““Google”un atası” sayılan layihəni yaradan alim “İndi qarşınızda milyardlar sahibi iş adamı kimi otura bilərdim, amma...”

Müsahibələr 18:51 09.10.2018

Professor Ali Kutvan:  “Koreya və Sinqapur iqtisadiyyatının arxasında  Azərbaycanda yaranan bu nəzəriyyə dayanır, niyə onlardan biri olmayaq?!”

“Samsung” şirkəti Azərbaycanda yaranan iqtisadi nəzəriyyənin hesabına  dünya brendi oldu”

Eurasia Diary AzEdu.az-a istinadən tarixə adını yazan elm və təhsil xadimləri ilə müsahibələri davam etdirir.

Budəfəki müsahibimiz isə  Azərbaycanda və dünyanın bir çox universitetlərində çalışan türkiyəli professor Ali Kutvandır. O, bir neçə ali təhsil müəssisəsində çalışmaqla bərabər, həm də Kutvan Projekt Group şirkətinin rəhbəridir.

Professor müsahibə zamanı dünya İT tarixinə iz qoya biləcək layihələri, dünyanın müxtəlif ölkələrindəki təhsil sistemləri, Azərbaycanlı tələbələri digərlərindən fərqləndirən özəlliklər barədə maraqlı məlumatlar verib.

AzEdu.az onula müsahibəni təqdim edir:

- İzninizlə, müsahibəyə ümumi sualla başlayaq: Öncə sizi tanıyaq, Azərbaycana nə vaxtdan gəldiniz,  buradakı  fəaliyyətiniz nədən ibarət oldu? 

 - Bizi 2012-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi dəvət etdi. Hər şey elə o vaxtdan başlandı. Prezident bütün nazirliklərə öz strateji planlamalarını hazırlamağı tapşırmışdı. Amma o günə qədər həmin strateji planlamalarla bağlı hansısa iş görülməmişdi. Bizi bu səbəbdən, xüsusi dəvət etdilər.

 Daha doğrusu, dəvətdən əvvəl mənim burada ikigünlük konfransım olmuşdu. Konfransdakı çıxışımın mövzusu “Regional iqtisadi artım planları” idi. Mən o zamanlar amerikalı professor Maykl Porter tərəfindən inkişaf etdirilən regional iqtisadi artımla bağlı “economic cluster” nəzəriyyəsi üzərində çalışırdım.

Maykl Porter dünyada ən çox oxunan və istinad alan alimlərdən biri olmaqla yanaşı, Harvard Universitetində professor, Strateji Araşdırmalar Mərkəzində direktordur. Onun “Dəyər zənciri” adlı elmi yanaşması, rəqabət analizi ilə bağlı akademik, elmi araşdırmaları var. Mən bununla bağlı Azərbaycanda üst səviyyə idarəçiləri üçün konfrans keçirdim. Çox bəyənildi. Əslində, konfransda qeyri-adi heç nə olmadı. Mən sadəcə, çıxış etdim və daha sonra Türkiyəyə qayıtdım. Təyyarədə də özlüyümdə düşündüm ki, görəsən, çoxmu dolaşıq danışdım? Məni kifayət qədər başa düşüb-düşmədiklərini düşünürdüm. Amma iki ay sonra mənə zəng vurub dedilər ki, çıxışınızı çox bəyəndik və sizinlə əməkdaşlıq etmək istərdik. Beləcə, bizi 2012-ci ildə bura dəvət etdilər. 

İlk işimiz rayonların turizm  iqtisadi inkişaf planlarını hazırlamaqla bağlı oldu. Bütün nazirliklərlə görüşlər keçirib, ciddi elmi araşdırma apardıq. Maykl Porterin Klaster metodologiyası ilə bağlı 6 ay işlədik. Türk, Azərbaycan, ingilis dillərində 180 səhifəlik hesabat hazırladıq. 

Sonralar mən Türkiyəyə qayıtmaq istəyirdim. Çünki oradakı universitetlərdə də menecment üzrə dərs deyirəm. Soruşdular ki, sizə Azərbaycandakı ali məktəblərdə iş versək, Türkiyə universitetlərindən icazə alaraq, burada uzun müddət qala bilərsinizmi?

Bununla bağlı,  Türkiyədəki universitetlərlə görüşdük. Onların icazəsindən sonra Bakıya gəlib, Turizm və Menecment Universitetində Strateji menecment  fənnini tədris etməyə başladım. Eyni zamanda, nazirliklərə məsləhətçi kimi xidmət göstərirdim. Bir ayağım həmişə universitetdə olub. İki doktorantım var: Biri menecment, digəri isə kommunikasiya sahəsi üzrə. Dünyada az insan iki PhD sahibidir. 

Bundan əlavə, öz şirkətimiz də var: Biri Menecment-konsultasiya  xidməti, digəri isə memarlıq şirkətidir. Türkiyə və dünyanın müxtəlif ölkələrində həm dövlət, həm də özəl sektorda işləmiş, universitetdə və öz şirkətimdə çalışaraq önəmli təcrübə qazanmışam.  Beynəlxalq səviyyəli 3 mükafatın sahibiyəm. ABŞ-da yayımlanan  “Journal of Business and Economics”  adlı elmi jurnalın redaksiya heyətinin üzvüyəm.

“Azərbaycanlı tələbələrim var ki, onları istənilən ölkəyə aparsanız, orada çox uğurlu kadr  olacaqlar”

- Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında çalışırsınız. Bizim tələbələrin dərs zamanı interaktiv bacarıqlarından danışmaq istərdik. Ümumiyyətlə, onların IQ səviyyəsi,  analitik bacarıqları sizi nə dərəcədə qane edir? 

