ildən artıq Azərbaycan televiziyasında ictimai-siyasi proqramlar hazırlayan aparıcı rejissor vəzifəsində çalışıb. Atam bütün faciəni, bu müharibənin dəhşətli üzünü, Ermənistanın təcavüzünün nəticələrini, doğma torpaqlarından qovulan azərbaycanlıların qaçqın və məcburi köçkünə çevrilməsini öz gözləri ilə görüb. Ermənistanın Azərbaycana qarşı elan olunmamış müharibəsi başlayanda mənim 17 yaşım var idi, tələbə idim və bütün bu dəhşətli hadisələr gözlərimin qarşısında baş verirdi. 

Əsərin maraqlı süjet xətti var: İsrailli bir oğlan Azərbaycana doktorant işi yazmaq üçün gəlir. Bu zaman Axundov kitabxanasına gəlir, materialları yığmağa başlayır. O kitabxanada əslən Xocalıdan olan bir qızla tanış olur. Bütün romanda o qızın yaşadıqları əsasında Xocalının dərdi açılır. Sonda məhəbbət hər şeyə qalib gəlir. Biz orda həm xalqlarımız arasındakı dostluğu, cəmiyyətdəki multkulturalizmi, tolarantlığı göstərmişik. Həm də Xocalıda baş verən hadisələri açıq-aydın təsvir etmişik. Bu yaxınlarda biz o kitabın italyan dilində İtaliyada prezentasiyasını etdik. 

- Yeri gəlmişkən, hansı dillərə tərcümə olunub? 

- Kitab rus dilində yazılıb, sonra ingilis dilinə tərcümə olunub. İndi də italyan dilinə tərcümə olunub. 

- Amma Azərbaycan dilində yoxdur... 

- Təəssüf ki... İndi bizə yardım edin, bu kitabı Azərbaycan dilinə tərcümə edək. Mən hər zaman deyirəm ki, bizim ən böyük problemimiz Xocalı kimi dərdimiz haqda özümüz deyib özümüz eşitməyimizdir. Biz çalışmalıyıq ki, bunu dünya bilsin. Bu kitabın yazılma ideyasının əsası o idi ki, bunu bütün dünya bilsin. Bu ilin martın 1-də mənim çox yaxın dostum, Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə bu kitabın italyan dilinə tərcüməsini və çapını öz üzərinə götürüb.

9bd62857-d52e-4666-a1ab-78d6a2b0c948.jpg (37 KB)

“İsrailə köçəndən sonra düşünmürdüm ki, Azərbaycan məni özünə bu qədər çəkəcək”

 

- Cənab Qut, bu kitabı bədii roman adlandıra bilərikmi? Ən azı süjet xəttini nəzərə alanda... 

- Mən deyərdim ki, bu, bədii-sənədli bir romandır. 

- Onun əsasında bir film çəkməyi düşünürsüzmü? 

