"Dövlət qulluğuna qəbulda məhdudiyyətlər ola bilər" Bəhram Xəlilov

Müsahibələr 18:06 02.05.2018
10 ildən çoxdur ki, ölkəmizdə dövlət qulluqçusu olmaq istəyənlər bunun üçün ikimərhələli imtahan prosesindən keçməli olur. Zaman-zaman bu prosesdə yeniliklərin tətbiq edilməsi, bəzi dəyişikliklər, hətta müsahibə mərhələsinin ləğvi ilə bağlı təkliflər gündəmə gəlir.
 
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurası sədrinin müavini Bəhram Xəlilov Publika.az-a müsahibəsində dövlət qulluğuna qəbulda mövcud problemlər və gələcək planlardan danışıb.
 
- Bəhram müəllim, illərdir dövlət qulluğuna qəbul prosesi ilə məşğulsunuz. Son illərdə bu prosesdə bir sıra yeniliklər oldu. Dövlət qulluğuna qəbul prosesində hazırkı durumu necə dəyərləndirirsiniz?
 
- Əsas tətbiq olunan yeniliklərdən biri dövlət qulluqçularının sertifikatlaşdırılması, o cümlədən dövlət qulluğuna qəbul zamanı sertifikatların verilməsidir. İndi test imtahanını uğurla keçən şəxslərə sertifikat verilir. Bu sertifikatlar 5 il qüvvədə olur. Sertifikat almış şəxs 5 il ərzində vakant dövlət qulluğu vəzifəsini tutmaq üçün iddia edə bilər. Hazırda bu proses davam edir. Bir neçə imtahan keçirmişik. Dövlət qulluğuna qəbul imtahanlarında inzibati rəhbər vəzifələr (A növü) üzrə 54 nəfər, inzibati icraçı vəzifələr (B növü) üzrə 2137 nəfər sertifikat əldə edib. Bu sertifikat imkan verir ki, həmin şəxslər vakant dövlət qulluğuna qəbul üçün müsahibələrə qeydiyyatdan keçsinlər.
 
- 2018-ci ilin birinci rübü üçün dövlət qulluğuna qəbul imtahanlarının nəticələri açıqlanıb. Həmin nəticələrə görə, ikinci mərhələ üçün qeydiyyatdan keçənlərin 50 faizi müsahibəyə gəlməyib. Dövlət İmtahan Mərkəzinin məlumatlarında bu məsuliyyətsizlik kimi izah edilib. Sizcə səbəb nədir?
 
- Sertifikat əldə etmiş şəxs sertifikatına və ixtisasına uyğun istənilən vakant vəzifəyə iddia edə bilər. Sertifikat əldə etmiş namizədlərdən bəziləri müsahibə mərhələsi üzrə 20, bəzən 50 vəzifə üzrə qeydiyyatdan keçir. Bu müsahibələrin ardıcıl aparıldığını nəzərə alsaq, fiziki baxımdan onların hamısında iştirak etmək mümkün deyil. Hər bir namizəd müsahibə üçün seçim edəndə ona uyğun vaxt müəyyən edilir, müsahibə qrupu yaradılır. Bu qrupda həm dövlət orqanı, həm müstəqil ekspert, həm də Dövlət İmtahan Mərkəzinin nümayəndəsi iştirak edir. Təsəvvür edin, müsahibə qrupu hazır olur, amma qeydiyyatdan keçən şəxslər müsahibəyə gəlmir. Müsahibə qrupu oturub həmin şəxsləri gözləyir. Həmin qrup üçün də ödəniş edilir. Üstəlik, müsahibəyə hazırlıq prosesində həm intellektual, həm də maliyyə vəsaitləri xərclənir. Bütün bu halları nəzərə alaraq namizədin müsahibəyə gəlməməsi onların məsuliyyətsizliyi kimi qiymətləndirilir. Dövlət İmtahan Mərkəzinin saytında da xəbərdarlıq edirik. Təsəvvür edin, bir nəfər 50 müsahibəyə yazılır, hər biri üçün də ayrıca müsahibə qrupu yaradılır, amma namizəd müsahibəyə gəlmir. Müsahibəyə gəlməyən şəxslər gələcəkdə müsahibələrdə təkrar iştirak etmək istədikdə onun keçmiş məsuliyyətizliyi mütləq diqqətə alınacaq. Bu insanlar nəzərə almalıdırlar ki, dövlət qulluğuna qəbul olmaq istəyirlər. Dövlət qulluqçuları dövlətin adından fəaliyyət göstərən şəxslərdir. Onların həm mənəviyyatı, həm davranışı, həm də məsuliyyəti yüksək səviyyədə olmalıdır. Dövlət qulluğuna qəbul zamanı belə məsuliyyətsiz davrananları gələcəkdə keçiriləcək müsahibələrdə müsahibə qrupu üzvləri ümumi qiymət çıxaranda nəzərə alacaq.
 