- Tələbələrimin əksəriyyətindən razıyam. Xüsusilə də İdarəçilik Akademiyasındakılardan. Magistratura pilləsində 8 tələbəm var. Onlar gələcəyin əla kadrlarıdır. Mən Amerikada, Türkiyədə, Azərbaycan universitetlərində çalışmış, müxtəlif tələbələrlə rastlaşmışam. Xüsusilə, iki tələbəm çox savadlı, istedadlıdırlar. Onları istənilən ölkəyə aparsanız, çox uğurlu ola bilərlər. Bunları dərsdə iştirak və layihələr üzərində işləmələrini nəzərə alaraq, deyirəm. Magistratura və doktorantura tələbələrimə öncədən keçəcəyim dərslə bağlı önəmli məqalələr yollayıram. Adətən, onlar bunu oxumurlar. Amma hər dəfə şahidi olmuşam ki, həmin iki tələbəm yolladığım məqalələri oxuyub, bu haqda mənə sual veriblər. Bəzən dərsə cavab verəndə həmin elmi məqalələr haqda da danışıblar. Bu, mənim çox xoşuma gəldi. 

Azərbaycanlı tələbələrin hamısı olmasa da, 20-30%-i savadlı və biliklidirlər. Onlara şans verilsə, çox uğurlu karyera quracaq potensiala sahibdirlər. Amma bunun üçün universitetin keyfiyyətini artırmaq, cəmiyyətin ekosistemini inkişaf etdirmək lazımdır. Bunlarla bağlı ciddi problemlər var.

 Azərbaycan Turizm və Menecment Universitetində 8 tələbəm var. Sonuncu dərsimin üstündən 3 il keçməsinə baxmayaraq, indi də onlarla hər gün görüşürəm.. Hələ də tez-tez mənə e-mail yazır, hal-əhval tuturlar. Aramızda yüksək dostluq əlaqələri var. Mən belə də olmasını istəyirəm.  Müəllim və tələbə arasında ünsiyyət davamlı olmalıdır. Turizm və Menecment Universitetində, Dövlət İdarəçilik Akademiyasında və digər ali təhsil müəssisələrində həm bakalavr, həm də magistratura pilləsi üzrə çox savadlı tələbələrim olub. Bu, məni xoşbəxt edir. 

“Azərbaycana yeni gələndə müəllimlərin pul alması, diplomların “pullu olması” kimi məsələlər məni çox təəccübləndirmişdi”

- Siz müxtəlif  ölkələrin universitet auditoriyalarında olub, seminar, mühazirə və konfranslar keçirmisiniz. Amerika, Asiya və Avropada çox tələbələr görmüsünüz. Azərbaycan tələbələrini onlarla müqayisə etsək, bizimkilərdə nə kimi boşluq və fərqlər ortaya çıxar? 

- Əslində, tələbələrdə problem yoxdur. Tələbələrə şans verilib öyrənmə mühiti yaradılsa, yaxşı sistem qurulsa, çox savadlı, tərbiyəli və araşdırmaqda maraqlı olan tələbələr var. Yəni, problem tələbədə deyil, təhsil sistemindədir. 

Azərbaycana yeni gələndə müəllimlərin pul alması, diplomların “pullu olması” kimi məsələlər məni çox təəccübləndirmişdi. Bunlar dünyanın heç bir ölkəsində yoxdur. Sistem və ya öyrənmə texnologiyası ilə bağlı bu tip problemlər var. Bunlar tələbələrə təsirsiz ötüşmür. 

Əgər müəllim işinə düzgün yanaşarsa, çox savadlı tələbələrlə qarşılaşar. Azərbaycanda elə tələbələr var ki, onları Amerikaya da aparsanız, istər təhsil, istərsə də karyerada çox uğurlu ola biləcək potensiala sahibdirlər. Məsələn, mənim mükəmməl layihə hazırlayan tələbələrim olub. İmtahanlarda sualları ustalıqla cavablayan tələbələr az deyil. Dünyanın hansı ölkəsində problem axtarsaq, sistemləri araşdırmalıyıq. Xüsusilə də təhsil sistemi cəmiyyətə təsir edir.

Mən bu işi çox sevərək görürəm. Yəni, Azərbaycanda dərs deməyimin pulla əlaqəsi yoxdur. Onsuz da bilirsiniz ki, burda müəllimlər pul qazanmırlar. Mən hətta universitetdən aldığım pulu belə ailəsi, uşağı olan gənc müəllimlərə vermişəm.  Adını isə çəkməyəcəyəm. Sadəcə, onu demək istəyirəm ki, bu, mənim üçün pul məsələsi deyil, sevərək gördüyüm işdir.  Dolayısı ilə, tələbələrlə ünsiyyətdə olmaq, onlara yeni informasiyalar vermək mənim üçün böyük zövqdür. 

Burada bəzi yenilikləri tətbiq edirəm. Məsələn, həm Türkiyə, həm də Azərbaycanda imtahan suallarını belə soruşuram: 6 sual verirəm. Tələbə onlardan 4-nü seçir. Hər sual 25, toplam isə 100 bal gətirir. 6-cı suala əsasən, tələbə keçirilən mövzularla bağlı özü sual verib, özü də cavablandırmalıdır. Dünya təhsil sisteminə görə müəllim sual, tələbə isə buna cavab verir. Halbuki ən böyük bacarıq düzgün sual verə bilməkdir. Təhsil sistemi həmişə tələbələri cavab verməyə istiqamətləndirib. Mən isə illərdir bunun əksini tətbiq etməyə çalışıram. Təəssüf ki, tələbələrimin 82%-i VI sualı  deyil, digərlərini seçir. Yəni, tələbəm verdiyim suallara cavab verməyə çalışır, amma özü sual vermək istəmir. Təhsil sisteminin ən böyük problemlərindən biri odur ki, sual soruşan, fərqli yanaşan, polemika aparan tələbələr azdır. 