- Yaxşı ideyadır. Bu kitab ssenari şəklində yazılıb, ona görə də onun əsasında bir film yaratmaq olardı. Bizim tarixi kitab yazmaq niyyətimiz yox idi, belə bir məqsədimiz də olmayıb. Öz həyatım, atamın həyatı və dəhşətli Xocalı soyqırımı ilə bağlı hissənin də olduğu real hadisələrə əsaslanan bədii sənədli roman yazmaq istəyirdik. Müxtəlif konfessiyalara, müxtəlif millətlərə mənsub, fərqli mühit və şəraitdə böyümüş, taleyin qismətindən Bakı şəhərində görüşən iki gəncin romantik sevgi tarixçəsini təsvir etməyə çalışmışıq. Romanın qəhrəmanları vasitəsilə göstərməyə çalışmışıq ki, Azərbaycanda yəhudilər və müsəlmanlar həmişə birgə tarix və taleyə malik qardaşlar kimi dinc yaşayıblar və yaşamaqda davam edirlər. İsrail Dövlətinin vətəndaşı kimi fəxr edirəm ki, Azərbaycanda multikulturalizm və tolerantlıq həyat tərzidir. Bu dövlətdə heç vaxt təqiblər, qırğınlar və antisemitizm faktları olmayıb. Eyni zamanda, əsərin qəhrəmanı Röyanın taleyi vasitəsilə Ermənistanın Xocalıda azərbaycanlı mülki əhaliyə qarşı törətdikləri dəhşətləri real olaraq təsvir etmişik. Bu, olmuş tarixdir, bu, real hadisədir və onu gizlətmək niyyətimiz yoxdur. Çünki atam faciədən bir ay əvvəl Xocalını görmüş şəxsdir və mən bu romanı yazarkən İsrail mətbuatının nümayəndələri ilə birlikdə 1992-ci ilin fevral ayında Xocalıda törədilmiş bu dəhşətli gecənin real şahidləri ilə bir neçə dəfə görüşmüşəm. Ermənistan silahlı birləşmələri tərəfindən 1992-ci ildə törədilmiş vəhşiliklər İŞİD tərəfindən istifadə edilmiş üsullara oxşardır. Məhz bu səbəbdən Azərbaycanın Xocalı şəhərində törədilmiş qanlı soyqırımı aktı mənim üçün də şəxsi ağrı-acıdır, mənim də şəxsi faciəmdir.

Mənim atam AzTV-də aparıcı rejissor kimi işlə əlaqədar Xocalıda dəfələrlə olub və həmin dövrdə rabitəçi işləmiş Dürdanə Ağayeva ilə bağlı reportajlar hazırlamışdı. Tale elə gətirdi ki, atamla Bakıya səfərlərimizin birində Xocalıdan erməni əsirliyində olmuş insanlarla görüş zamanı atam Dürdanəni, o dəhşətli gecənin şahidini tanıdı. Bizim romanda xüsusilə ən ağır və yaddaqalan bölmələrdən biri Dürdanə ilə bağlı hissədir. Onu bir oxuyun. Bu xülya və uydurma deyil, real hadisədir: Dürdanənin dəhşətli səkkizgünlük əsirlik faciəsi. Düşünün, Ermənistan qoşunları Xocalıda bəşəriyyətin müasir tarixinin ən dəhşətli kütləvi cinayətlərindən birini törədəndə onun cəmi 20 yaşı var idi. İki yaşlı azərbaycanlı uşağı valideynlərinin gözləri qarşısında necə güllələdiklərini, hamilə qadınları və yaşlıları qundaq zərbəsi ilə necə öldürdüklərini görüb. Ermənilər tərəfindən məruz qaldığı zorakılığı kütlə qarşısında danışa bilməyəcək dərəcədə sözlə ifadə edilməyən ağrıya məruz qalıb. Lakin Dürdanə Ağayeva bizimlə söhbətində deyib ki, yalnız öz hekayəsini bölüşməklə rahatlıq tapa bilər.

36cfc74f-49dc-469f-9001-702d64f02553.jpg (58 KB)

Mən bu kitabın prezentasiyasını İtaliya Senatının kitabxanasında İtaliyada Azərbaycan səfirliyi ilə keçirəndə jurnalistlər mənə sual verdilər ki, bizim yazdığımız roman bir fantaziyadır? Dedim ki, bəyəm bir yəhudi ilə azərbaycanlı evlənə bilməz? Bu gün İsraildə azərbaycanlı-yəhudi nikahlarının sayı xeyli çoxdur, bu nikahlardan doğulan uşaqlar var. Bu gün 7-8 min etnik azərbaycanlı İsraildə yaşayır. 

70 min Azərbaycan kökənli yəhudi də İsraildə yaşayır. Buna fantaziya deyirsinizsə, deyil. Xocalıya fantaziya deyiriksə, bu, fantaziya deyil. Jurnalistlərə də dedim ki, bir gecədə 613 insanı sırf azərbaycanlı olduğuna görə öldürüblər. Holokostda 6 milyon insanı sırf yəhudi olduğu üçün məhv edilib. Amma insan faciəsinə görə mənimçün eynidir. Məndən İtaliyan jurnalistlər soruşanda ki, niyə bu, sizin şəxsi faciənizə çevrildi? Mən deyirəm ki, çünki Holokost zamanı mənim ailəmin bir hissəsi Kiyevdən Bakıya son qatarla gəlməsəydi, məni bu həyatda görə bilməzdiz. 