- Elə bir hal olubmu ki, bir nəfər müsahibə üçün 20 yerə qeydiyyatdan keçsin, ancaq bir neçəsində iştirak etsin?
 
- Bəli, belə hallar da olur. Bu insanlar elektron qaydada qeydiyyatdan keçirlər. Məhdudiyyət olmadığından istədikləri qədər seçim edə bilirlər. Lakin qeydiyyatdan keçdikləri hər bir vakant yer üçün müsahibə qrupunun təşkil edildiyini nəzərə almırlar. Ola bilər ki, namizədlərin bu prosesin təşkili ilə bağlı tam təsəvvürü yoxdur. Bunu nəzərə alaraq artıq yaydığımız məlumatlarda bu barədə xəbərdarlıq edirik.
 
- Bu xəbərdarlıqlar nəticə verir?
 
- Bəli. Həmin xəbərdarlıqlardan sonra belə halların sayı nəzərəçapacaq dərəcədə azalıb. Artıq müşahidə edirik ki, bir çoxları əvvəldən iştirak etməyi fikirləşmədikləri, lakin qeydiyyatdan keçdiyi vəzifələri siyahıdan ləğv edirlər. Ancaq yenə də gəlməyənlər var. Lakin əvvəlki kimi kütləvi deyil. Regionlarda da müsahibələr keçiririk. Oraya da insanlar ezam edilir. Çox zaman müsahibə qrupu üzvləri Bakıdan ezam olunur. Bunun üçün kifayət qədər vəsait, işçi qüvvə sərf edirik, kiminsə məsuliyyətsizliyinə görə həmin müsahibələr baş tutmur.
 
- Müsahibə qrupu və digər xərcləri nəzərə alaraq bir iştirakçının qeydiyyatdan keçməsinə baxmayaraq müsahibəyə gəlməməsinin Dövlət İmtahan Mərkəzi üçün nə qədər itkiyə səbəb olması barədə rəqəm deyə bilərsinizmi?
 
- Dəqiq rəqəm deyə bilmərəm, bunu hesablamaq lazımdır. Lakin kütləvi şəkildə müsahibə mərhələsində iştirak edilməyəndə bu böyük bir məbləğ edir. Artıq Dövlət İmtahan Mərkəzi dövlət büdcəsindən maliyyələşmir, özünümaliyyəşmə prinsipi əsasında fəaliyyət göstərir. Təbii ki, namizədlərin müsahibəyə gəlməməsi səbəbindən yaranan itki Dövlət İmtahan Mərkəzi üçün ağır maddi zərbədir.
 
“Ümumi bal çıxarılanda nəzərə alınacaq”
 
- Dövlət İmtahan Mərkəzinin məlumatlarında müsahibəyə gəlməyən şəxslərin məlumat bazasında bunun qeyd edildiyi vurğulanır. Yəqin ki, onları qeydə almaqla kifayətlənməyəcəksiniz. Gələcəkdə həmin şəxslər təkrar dövlət qulluğuna qəbulda iştirak etdikləri zaman bu, mənfi hal kimi nəzərə alına, ya da başqa bir tədbir görülə bilərmi?
 
- Biz onları nə məsuliyyətə cəlb edə bilərik, nə də onların gələcəkdə iştirakına məhdudiyyət qoya bilərik. Lakin müsahibə qrupu üzvləri namizədi dörd meyar üzrə qiymətləndirirlər. Təbii ki, namizədin əvvəlcədən belə bir məsuliyyətsizliyi olubsa, ümumi bal çıxarılanda bu, nəzərə alınacaq. Bu o demək deyil ki, həmin namizəd uğur əldə etməyəcək. Lakin mənfi bir hal kimi dəyərləndiriləcək.
 