Auditoriyada  daim layihələr üzərində işləyirik. Çünki bu sahədə nəzəriyyə ilə bərabər təcrübənin də olması önəmlidir. Diskussiya qrupları yaradıb, müxtəlif mövzular ətrafında müzakirələr aparırıq. Hər semestr tələbələr ən azı üç yazılı iş verirlər. Burada böyük problemlər ortaya çıxır. Onların əksəriyyəti yazı yazma mədəniyyətinə sahib deyillər. 

Çox bəyəndiyim şeylər də var. Bir tələbəm iki ildir universitetdə müəllim kimi çalışır. Görürəm ki, mənim verdiyim metodologiyanı tətbiq edir. “Ali müəllim metodologiyası” deyə bir şey formalaşıb. Tələbələrimin yolumu davam etdirməyə çalışması mənim çox xoşuma gəlir. 

Tələbələrin zəka, bacarıq baxımından problemləri yoxdur. Lazımı  ekosistem, mühit yaradılsa, onlar çox uğurlu olarlar. Sadəcə, sistemlə bağlı ciddi problemlər var. 

Məsələn, dünyanın heç bir yerində doktorantı olmayan biri universitetdə dərs deyə bilməz. Türkiyədə, Amerikada da belədir. Əgər PhD sahibi deyilsizsə, ali təhsil müəssisəsində dərs deyə bilməzsiniz. Azərbaycanda isə yalnız magistr dərəcəsinə sahib olan universitetdə dərs deyir. Halbuki, onun kifayət qədər savadı, PhD-i, heç  doktorantı da yoxdur. Bunlar dünyanın heç bir  ölkəsində olacaq şeylər deyil. 

 “Azərbaycan universitetlərinin birində yaratdığım Mərkəzə 150-200.000 dollar investisiya qoyuldu”

- Bir çox ölkələrdə olmağınız həm də dünyanın fərqli təhsil sistemlərini görmək deməkdir. Ən çox bəyəndiyiniz və “Azərbaycanda olsaydı, yaxşı olardı” dediyiniz təhsil sistemi hansı ölkədədir?

- Finlandiya böyük çevriliş edərək innovativ ölkələr siyahısında ilk beşlikdə yer alıb.   Orada adambaşına düşən ümumi daxili məhsul  əvvəlcə 5 000 dollar idi. 7-8 il ərzində bunu 25 000 dollaradək qaldırdılar. Bu sürətli inkişafda təhsil sistemindəki islahatların da önəmli rolu var. Sistemin heç dəyişilməz dediyi yerlərini belə dəyişmək mümkündür. Mən Azərbaycandakı universitetlərin birində  “Resource and Devolopment Center” qurdum. Rəhbərliyim və istəyimlə ora 150-200 000  dollar investisiya qoyuldu. Onun açılışında da eyni məsələni gündəmə gətirmişdim. 

Finlandiya təhsil sisteminə görə dünya  ölkələrinin başında gəlir. 7-8 il ərzində fin təhsilindəki dəyişikliyin nəticəsini bütün sahələrdə, sənaye, İKT və iqtisadiyyatda gördük. Bütün bunları araşdırmaq lazımdır.

Əslində, Türkiyə də oxşar problemlərlə qarşı-qarşıyadır. Orada da son bir neçə ildə 7-8 dəfə təhsil sistemi dəyişdirilib. Azərbaycan, Türkiyə, dünyanın bir çox ölkələri bu problemlə üz-üzədirlər. Onlar bu modelləri araşdırıb öz  mədəniyyət kriteriyalarına uyğunlaşdıraraq tətbiq etməlidirlər.

“Bəlkə də, “Made in Azerbaijan” brendi o dövrlərdə dediyim bir şey idi”

- Elm və təhsilin inteqrasiyası bu gün hansı ölkələrdə daha sürətlə gedir və bu onların uğurlarına nə dərəcədə təsir edir?

- İki il Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkının baş müşaviri kimi işlədim. Onun qurulmasında da rolum oldu. Orada mənim üzərində  dayandığım əsas şüar bu idi: “Sience to business, business to sience”. Yəni, biznes və elmin əlaqələndirilməsi. Bununla bağlı proqram və strategiyalar yaratdıq. Tətbiq olunub olunmaması isə ayrı məsələdir. Bu konsepsiyanı AMEA-da deyən ilk şəxs mənəm. Mən bu strateji araşdırmaları qalın kitab halına salıb akademiyaya da verdim.

Bu, çox önəmli mövzudur. Dünyada bu istiqamətdə ən uğurlu ölkələr Cənubi Koreya, Sinqapur, Taylanddır. Bunlar Asiyanın ən öndəgedən ölkələridir. Ümumiyyətlə, fərqli iqtisadi strategiyalar tətbiq edən, öz təhsil sistemlərinə, İT texnologiyalarına israrla yatırım etdirən ölkələr son dövrlər böyük uğurlar qazanıblar. Məsələn, Cənubi Koreya adambaşına düşən ümumi daxili məhsul baxımından Türkiyədən xeyli geri idi. İndi isə ondan üç dəfə irəlidir. Bunun iki səbəbi var: Biri, də elmlə iqtisadiyyatın əlaqəsi, təhsil sistemi, informasiya texnologiyaları istiqamətlərində aparılan strategiyalardır. Elə mən də Resource and Devolopment  Centeri yaradarkən bu strateji hədəfi düşünmüşdüm.