Holokost yəhudi xalqının yaddaşında əbədi həkk olunmuş dəhşətli və dözülməz faciədir. Holokost işgəncələrə, əzab-əziyyətlərə, alçaldılmağa və təhqirlərə məruz qalmış yəhudi xalqının ağrısı-acısı, onun kütləvi şəkildə məhv edilməsi deməkdir. Bu yaxınlarda, dünya yəhudiləri günahsızcasına öldürülmüş altı milyon yəhudinin xatirəsini anıblar. Həmin vaxt yəhudilərin bu dəhşətdən, barbarlıq və qəddarlıqdan qaçaraq gizlənə bilmələri üçün yer çox az idi. Bu ölkələrdən biri Azərbaycan olub. Azərbaycan həmişə digər xalqlara qonaqpərvər münasibət göstərməsi ilə məşhur olub. Azərbaycan mənim ailəm üçün, öz həyatlarını və uşaqlarının həyatlarını nasistlərdən xilas etmiş minlərlə Avropa yəhudisi üçün qeyd olunan az məkanlardan biri, sözün əsl mənasında, Vətən olub. Bu baxımdan da Xocalı qətliamı mənim şəxsi faciəmdir. 

- Siz iki xalqın mədəniyyəti, məişəti arasında böyümüsüz, tərbiyə almısız. Hamımızdan daha yaxşı təhlil etmək imkanınız var. İki xalq arasındakı oxşar və fərqli cəhətlər nədir? 

- Mən heç zaman elə bir məqsəd qoymamışam ki, daha çox yəhudi və ya daha çox azərbaycanlı olum. Mənim İsraildəki iş yerimdə Azərbaycan bayrağı var və mən bunu normal hesab edirəm. İsraildə yaşayıb, orda Azərbaycanla bağlı işlər görə bilirəmsə, bunu həyatımın missiyası hesab etməliyəm. Yəhudi və Azərbaycan xalqları mənəvi cəhətdən, yaşadıqlarımız faciə və həyat tərzimizə görə bir-birinə çox yaxındır. 

Amma bir yəhudinin başqa bir yəhudiyə qarşı məsuliyyəti var, amma azərbaycanlılarda bu, yoxdur. Bu yaxında Dünya Yəhudi Konqresinin rəhbəri Ronald Lauderlə görüşdüm. Ondan soruşdum ki, yəhudi diaporasının uğur formulası nədən ibarətdir. Dedi ki, birincisi çox gözəl maliyyə olmalıdır, ikincisi diasporada professionallar çalışmalıdır, diletantlara yer olmamalıdır. Vaxt keçdikcə mən bunu anlamağa başladım və bunun nə qədər doğru olduğunu görürəm. Hər adam diaspora və ya lobbiçiliklə məşğul olmamalıdır. Deyirlər ki, bu, Vətənlə bağlıdır. Amma başa düşmək lazımdır ki, diaspora ilə lobbiçilik fərqli-fərqli anlayışlardır. Azərbaycanı sevən hər bir insan diaspora ilə məşğul olur. Amma lobbiçilik daha çox professionallıq tələb edir.

57267f0d-2418-4896-b900-570a8d4eedfc.jpg (76 KB)

- Bura sizinlə birgə gələn yəhudilər Azərbaycan haqda nə düşünürlər? Daha öncədən beyinlərində yaratdıqları təsəvvürlə reallıqlar üst-üstə düşürmü? 

- Azərbaycanın qatı Islam ölkəsi olkəsi olması barədə fikirləri olan dostlarım da vardı. Amma onlar Bakıya gəlib, burdakı atmosferi, ab havanı görəndə, insan azadlıqları, qadın azadlıqları ilə bağlı mənzərəni müşahidə edəndə fikirlərindən daşınırlar. Burda nə qədər qadın açıq şəkildə gəzir, dövlət vəzifələri daşıyır. 