- Bir namizədin müsahibə mərhələsində 20 yerə müraciət etməsi hallarını azaltmaq üçün seçimdə məhdudiyyətin olması gözlənilirmi?
 
- Qanunvericilikdə müəyyən dəyişikliklərin edilməsi üçün bu təklifi irəli sürmüşük. Bu sayın ildən-ilə məhdudlaşdırılmasına ehtiyac var. Bir neçə müsahibəyə yazılanlar onsuz da heç birinə yaxşı hazırlaşa bilməyəcək. Çünki müsahibə mərhələsinə hazırlaşmaq lazımdır, bu tələblər əvvəldən bəlli olur. Bu mərhələdə ixtisas üzrə veriləcək suallar əvvəldən açıqlanır, ondan kənara çıxmaq olmaz. Digər suallara isə məhdudiyyət yoxdur. Ümumiyətlə, bir insan eyni vaxtda fərqli dövlət orqanları üzrə müsahibəyə necə hazırlaşa bilər? Hər bir dövlət orqanının fəaliyyəti fərqli qanunvericilik aktları ilə tənzimlənir. İnsanda həm də daxili məsuliyyət hissi olmalıdır. Eyni vaxtda 20 vəzifəyə qəbul olmağı istəmək mümkün deyil. Dövlət qulluğuna qəbul edəcəyimiz şəxslərin gələcəkdə qərar verərkən belə səhvlərə yol verməməsini seçimlərdə nəzərə alırıq.
 
- Bəlkə də, həmin şəxslərin özündən də soruşmaq lazımdır. Axı nə üçün 20 fərqli vəzifə seçimi edirlər?
 
- Bu, texniki məsələdir. Saytda bir kliklə müsahibəyə yazılmaq üçün qeydiyyatdan keçmək mümkündür. Məsləyə səthi yanaşmadır. Bu onu göstərir ki, həmin şəxs harada işləmək istəyi ilə bağlı seçimini etməyib. Belə bir istək yoxdursa, gələcəkdə dövlət qulluğuna qəbul olunsa, yanaşması da fərqli olmayacaq. Məsuliyyətsiz, seçimini düzgün edə bilməyən bir işçi kimi yadda qalacaq.
 
“Müsahibəni ləğv etmək primitiv yanaşma olar”
 
- Bir neçə vəzifəyə qeydiyyatdan keçib, dövlət qulluğunda uğur qazanan olubmu?
 
- Belə hallar da olur. Bir nəfər eyni gündə üç müsahibədə iştirak edib və üçüncüdən keçmişdi. Həmin şəxs əvvəldən seçimini doğru etsə, elə üçüncü vəzifəni seçərdi. Bu zaman həm özü bir dəfə imtahanda iştirak edərdi, həm də müsahibə qrupu üzvləri də əlavə yükdən xilas olardı. Müsahibə hər iki tərəf üçün fiziki və psixoloji qüvvə sərfini tələb edir.
 
- Müsahibənin ağırlığından danışmışkən, bəzən bu mərhələnin ləğv edilməsi məsələsi gündəmə gəlir. Sizin buna münasibətinizi öyrənmək istəyirəm. Nə qədər realdır bu mərhələnin ləğvi?
 
- Dünyada bu sahədə ən qabaqcıl təcrübələri olan ölkələrin hamısında müsahibə mərhələsi var. Biz özümüzdən nəsə icad etməməliyik. Müsahibəni ləğv etmək primitiv yanaşma olar. Müsahibə mərhələsini ləğv etməyimiz bir çoxları üçün rahatlıq yaradar. Razılaşarsınız ki, test imtahanı ilə minimal biliklər yoxlanılır, lakin dövlət qulluğuna qəbul üçün tələblər var. Biz bu barədə müsahibə boyu danışdıq. İnsanın qərar vermə, komandada işləmək bacarığı, davranışı, şəxsi keyfiyyətini müəyyən etmək üçün müsahibədən yaxşı üsulu hələ heç kim müəyyənləşdirməyib. Müsahibəni ləğv etmək olar, lakin bu 10 addım geri düşməyimizə səbəb ola bilər.
 