Bəlkə də, “Made in Azerbaijan” brendi o dövrlərdə dediyim bir şey idi. Azərbaycan iqtisadi olaraq rəqabət üstünlüyünü təmin edə biləcək sahələrə fokuslanmalıdır. Bunlardan biri İT-dir. Azərbaycan olaraq doğru strateji hədəf və proseslər yarada bilsək, 5 il sonra məsələn, İT sahəsində “Made in Azerbaijan” deyə biləcəyimiz bir İT məhsulunu dünya bazarına çıxara bilərik. 

“Məşhur TRİZ və innovasiyanın  ana vətəni Azərbaycandır”

- Azərbaycanın  İT  bazarındakı potensialını necə dəyərləndirirsiniz?

- Burada iki münasibət var: Biri qaynaq əsaslı yanaşmadır. Qaynaq və resurslara əsasən bilirsən ki, hara gedə bilərsən. İkincisi, fürsətdir. Qaynaq münasibəti bizi istədiyimiz yerə aparmaya da bilər, fürsətlərə diqqət etmək lazımdır. 

Ümumiyyətlə, biz fokuslanacağımız istiqamətlər yaratmalıyıq. Daha sonra onlarla bağlı layihələr yaradıb, məhsullar istehsal edərək dünya bazarına çıxara bilərik. Burada qaynaq problemi ola bilər. Qaynaq insan kateqoriyasıdır. Bu, xaricdən də gətirilə bilər. Əsas olan layihəni yaratmaq, hədəfi müəyyənləşdirmək, layihəni sistemə çevirmək və sonradan  çatışmazlıqları xaricdən monitorinq edib aradan qaldırmaqdır. Çatışmayan resursları konkret bilərək xaricdən almaqla belə layihələr həyata keçirmək olar. Yenə də layihənin sahibkarı siz olacaqsız.

Doğru strategiya və modellər formalaşdırsaq, IT bazarına məhsul çıxara bilərik. Məsələn, Yaponiyanın Pokemon oyununun illik dövriyyəsi bir milyard dollardır. Söhbət sadəcə, dövriyyədən gedir. Buna bənzər məhsullar yaratmaq çox da çətin deyil. Özgüvən, proqram, strategiya və s. yaratmaq lazımdır. Azərbaycanda bu istiqamətdə inamsızlıq və ya strateji olaraq yönəlmə problemi var. Yoxsa, bunları Azərbaycan da edə bilər. Çünki İT bilgisi kompüter, proqram, bilik və bacarıqdan asılıdır. Model, hədəf və s-yə ehtiyac var.  Hər sahə üçün strateji planlama aparılsa, daha düzgün olar.

Azərbaycanda 14 sektor üçün 14 strateji planlama yaradılması da düzgün deyil. Dünyanın inkişafına uyğun 1-2 sektor seçib, onların 50 sahəsinə fokuslanıb, 10 il həmin sahələrdə işləmək məhsuldar nəticə verə bilər. 

Təəssüfedici məqama toxunum: İnnovasiya siyasəti mövzusunda Azərbaycanda təlimlər keçirilir. İştirak etdiyim  bəzi yerlərdə təlimçilərdən soruşuram ki, TRİZ-i bilirsiz? Bu haqda ümumiyyətlə, eşitmədiklərini bildirirlər. Çox maraqlıdır. Axı, bu, innovasiyanın təməlidir. Onun vətəni Azərbaycandır. Bütün dünya bundan istifadə edir. Azərbaycana gələn, əslində çox da savadlı olmayan mütəxəssislər azərbaycanlılara innovasiya dərsi keçir, özləri isə TRİZ-i bilmir. Halbuki, TRİZ və innovasiyanın  ana vətəni Azərbaycandır. Biz vətənimizdə yaradılan məlumatı unudub, kənardan kimisə innovasiyanı öyrətmək üçün vətənə çağırırıq. Çox təəssüf edirəm...

 “Koreya və Sinqapur iqtisadiyyatının arxasında  Azərbaycanda yaranan bu nəzəriyyə dayanır, niyə onlardan biri olmayaq?!”

 - İT ilə bağlı danışıb bildirdiz ki,  bu sektorda Azərbaycanda sanki güvənsizlik var. Sizcə bu güvənsizliyin səbəbi nədir? Bəlkə problem elə Azərbaycanın daxili İT bazarından qaynaqlanır?

- Güvənsizlikdən öncə qeyd edim ki, bununla bağlı Azərbaycanda bir ekosistem formalaşmalıdır. Konkret olaraq İT sahəsində bir proqram və strategiya ilə iş görülsə, 5 il ərzində İT mövzusunda dünyaya xeyli məhsul çıxarmaq olar. Onun böyük və ya kiçik olması isə önəmli deyil. Məsələn, mən çox səlahiyyətli biri olsaydım, konkret olaraq bunu edərdim. Çünki bunun planlama proqramını necə yaradacağımı çox yaxşı bilirəm. Güvən, inam  buna əlavədir. Öncə isə strategiya, proqram və ekosistemi yaratmaq lazımdır. İdarəetmə İT-ə bərabərdir. İT olmadan heç nə ola bilməz. İT ilə yanaşı bilik iqtisadiyyatı da vacibdir: zəka, elm, proqramlaşdırma, kodlaşdırma, kompüter, proqram, bunlarla yanaşı ekosistem və strateji planlama.  5 il ərzində dünya bazarına İT məhsulu çıxara bilərik. Niyə də olmasın?! Bunu Koreya və Yaponiya edə bilirsə, biz niyə bacarmayaq?