- İsraildə qadına münasibət, qadın azadlıqları hansı səviyyədədir? 

- Bizdə qadınlar çox aktivdilər. Eyni zamanda ailədə də çox aktivdilər. Bizdə matriarxal xətt daha güclü olur. 

- Yəhudi məntiqi... Bu, çox geniş yayılmış ifadədir. Nədir, bir yəhudi məntiqinin əsasındakı məqam? Və hazırda sizin apardığınız xəttlə o məntiq nə dərəcədə uyğunlaşır?

- Yəhudi məntiqi onu deyir ki, heç bir zaman dayanmamalı, hər zaman çalışmalısan. İsrailin baş naziri, 9-cu prezidenti olmuş Şimon Peresi yada salıram. Hər zaman Şimon Peresin Yaltada çıxışını yada salıram. Orada gözəl İsrail məntiqi əks olundu. Peres söylədi: “BMT İsrail dövlətini yaratmaq qərarına gəldi. Hər şey müharibənin fonunda gedirdi. Biz nə edə bilərdik? 2 yolumuz var idi:

1. İnsanlar cəsur olmalı idilər. Onlar başa düşməli idilər ki, bizim qalib gəlməkdən başqa yolumuz yoxdur. Əgər biz 1-cə dəfə uduzsaq onda hər şey bitəcək.

2. Silahımız olmadığı üçün onu istehsal etməyə başladıq. Hərbini inkişaf etdirmək üçün İT-ni inkişaf etdirməyə başladıq. İsrailin İT sektoru hərbi üçün işləyirdi. Çünki biz yalnız idik.

86fde6cd-0017-463a-a7d4-3dd11a8c8076.jpg (40 KB)

Nə üçün mən bunları sizə danışıram? Hələ də mən cavanlara deyirəm: “Sizin düşündüklərinzdən də çox imkanlarınız var. Siz, sizə verilməyən məhsulları istehsal edə bilərsiz. Bu hamı üçün dərsdir”.

Peres davam edir: “İnsanlar məzuniyyətə gedir, bu vaxt itkisidir. Mənim 90-dan çox yaşım var və mən heç vaxt məzuniyyətdə olmamışam. Mənə deyirlər: “Sən qeyri-adisən? Necə istirahət edirsən?” Mən isə işləməyə üstünlük verirəm. Mən işdən sevinc alıram. Pessimist olmaq da vaxt itkisidir.

Elmin arxasınca getmək lazımdır. Elmin sərhəddi yoxdur. Keçmiş problemləri həll etməyə çalışmayın, bu ümumiyyətlə müknüdrümü? Keçmiş heç bir əhəmiyyət daşımır. Onu sadəcə incələyib səhvləri təkrarlamamaq lazımdır. Keçmişdə nə gələcək var, nə də ümid...

İnsanların çoxu xatırlamağa üstünlük verir. Bu ən böyük səhvdir. Nəyi xatırlamaq istəyirsiz? Səhvlərinizi? Tarixə güvənmək olmaz. Tarixçilər idarəedicilərin vasitəsi olub. Onlar nə demək lazım olduğunu bilirdilər. Bizim taleyimizi isə ancaq Tanrı bilir. Bax bu əsl yahudi məntiqidir. Şimon Peres 93 yaşına qədər çalışdı, prezidentlikdən gedəndən sonra belə reklamlara çəkildi. Amma hər zaman deyirdi ki, mən həyatda nəyəsə nail olsam belə, bu, mənə bəs etmir, daha böyük uğurlara çalışmaq lazımdır. 