“Uğur qazananların 80 faizi gənclərdir”
 
- İnzibati icraçı vəzifələrə aid olan vəzifə qrupları üzrə keçirilən imtahanla bağlı nəticələr açıqlandı. Məlum oldu ki, 45 yaşdan yuxarı 2 nəfər uğur qazanıb. Uğur qazananların 96 faizi 34 yaşa qədər olanlar idi. Yaş artdıqca, uğur faizi azalır. Sizcə, səbəb nədir?
 
- Yaş artdıqca, test imtahanını vermək fizioliji baxımdan çətinləşir. Lakin bununla yanaşı nəticələr gənclərin dövlət qulluğuna marağından xəbər verir. Bu, yaxşı haldır. Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının 10 illik, hazırda isə Dövlət İmtahan Mərkəzinin fəaliyyəti dövründəki müşahidələrimiz göstərir ki, dövlət qulluğunda müsabiqə üzrə uğur qazananların 80 faizi gənclərdir. Cənab Prezident İlham Əliyev də gənclərin inkişafına böyük dəstək göstərir. Bu sahədə bir neçə dövlət proqramı qəbul edilib. Gənclərin dövlət qulluğuna cəlb edilməsi həmin proqramlarda da nəzərdə tutulub. İlk növbədə bir sıra aşağı vəzifələrə staj tələbi ləğv olunub. Əvvəl bütün inzibati vəzifələr üzrə staj tələbi var idi və bu, ali təhsil müəssisələrini yeni bitirən şəxslər üçün baryer yaradırdı. Nazirlər Kabineti tərəfindən dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi şərtlər təsdiq edilərkən bir sıra vəzifələrdə staj məsələsi aradan qaldırıldı.
 
- Hər iki mərhələnin nəticələrini nəzərə alaraq namizədlərin dövlət qulluğuna qəbul edilməsinə mane olan hansı məqamlar aşkarlayırsınız?
 
- Biz istərdik ki, müraciət edənlərin bilik və bacarıqları yüksək səviyyədə olsun. Elan etdiyimiz müsabiqə nəticəsində bir çox dövlət qulluğu vəzifələri hələ də, vakant qalır. Bu da müsabiqə nəticəsində həmin vəzifələrə uyğun namizəd müəyyən edə bilmədiyimiz anlamına gəlir. Namizədlərə istər test, istərsə də müsahibə mərhələsinə hazırlaşmaq üçün hər cür imkan yaradılıb.Test imtahanında istifadə olunacaq suallar üçün mənbələr açıq verilir, ən çox sual doğuran mərhələ – müsahibənin də şəffaf keçirilməsi üçün müstəqil ekspertlər dəvət edirik. Müsahibələr videoçəkilişlə müşahidə olunur. Namizədlər də əmin olsunlar ki, ancaq öz bilik və şəxsi keyfiyyətlərinə arxalanaraq dövlət qulluqçusu ola bilərlər.
 
“Bəzi namizədlərin dünyagörüşü yetərli olmur”
 
- Namizədlərə dövlət qulluqçusu olmaq üçün mane olan baryerlər barədə məlumat verərdiniz...
 
- Bu namizədlərin özlərindən və vəzifənin tutulma şərtlərindən asılıdır. Elə şəxslər var ki, bir orqana müsahibə nəticəsi uğursuz olsa da, başqa bir vəzifədə yaxşı nəticə göstərir. Buna görə də namizədlər seçimlərini doğru etməlidirlər. Saytımızda hər bir dövlət qulluğu qəbul üzrə vəzifə təlimatları, şərtlər yerləşdirilib. Namizəd öz bilik və bacarıqlarına uyğun vəzifə seçməlidirlər. Bir çox hallarda gənclər ən yüksək vəzifəyə iddia edirlər. Onlar nisbətən aşağı vəzifələrdən başlasalar, daha rahat olar. Karyeranı aşağıdan yuxarı qurarlar, yuxarıdan aşağı yox. Yuxarı vəzifəni tutma şərtləri də daha ciddi və ağırdır. Bəzi namizədlərin dünyagörüşü yetərli olmur. Onlar dövlət qulluğuna qəbul olmaq istəyirlərsə, minimal dünyagörüşləri, Azərbaycanın tarixi, coğrafiyası, siyasəti barədə bilikləri yiyələnməlidirlər. Burada dərin biliklər də tələb olunmur. Müsahibə mərhələsində şəxsi keyfiyyətlərə də önəm verilir. Dövlət qulluqçularının etik davranışı ilə bağlı qanun qəbul edilib. Ümumiyyətlə, namizədlərə yanaşma kompleks şəkildə olur.
 