Mənim uşaqlığımda Çin və yapon malları ən pis məhsullar sayılırdı. Türkiyədə Çin və yapon mallarını almaq istəməzdik. Çünki çox keyfiyyətsiz olurdular. Amma indi bu ölkələr bir nömrədirlər. İT sektorunda böyük iqtisadiyyat yaradıblar. Maraqlı nüans bundan ibarətdir ki, Sinqapur, Koreya iqtisadiyyatının arxasında TRİZ nəzəriyyəsi durur. 

Bu gün Samsung dünya brendidir. Samsungun arxasında da TRİZ  var. Bu gün mühəndis Samsungda işə başlamaq istəsə, çoxsaylı müsahibə və sınaqdan keçəndən sonra işə qəbul olunacaq. Hələ işə başlamadan onlara 50 saat məcburi TRİZ  təlimləri keçirilir. TRİZ texnologiyasını yaradıb tətbiq edən şəxs də Bakıda yaşayan bakılı alim Henrix Altşüller olub. Tələbəsi indi Sank Peterburqda yaşayır. Hamı TRİZ-i tətbiq edərək böyük innovasiyalar yaradır. Bunun ana vətəni Azərbaycandır. Niyə də Azərbaycan bir Sinqapur, bir  Cənubi Koreya olmasın? 

 - Çox maraqlı yerə gəlib çıxdıq. Azərbaycanda doğulan və ən az Azərbaycana çatan bir nəzəriyyə... Bunu ilk dəfə siz işıqlandırdınız. İstərdik ki, TRİZ-in fəlsəfəsi, yaradıcısı haqda danışaq. TRİZ nədir və dünyanı necə dəyişdi? 

 - Henrix Altşüller XX əsrin ən önəmli elm adamlarından biridir. Mən onun haqqında məqalə də yazmışam. Henrix Altşüller 4 yaşındaykən ailəsi ilə Bakıya köçüb.

TRİZ isə çox maraqlı nəzəriyyədir. O, innovasiya etməyin mövcudluğunu izah edir. Hansı şəkildə getsək innovasiya edə biləcəyimizin nəzəriyyəsidir. Bu, çox önəmlidir. İstənilən sahədə innovasiya etmək istəyiriksə hansı yollardan keçərək bunu reallaşdıra bilərik, bunun sistemini quran şəxsdən söhbət gedir. O, bir dahidir. Bunu 70-cı illərdə yaradıb. Sonradan 1995-ci ildə Massaçuest Universitetində bunu araşdırıb inkişaf etdiriblər. İndi bununla bağlı proqramlar, TRİZ 2-0 və s.var. Çox inkişaf edib. Amma necə innovasiya etməyin metodologiyasınının yaradıcısını azərbaycanlı saymaq olar. Çünki Henrix Altşüller Azərbaycanda yaşayıb və bütün təhsilini burada alıb. TRİZ Azərbaycan brendidir. Sadəcə üçün PR aparmaq lazımdır. İqtisadiyyat və digər sahələrdə bundan istifadə etmək çox önəmlidir. 

“Böyük  nəzəriyyənin banisi bakılı olsa da, konfransa  bir nəfər belə azərbaycanlı gəlmədi”

 - Bəs TRİZ-in dünya iqtisadiyyatına qatqısı nə oldu? O, konkret olaraq hansı boşluqları doldurdu?

-Tutaq ki, hansısa sahəyə innovasiya qoymaq  istəyirsiniz və bunu başqa metodlarla etdikdə uğurlu olub-olmayacağını bilmirsiz. Onun 3 ay və ya 3 il davam edəcəyini də bilmirsiniz. Bununla əlaqədar, metodlardan xəbərsizsiz və innovasiya yaratmaq istəyirsiz. Altşüller bunu sistem halına gətirib. Hansı yollardan keçib innovasiya edə biləcəyinizin nəzəriyyəsini qurub, riyaziyyat modelləri yaradıb. Bunun  üçün TRİZi tam öyrənib tətbiq etmək lazımdır. Bir problem varsa, onu necə həll edəcəksiniz, onun problematik tərəfi nədir? 

Məsələn, TRİZ-ə bir misal çəkim. Bu, pizza qutusu haqda olan real nümunədir. Çatdırılma xidməti olan bir pizza dükanı düşünün. Pizza qutusunu ünvana çatdırdıqda o soyuyur. Üzərini nə iləsə örtüb müxtəlif cür paketlədikdə isə buxar səbəbindən tərləyir və nəmlənir. Ya isti və nəmli olur, ya da quru və soyuq. Elə bir qutu hazırlamalıyıq ki, isti, amma quru olsun. Münasibətlər matrisinə diqqət edin. Qutu bu metodologiyadan istifadə edərək düzəldilir. Onun öz riyaziyyatı var. Nəticədə isti və quru pizza qutusu istehsal olunub. 

2017-ci ildə Fransada “fransız ali təhsil sisteminin problemlərinin TRİZ ilə həlli” adlı kitab çap olunub. Yəni məsələyə TRİZ  metodologiyasını tətbiq edərək yanaşmaq da olar. Çünki Fransada belə bir kitab yayımlandı. 