Mən İsraildə yaşasam da, ürəyim Azərbaycanla döyünür. Mənim oğlum da bu il ilk dəfə mənimlə birgə Azərbaycana gəlib. Böyük hisslər yaşayır ki, atasının və babasının vətənindədir. İngilis, rusca yaxşı bilir. Azərbaycanca başa düşür, amma yaxşı danışa bilmir. O, daim Azərbaycanla bağlı soruşur, şəkillər çəkir, maraqlanır. İsraildə ilk dəfə məktəbində Azərbaycan dərsi keçirib. Indi bu dərsi illik ənənyə çevirib. Bu, mənim üçün də fərəhdir ki, özümdən sonra kimisə yetişdirməliyəm. Həyatımın missiyası odur ki, Azərbaycanla İsrail arasındakı münasibətlərin yaxşı olmasına çalışım.

abf8db0f-f9eb-47c3-9748-0eca9ccf1b43.jpg (67 KB)

- Oğlunuzu niyə Azərbaycanda böyütmək istəmədiniz? Yoxsa bir yəhudi ancaq öz ölkəsində övladını yetişdirməlidir? 

- Mən seçimi onun özünə buraxıram. O, hər şeyi öz gözü ilə görür. O gün mənə də sürpriz oldu ki, oğlum “bura mənim Vətənimdir, burada olan insanlar mənim xalqımdır” dedi. Amma mən bilirəm ki, harda olmağından asılı olmayaraq, insan sevdiyi işi görsün, vətən üçün böyük işlər görsün.

- Xalqlarımızın mental cəhətləri arasında fərqlər nələrdir bəs? 

- Təbii ki, yəhudilər daha praqmatikdir. Azərbaycanlılarda isə qonaqpərvərlik çox yüksək səviyyədədir. Doğrudur, yəhudilər də qonaqpərvərdilər, amma azərbaycanlıların qonaqpərvərliyinin sərhədi yoxdur. Bura mənimlə İsrailin “Maariv” qəzetindən gələn bir jurnalist dostumuz dedi ki, mən burda özümü Zoluşka kimi hiss edirəm. Bu gün Azərbaycana həsr etdiyi məqaləsində İris Qorlet aydın açıq yazıb ki, “Azərbaycanın paytaxtı Bakı əcnəbi turistləri çox səmimi qarşılayır. Çoxsaylı gözəl parklar, tarixi yerlər, gözəl məscidlər, kilsələr, sinaqoqlar insanı heyrətləndirir. Şəhərin arxitekturasında Avropa ilə Şərq memarlığının sintezini görmək olar. Burada qadınlar Qərb stilində və çox gözəl geyinirlər. Azərbaycanlılar çox səmimi, incə təbiətli və qonaqpərvər xalqdır”. Azərbaycan yeməklərini yeyəndən sonra İris Qorletin ürəyi getdi (gülür).

- Bəs, yəhudiləri daha çox qənaətcil, yoxsa praqmatik hesab etmək olar? 

- Təbii ki, praqmatik. İsraillilərin 70-80 faizi borclar içində yaşayır. Amma orda sistem bir az başqadır. İsraildə ev almaq problem deyil. Çalışırsansa ev ala bilirsən, bank sektoru fərqli sistemdə hərəkət edir. İsraillilər qənaət etməyi sevmirlər. Çalışırlar ki, yaxşı yaşasınlar. O baxımdan biz oxşarıq. Bakı çox təmizdir. Bura gələn israillilər deyirlər ki, tarixlə müasirliyin sintezi özünü göstərir. Şəhər köhnə Sovet şəhəri deyil. Bakı gözəldir, onun gözəlliyini saxlayın və bundan sonra da qoruyun... 