- Direktorlar Şurasının iclasında dövlət qulluğuna qəbulla bağlı qanunvericilikdə də dəyişikliklərin gündəmdə olduğunu demişdiniz. Həmin təkliflər barədə məlumat verə bilərsinizmi?
 
- Təklif edirik ki, dövlət qulluğuna qəbul üzrə sertifikatın qüvvədə olma müddəti 5 il yox, daha az olsun. Dünya təcrübəsində belə sertifikatlar 2, maksimum 3 il qüvvədə olur. Çünki həm qanunvericilik, həm də ictimai münasibətlər dəyişir.
 
- Dövlət qulluğunda çalışanlar arasında da müsabiqədə iştirak edənlər var. Bu günlərdə onlarla bağlı statistik rəqəmlər açıqlandı. Dövlət qulluğunda işləyənlərin imtahan nəticəsini necə dəyərləndirirsiniz?
 
- İmtahana gələnlər arasında bir qisim dövlət qulluğunda çalışır. Onlar əsasən vəzifədə yüksəlmək üçün imtahan verirlər. Məsələn, axırıncı dövlət qulluğuna qəbul imtahanında dövlət qulluğunda çalışan və test imtahanında uğur qazanmış 11 nəfərdən 7 nəfər hazırda çalışdığı vəzifədən daha yüksək vəzifə qrupu üzrə sertifikat alıb. Nəticələri dəyərləndirərkən onların hansı dövlət qurumunda çalışmasını nəzərə almaq lazımdır. Bundan başqa, hazırda dövlət qulluğunda çalışanlar arasında müsabiqə və müqavilə ilə qəbul olanlar var. Müsabiqə ilə qəbul olanların imtahan nəticələri digərinə nisbətən daha yaxşıdır. Axırıncı imtahanda namizədlərin nəticələrinin statistik təhlili də bunu təsdiqləyir. İlk dəfə dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin 45.3%-i, digər katoqoriyaya aid olanların isə 28.5%-i test imtahanından uğurla keçib.
 
“Vəkillərin sayını kütləvi şəkildə artıra bilərik”
 
- Dövlət İmtahan Mərkəzi tərəfindən əmək bazarı ilə dövlət oqranlarında iş axtaranların tələbləri müqayisəli araşdırılırdı. Araşdırmanın nəticələri barədə məlumat verə bilərsinizmi?
 
- Hər bir vəzifənin tutulması üçün xüsusi bacarıqlar, kompetensiyalar və staj tələbi ola bilər. Dövlət qulluğunda bütün vəzifələrin tutulma şərtləri müəyyən edilib. Bütün imkanlar obyektivlik və şəffaflığa yönəlib. Şərtlər hər kəs üçün eynidir. Əvvəllər dövlət qurumlarına işə qəbul üçün müsabiqə elan edərkən vəzifəyə qəbul şərtləri, hansı tələblərin olması barədə məlumatlar olmurdu. Tələblərin əvvəldən açıqlanması həm namizədlər, həm də bizim dövlət qurumlarına düzgün insanı seçib göndərməyimiz üçün sərfəlidir.
 
- Bir müddət əvvəl vəkilliyə namizədlərin qəbulu zamanı test mərhələsində keçid balının 60-dan 50-yə salınması təklif edildi. Bildiyiniz kimi, nümayəndəlik institutu ləğv olundu, ölkəmizdə vəkillərin sayı qonşu ölkələrlə müqayisədə çox aşağıdır. Bu sayın qısa zamanda artımına ehtiyac var. Keçid balını azaldaraq daha çox vəkil işə qəbul etməklə bu problemin həll edilməsi mümkündürmü?
 
- Bu məsələdə iki həll yolu var: ya dediyiniz kimi, keçid balını azaldıb, vəkillərin sayını kütləvi şəkildə artıra bilərik, ya da vəkillik institunu peşəkarlardan formalaşdırmalıyıq. Təbii ki, bunun üçün minimal tələb olmalıdır. Süni yolla bu sayı artırmaq dövlətin mənafeyi baxımından uyğun deyil. Şərtləri müəyyən qədər yumşalda bilərik, lakin lazım olan minimal tələblər olmalıdır. Hesab edirəm ki, Vəkillər kollegiyası istəkləri nəzərə alaraq yaxın zamanda vəkillik institutunu inkişaf etdirəcək. İnanıram ki, bu institut peşəkarlardan formalaşacaq.
 