- Bəs necə oldu ki, siz bu TRİZ-i üzə çıxardınız və Azərbaycanda onu yaymaq qərarına gəldiniz? 

- Mən onsuz da bunu bilirdim. Azərbaycanda innovasiyaların idarə edilməsi dərsini keçərkən mövzunu başa saldım. Yaradıcı düşüncə və proqram çözmək haqqında danışırarkən TRİZ nəzəriyyəsindən də söz açdım. Dərs bitəndə magistr tələbələrimdən Altşüllerin uzun illər Bakıda yaşaması haqda məlumatları olub-olmadığını soruşdum. Onlar bilmirdilər. Bir magistrantın bu haqda heç eşitməmiş olmasına təəccübləndim. Təkcə tələbələr yox, müəllim rektor, prorektor heç kim TRİZ haqda eşitməmişdi. 

- Bəs AMEA-da necə? Bu haqda bilən oldu?

- Xeyr, olmadı. Sonradan TRİZ ilə bağlı konfrans, dərslər təşkil etdim. Məqalələr yazıb onu izah etməyə başladım. Məqsədim o idi ki, bu nəzəriyyə yenidən bərpa olsun, Azərbaycan iqtisadiyyatı, hakimiyyəti bundan istifadə etsin. Belə olsa, ölkə sosial və iqtisadi sahələr də inkişaf edəcək. Çünki dünya iqtisadi inkişafının yolu innovasiyadan keçir. Bu, iqtisadiyyatdan əlavə, Azərbaycanın tanıtımı üçün önəmlidir. Siz ölkədə Altşüller muzeyi yarada, ildə azı bir dəfə TRİZ konfransı keçirə bilərsiz. İnanın ki, bütün dünyanın gözü ən azı Formula yarışları qədər Azərbaycanda olacaq və bundan istənilən sahə yararlana biləcək. 

Bu yaxınlarda Lissabonda Triz festivalı keçirildi. Nəzəriyyənin banisi bakılı olsa da, orada bir nəfər belə azərbaycanlı olmadı. Festivalda nə qədər önəmli alimlər, dahilər iştirak etdi. Lissabondakı Triz festivalında ABŞ, Koreya, Almaniya, Çin, Hindistan, Rusiya, Belçika, İsrail, Braziliya və s. ölkələr iştirak edəcək. Samsungda TRİZ-dən necə istifadə edilməsi ilə bağlı çıxışlar olacaq. Altşüller araşdırmalarının sonuna doğru uşaqlar üçünTRİZ-in də üzərində işləyib. Çünki doğru düşünmə, problemi görə bilmə günümüz üçün çox önəmlidir. Altşüller bir dahi idi.

“Samsung” şirkəti Azərbaycanda yaranan iqtisadi nəzəriyyəni tətbiq etməklə dünya brendi oldu”

- Bir məsələyə diqqət edək. Adını çəkdiyiniz ölkələrin 2018-ci ildə elmə ən çox yatırım edənlərdir. Deməli, TRİZ-i bilməkdən ötrü bu dövlətin  elmə sevgisi lazımdır. Bu sevgini artırmaq üçün biz hansı reformasiyalardan keçməliyik? Söhbət Asiya “kaplanları”nı çıxmaq şərti ilə Şərqdən gedir...

- Dünyada ən çox elmi məqalə yayımlayan ölkə Amerikadır. Daha sonra isə Çin gəlir. Çin bu il 150.000  investor, mühacir, intellektual əcnəbi insanı ölkəyə çağırdı.  TRİZlə bağlı Koreya və Çində dövlət dəstəkli proqramlar da tətbiq edilməyə başlayıb. Dediyimiz ölkələrdə də bir ekosistem yaratmaq lazımdır. Bunu edən ölkələr sosial iqtisadi inkişafına görə ən öndə olan ölkələrdir. 

Məsələn, mən innovasiyalarla bağlı ekosistem mədəniyyətlərini bir-biri ilə qarşılaşdıran elmi araşdırma aparırdım. Onu  bu ilin sonunda kitab halında yayımlamağı düşünürük. Kitabda uğur qazanan ölkələrdə ekosistemin necə, hansı mədəniyyətlər əsasında formalaşdırılması ilə yanaşı, Azərbaycandakı proqramların nə vəziyyətdə olması da əks olunub. Sumqayıt  Texnoparkı, ODTU  Texnoparkı ilə müqayisəli araşdırma aparmışıq. Burada ekosistemin mədəniyyətindən bəhs olunur: universitetlər, onların toplumdakı yeri, universitet sənayesi və s. Məsələn, Amerikada universitet sənaye məsələləri yüksək səviyyədədir. Biznesdən universitetlərə  sifarişlər gəlir, universitetlər bunu ciddi elmi araşdırırlar. Sonra bunları təkrar özəl sektor istifadə edir. Maliyyənin də bir qismini özəl, bir qismini isə dövlət sektoru edir. Bunların hamısını idarə edən həmin ekosistem mədəniyyətidir. O mədəniyyətin yaradılması lazımdır. Bu olmadan heç nə uğurlu ola bilməz. 

- Sizcə TRİZ  nəzəriyyəsinin Azərbaycanda bu qədər unudulması ilə ölkə iqtisadiyyatı daha konkret desək nələr itirib?

-Bunu konkret demək, hesablamaq mümkün deyil. Amma tətbiq edən ölkələrlə öz uğurlarımızı müqayisə edə bilərik. Məsələn Samsunq bunu tətbiq edərək bir dünya brendi olub. T nəzəriyyəsini tətbiq edərək uğur qazanan ölkələrlə özümüzü müqayisə etsək görərik ki, Azərbaycandan belə bir şirkət çıxmayıb. 