Füzuli şəhərində infrastruktur necə qurulur? - VİDEO

Xəbər xətti

Nazim Bəydəmirlinin istintaqı yekunlaşıb: Məhkəmə başlayır
17:47 16.04.2024
Ermənistan XİN rəhbəri Səudiyyə Ərəbistanına gedir
17:35 16.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı əssasız İDDİALAR
17:30 16.04.2024
Azad edilmiş ərazilərdəki yaylaqlara 4 mindən çox fermer KÖÇƏCƏK
17:25 16.04.2024
Rusiyada TikTok bloklana bilər
Rusiyada TikTok bloklana bilər
17:17 16.04.2024
Daha 156 ailə Füzuli şəhərinə köçürüləcək
17:00 16.04.2024
İran Prezidenti Putinə zəng edib
16:55 16.04.2024
Tiktoker “Semka” HƏBS OLUNDU
16:50 16.04.2024
AÇG-dəki yeni ACE platformasından hasilat BAŞLANDI
16:40 16.04.2024
Twitter yeni istifadəçilər üçün ÖDƏNİŞLİ OLDU
Twitter yeni istifadəçilər üçün ÖDƏNİŞLİ OLDU
16:35 16.04.2024
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
16:20 16.04.2024
Misirdən ŞOK XƏBƏR: Hüsnü Mübarək hələ YAŞAYIR? - VİDEO
Misirdən ŞOK XƏBƏR: Hüsnü Mübarək hələ YAŞAYIR? - VİDEO
16:15 16.04.2024
Maqnit qasırğasından necə qorunaq? - Həkim AÇIQLAYIR
16:00 16.04.2024
İsrail-İran konflikti Azərbaycan iqtisadiyyatına necə təsir edəcək? - Açıqlama
15:30 16.04.2024
Azərbaycanda baş redaktor və müxbir həbs edildi
15:15 16.04.2024
Füzuli şəhərində infrastruktur necə qurulur? - VİDEO
15:00 16.04.2024
“İran və İsrail arasında münaqişənin alovlanması...” – İngilis Politoloqdan ÖZƏL ŞƏRH
14:50 16.04.2024
Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib
14:40 16.04.2024
Cənubi Qafqazı xaosa sürükləmək istəyənlər... – GİZLİ MƏQAMLAR – ŞƏRH
14:30 16.04.2024
Prezidentdən Türkiyə–Azərbaycan Universiteti ilə bağlı FƏRMAN
14:22 16.04.2024
Salam Sarvan yenidən əməliyyat olunacaq
14:19 16.04.2024
İsrail XİN İranla bağlı 32 ölkəyə ÇAĞIRIŞ ETDİ
14:11 16.04.2024
İlham Əliyev: "Qarabağda və Şərqi Zəngəzurda gördüyümüz işlərin dünyada misli-bərabəri yoxdur"
14:05 16.04.2024
“Bələdiyyələrin statusu haqqında” qanun DƏYİŞDİ
14:02 16.04.2024
Reklam Agentliyinə sədr təyin edilən Fərhad Adıgözəlov KİMDİR? – DOSYE
14:00 16.04.2024
Prezidentdən Fərhad Adıgözəlovla bağlı SƏRƏNCAM
13:58 16.04.2024
Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edildi - SƏRƏNCAM
13:56 16.04.2024
Prezident: "Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi üzərində iş aparılır"
13:54 16.04.2024
Pentaqon: İranın hücumunda biz ən azı 6 ballistik raket vurduq
Pentaqon: İranın hücumunda biz ən azı 6 ballistik raket vurduq
13:49 16.04.2024
Prezident: Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq
13:40 16.04.2024
İlham Əliyev son illər Azərbaycanda həyata keçirilən infrastruktur layihələrindən danışdı
13:35 16.04.2024
Rəsmi Tehran: "Bu silahlar İsrailə qarşı cavabın 2-ci mərhələsində istifadə ediləcək"
13:26 16.04.2024
Beynəlxalq axtarışa verilmiş şəxslər Azərbaycana ekstradisiya edilib
13:00 16.04.2024
Doktoranturaya sənəd qəbulu BAŞLADI
12:50 16.04.2024
Emin Əmrullayevdən Xocalı və Xankəndi ilə bağlı müjdə - VİDEO
Emin Əmrullayevdən Xocalı və Xankəndi ilə bağlı müjdə - VİDEO
12:40 16.04.2024
“Müharibə olarsa ən böyük ziyanı İran görəcək” - İsrailli ekspertdən ŞOK PROQNOZ
12:27 16.04.2024
Bakıda COVID-lə mübarizə aparan tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb
12:20 16.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI
12:16 16.04.2024
Qarabağ Universitetində fəlsəfə doktoru üzrə doktorantlar təhsil alacaq
12:15 16.04.2024
Sosial ödənişlərə 2 milyard manatdan çox vəsait ÖDƏNİLİB
12:05 16.04.2024
Hamısı