- Prosesi nə qədər şəffaf keçirdiyinizi desəniz də, imtahandan narazı qalanlar olur. Onlar da Apelyasiya Komissiyalarına müraciət edirlər. Komissiyaya əsas şikayətlər nələrdir?
 
- Narazılar hər zaman olacaq. Müsahibə zamanı çəkilişin aparılmasının məqsədi şikayətləri araşdırarkən müstəqil qurum kimi Appelyasiya Komissiyasının proses barədə tam məlumatlandırılmasıdır. Bəzi namizədlər müsahibəyə özünə qiymət verib gəlir. Müsahibə qrupu üzvlərinin qiymətləndirməsi namizədlərin daxilində özləri ilə bağlı verdikləri qərarla uyğun gəlməyəndə Apelyasiya Komissiyasına müraciət edirlər.
 
Şikayətçinin istəyinin təmin edildiyi apelyasiyalar da olur. Bu, çox normaldır. Bəzən qiymətləndirmə düzgün aparılmaya bilər, hətta namizəd əvvəl cavab verə bilmədiyi suallara apelyasiya iclası zamanı cavab verə bilir.
 
Nə qədər ehtiyat kadr var?
 
- Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dövlət qulluğuna qəbulda namizədlərin sayının az olduğunu bildirmişdi. İştirakçı sayının çox olması həm də rəqabət mühiti deməkdir. Siz necə düşünürsünüz namizədlərin sayını artırmaq üçün hansı addımlar atıla bilər?
 
- Bunun üçün təbliğat işi aparılmalı, dövlət qulluğunun cəlbedici məqamları ilə bağlı vətəndaşlar məlumatlandırılmalıdır. Dövlət qulluğuna qəbulla bağlı bukletlər, təlimatlar vətəndaşlara çatdırılmalıdır. Dövlət İmtahan Mərkəzi yaranandan sonra Dövlət qulluğu jurnalı çap olunur. Bütün zəruri məlumatlar bu jurnal və Mərkəzin saytı vasitəsilə ictmaiyyətə çatdırılır. Vakant vəzifələrlə bağlı elanlar KİV-lərdə dəfələrlə verilir, ali təhsil müəssisələrində yuxarı kurs tələbələri və magistrlarla görüşlər keçirilir və s. Bütün bunlar dövlət qulluğuna vətəndaşların marağının artırılmasına yönəlib.
 
- Son illərdə dövlət qulluğuna qəbul üçün müraciətlərin sayı ilə bağlı rəqəmlər varmı?
 
- Ləğvetmə prosesi ilə bağlı son illər dövlət qulluğuna qəbulda müraciətlərin sayında artım olduğunu deyə bilmərik. Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya fəaliyyət göstərdiyi dövrdə müraciət edənlərin sayında hər il artım qeydə alınırdı.
 
- Eyni vəzifəyə qəbul olmaq istəyən iki nəfər həm test, həm də müsahibə mərhələsində yaxın və ya bərabər nəticə göstərsələr, işə qəbul zamanı seçim necə aparılır?
 
- Say daha da çox ola bilər. Bəzən 10 nəfər belə nəticə göstərir. Bu zaman namizədlərin hamısının nəticəsi dövlət orqanı rəhbərinə təqdim edilir. Qanunvericiliyə uyğun olaraq həmin rəhbər şəxs işə qəbul ediləcək şəxsi özü seçir, qalanları ehtiyat kadr kimi qeydə alınır. Gələcəkdə vakant vəzifə yarananda həmin şəxslər müsabiqəsiz vəzifəyə təyin edilirlər.
 
- Ehtiyat kadr bazası uzun müddətdir yaradılıb. Bu kadrların sayı nə qədərdir?
 
- Əvvəllər ehtiyat kadrlar komissiyada saxlanılırdı, qanunvercilikdə edilən dəyişikliyə görə indi həmin kadrların məlumatları hər bir dövlət orqanının özündə saxlanılır. Onların sayı hazırda 353 nəfərdir.
 
- Sonradan dövlət qurumları ehtiyat kadrlara müraciət edirlərmi?
 