“Dünyanın heç bir mədəni ölkəsində magistr dərəcəsi olan müəllim dərs deyə bilməz”

 - Az öncə dünya və Azərbaycan təhsilini müqayisə etdiniz. Bildirdiniz ki, bizdə PhD sahibi olmayanlar və  yalnız magistratura təhsili ilə universitetlərdə dərs deyə bilirlər... 

- ...Bəli! Universitetlərin təməlində  4 funksiya dayanır. Onlardan biri tədqiqat, biri təhsil, biri elmi nəşrlər, digəri isə topluma xidmətdir. Azərbaycanda tədqiqat yoxdur,  topluma xidmət edəcək xüsusi layihələr də həyata keçirmirlər. Təhsil də elədir. Universitetin təməlindəki bu 4 funksiya önəmlidir.

“Master tələbələrimə” müqayisəli araşdırmalar tapşırdım və dedim ki, dünya bunun üçün SPSS adlı proqramdan istifadə edir. Bundan qismən keçmiş Qafqaz Universiteti, indiki Mühəndislik Universiteti istifadə etdi. Gördüm ki, bu proqram haqda heç kim eşitməyib. Çünki heç bir tədqiqat aparılmayıb. Məsələn, Türkiyə, Amerika və digər ölkələrdə araşdırmasız  magistr, doktorant  ola bilməz. PhD önəmli dərəcədir. Çünki PhD edən insandan elmə qətiyyət tələb olunur. Bunun üçün də bir elmi araşdırma aparması lazımdır. 

Təhsil məsələsinə gəldikdə isə dünyanın heç bir mədəni ölkəsində magistr dərəcəsi olan müəllim dərs deyə bilməz. Reytinqlərdə də 4 funksiya nəzərə alınır. Bununla bərabər universitetin elmi məqalələri, təhsilin keyfiyyəti də əsasdır. Tələbə başına düşən müəllim sayı, kitabxana və s. nəzərə alınır. Hər universitet orada çalışan müəllimlərin keyfiyyəti qədər keyfiyyətə sahibdir. Ondan sonra universitet müəllimlərinin elmi jurnallardakı elmi məqalələri əsasdır. Siz Azərbaycanda tədqiqat aparan universitet tanıyırsız? Mən tanımıram. Azərbaycanın dünya beynəlxalq jurnallarında neçə məqaləsi yayımlanıb? Söhbət yüksək indeksdən gedir. Universitet-sənaye əməkdaşlığı, bərabər həyata keçirilən layihələr varsa da mən çox görməmişəm. 

Təbii ki, universitetdə çox dəyərli müəllimlər var. Amma ümumi baxdıqda mən akademik araşdırması, PhD-si olmayan müəllimlərə dərs verildiyini görürəm. Çünki müəllim yoxdur... Çünki müəllimlər pul almırlar. Bir sürü problemlər var...

- Azərbaycanın dünya elm arenasına qoşulması həm də ölkəyə böyük investisiya gətirə bilər. Sizcə,  bunun üçün Azərbaycan təhsilində islahatlara təhsilin hansı pilləsindən başlamaq lazımdır?

- Ən başdan başlamaq lazımdır. Çünki Finlandiya islahatlara uşaq bağçalarından başlayaraq bütün təhsil sistemini, təhsilə baxışı dəyişdirdi. Orada bal toplamaq , qiymət anlayışı yoxdur. Şagirdlər qiymət üçün oxumurlar. Dərslər divarlar arasında deyil, açıq havada keçirilir. Ev tapşırıqları yoxdur. Dərslərin sayı az və araşdırmaya yönəlikdir. Elmi texnologiyalar, riyaziyyat tətbiq olunur. Zövq alaraq öyrənməyə üstünlük verilir. Yaponiyanın iqtisadi inkişafının əsas hissəsi təhsil reformasiyaları elə hesabına olub. 

- Lütfi Zadə vəfat edəndə siz də buna biganə qalmayıb, haqqında məqalə yayımladınız. Onun varlığı “Azərbaycan da alim yetişə bilər” sözünə bir sübutdur. Siz süni intellekt, qeyri-səlis məntiqin dünya elminə qatqısını necə dəyərləndirirsiz? Ümumiyyətlə, bunu elmi inqilab hesab edirsiz? 

- Bir elm adamı kimi Lütfi Zadəyə böyük hörmətim var. Mən öz  kitab və məqaləmlərimdə onu da unutmuram. Azərbaycanlı elm adamı olması da bizim üçün qürur mənbəyidir. Onun haqqında məqalə yazmaq mənim üçün borc, eyni zamanda, da böyük bir zövqdür. 

Lütfi Zadə bu gün süni intellekt dediyimiz bütün proqramlaşdırılmış sistemlərin atası hesab olunur. Yaponiyada Tokio mükafatını alıb.  Bu gün Tokio metrosu Lütfi Zadənin nəzəriyyəsi ilə çalışır. Dünya elminə böyük qatqısı olub. Amerikadakı nüfuzlu universitetlərdə çalışıb. 

Nobel mükafatçısı Aziz Sancar Bakıya gəlmişdi. Onunla bir neçə dəfə görüşümüz olub. O, çox düzgün qeyd etdi ki, Lütfi Zadə Nobel mükafatına layiq bir insandır. Bundan daha önəmli bir şey dedi. Dedi ki, o, əslində bu tip mükafatları belə keçib. Təəssüf ki, onun türk dünyasına çox az təbliğatı oldu. Məsələn, mən əlimdən gələn qədər yazdım. Amma Türkiyədə onun haqqında çox az adam yazdı. Çox önəmli, dünya çaplı bir alimdir. Ona daha maraqlı yanaşa bilərdilər. Çünki dünya elmində xüsusilə də süni intellektin atası olaraq önəmli rolu olub. 