- Əvvəl də olurdu, indi də müraciətlər qeydə alınır. Məlumatlar dövlət qurumlarında saxlanılsa da, ehtiyat kadrların sayı, hansı dövlət qurumlarında daha çox olmaları, topladıqları ballar barədə informasiyalar bizdə olur. Dövlət qurumuna kadr ehtiyacı yarananda ehtiyat kadrlara müraciət edirlər. Bizim də əsas məqsədimiz ilk növbədə ehtiyat kadrların vəzifələrə yerləşdirilməsidir. Çünki həmin şəxslər hər iki mərhələni uğurla keçib. Ehtiyat kadrın siyahıda qalma müddəti iki ildir. İki ildən sonra onlar siyahıdan çıxarılır və təkrar müsahibədən keçməli olurlar.
 
“Əməkdaşları intizam məsuliyyətinə cəlb olunan qurumlar…”
 
- Vakansiyalar barədə məlumatlar açıqlanarkən diqqət çəkən məqamlardan biri də bəzi dövlət qurumlarına heç bir müraciətin olmamasıdır. Sizcə, buna səbəb nədir? Ali məktəblərin kadr hazırlığı ilə əmək bazarında uyğunsuzluq, yoxsa necə?
 
- Hər bir konkret hala fərdi yanaşmaq lazımdır. Bizim ali məktəblər bütün ixtisaslar üzrə kadr hazırlayırlar. Hər hansı dövlət qurumuna müraciətin olub-olmamasının yəqin ki, müəyyən səbəbləri var. Lakin konkret səbəb deməkdə çətinlik çəkirəm.
 
- Ən çox və ən az vakansiya təqdim edən dövlət qurumları hansılardır?
 
- Təbii ki, bu dövlət qurumunda işçilərin sayından asılıdır. Hazırda ən çox vakansiya təqdim edən qurumlar Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, habelə Əmlak Məsələləri üzrə Dövlət Komitəsidir.
 
- Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası fəaliyyət göstərəndə vətəndaşlar dövlət qurumlarından şikayətləri ilə bağlı həmin quruma müraciət edirdi. İndi necədir vəziyyət, Dövlət İmtahan Mərkəzinə olur müraciətlər?
 
- Etik davranışla bağlı vətəndaşlar yenə də bizə müraciət edə bilərlər. Bu məsələ qanunvericilikdə də əks olunub. Hər hansı dövlət məmurunun onlarla davranışının qanunvericilik tələblərinə zidd olduğunu düşünən vətəndaş Dövlət İmtahan Mərkəzinə müraciət edə bilər.
 
- Belə müraciətlər olurmu?
 
- Olur. Deməzdim ki, bu kütləvi şəkildədir. Amma müraciətlər var. Əvvəllər daha çox olurdu. Şikayətlərin olması həmin dövlət orqanında etik davranışın qənaətbəxş olmaması demək deyil. Hər dövlət orqanı ilin sonunda etik davranışla bağlı hesabat verir. Bəzi dövlət orqanında bu məsələ ilə bağlı 10 nəfəri məsuliyyətə cəlb etdiyini, bəziləri belə halın olmadığını yazır. Hesab edirəm ki, əməkdaşları intizam məsuliyyətinə cəlb olunan qurumlarda vəziyyət daha yaxşıdır. Cəzalandırma orada iş olduğundan xəbər verir. İdeal dövlət qurumu yoxdur, problemlərlə mübarizə aparanları dəstəkləmək lazımdır.
 
- Dövlət qulluğuna imtahanlarının test və müsahibə mərhələsindən keçərək qəbul olan şəxslərin artması dövlət qulluqçularının yaxşı fəaliyyət göstərməsi deməkdirmi? Bu cür qəbul edilənlər problemləri həll edəcəkmi?
 
- Müsabiqə yolu ilə qəbulun məqsədi ən yaxşıların seçilməsidir. Bu təcrübədə də özünü göstərir. Dövlət qulluğuna müsabiqə yolu ilə qəbul olanlar arasında özünə karyera quranlar var, hətta bir neçə ilə öz bacarıqları ilə şöbə müdiri səviyyəsinə qalxanlar da var. Bu, ən yaxşı sistemdir. Problemlər olacaq, biz də çalışmalıyıq ki, bu problemləri tədricən aradan qaldıraq.
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Hamısı