- Bu gün media və təhsilin qarşılıqlı əlaqəsi sizi nə dərəcədə qane  edir? Bizim televiziyalar elm və təhsilə nə dərəcədə müsbət təsir göstərə bilir?

- Medianın dünyadakı rolunu bilirsiz. O,  IV  hakimiyyətdir. Media demokratik  şəraitdə olsa, bütün sahələrə müsbət təsir edə biləcək ünsürdür. 4-cü hakimiyyət olduğuna görə demokratik işləmlərdəki problemlərin həllində rol oynayır. Mediadakılara baxaraq bütün sahələrdəki vəziyyəti təyin etmək mümkündür. Amerika və Fransada medianın bu müsbət rolunu izləmək olar. 

“Bunu ABŞ-da etsəydim, indi qarşınızda milyardlar sahibi iş  adamı kimi oturardım”

- Bir neçə şirkətə rəhbərlik etmisiz. Hansısa media orqanı ilə təhsilə bağlı ortaq layihə həyata keçirmisiz?

- 1995-ci ildə media ilə bağlı önəmli bir layihə yaratmışdım. Bir az iddialı səslənə bilər, amma bu, real məsələdir. Amerikada  “Sience and techology”  mükafatını aldı. Xeyli müzakirə olundu.

Əslində  bu gün istifadə etdiyimiz  “google”-yə çox oxşayan, hətta onun atası sayıla biləcək layihə idi. Təəssüf ki, bunu 1995-ci ildə Türkiyədə həyata keçirdim. Mən bunu Amerikada etmiş olsaydım, bəlkə də qarşınızda bir neçə milyard dollar sahibi olan iş adamı kimi otura bilərdim. 

İndi isə 1995-ci ilə qayıdaq... Mobil telefon yoxdur. İnternet üzərindən ticarət bu qədər inkişaf etməyib. Google və Yahoo kimi axtarış sistemləri hələ qurulmayıb. Vindovs 3.1-i istifadə edirik. Hələ 1995 də satışa çıxarılmayıb. Mən isə bir doktorantura tələbəsiyəm. Doktorant olduğuma görə İstanbulun bir neçə  böyük kitabxanası arasında yollarda qalmışdım. İstanbul Bakı kimi deyil. Çox böyük şəhərdir. Bir kitabxanadan digərinə çatmaq elə də asan məsələ deyil, saatlarla vaxt tələb edir. Eyni gündə iki kitabxanaya getmək asan iş deyil. 

Bu zaman ağlıma bir fikir gəldi: Dedim ki, elektron formada bütün elmi jurnal və araşdırmaların indeksini yaradım. Bunları bir CD-yə toplayaq. Oxucu mövzusu iqtisadiyyat olan, içində filankəsin adı çəkilən, ölkə olaraq Azərbaycanla əlaqəli, yalnız iqtisadi jurnallarda yayımlanmış olan məqalələri istəsə, onu tapa bilsin. Onların titllərı ekrana gəlsin onların hər hansı birinin üzərinə toxunduqda iqtisadi jurnalın 5-ci sayındakı bir məqalə gəlsin. Belə bir layihə yaratdım. O vaxtlar internetdən çox istifadə olunmadığına görə bunları öncə CD ROM-larayerləşdirdik. 3 CD ROM 2480 jurnalı əhatə edirdi. Bu, dünyadakı ilk elektronik jurnal oldu. 1996-cı ildə Amerikada Fen və texnologiya sahələri üzrə birincilik mükafatı verildi. 

Amma Türkiyədə biz bu layihəni yalnız iki il sürdürə bildik və bunu tamamilə  internetə yerləşdirə bilmədik. Çünki  sponsorlarımız  vardı. Bir bank və bir şirkət. dedilər ki, biz iki il bu layihəyə sponsorluq etdik.

Bu, Türk coğrafiyasında olduğuna görə iki il sonra dayandırıldı. Əslində, bu, bir google layihəsi idi. 

O disklər indi də saxlayıram... Hətta onların içində bu gün tapa bilmədiyiniz bütün jurnalların elektron versiyası var. Həm bir “data base” var. Biz o vaxtlar buna PoverBuilding deyilən proqramla etdik. 

O vaxtlar mənə bununla bağlı Harvard, Stenforddan xüsusi məktublar gəldi. Fransa milli kitabxanası məni birgə əməkdaşlığa dəvət etdi. Bu layihə Amerika və Avropada böyük əks səda doğurdu. O vaxtlar mən 30 yaşlarında idim. Buna bir az maliyyə lazım idi. Maliyyələşməm isə elə də güclü deyildi. Bunun bir tərəfi də elə mediaya gəlib çıxırdı. Dünya ölkələrində böyük mükafatlar əldə etdi. Amma nə Türkiyə hökuməti, nə də oradakı şirkətlər reaksiya vermədi. O vaxt mən TUBİTAK-a çox baş vurdum. Amma onlar başa düşmədi ki bu necə bir layihədir. Biz buna kiçik bir maliyyə dəstəyi görə bilsəydik, bu layihə qloballaşsaydı, bu gün internetdəki “google” tipində bir şey olacaqdı. 

Bu layihə dayandı. İllər sonra google akademik kitabların elektron versiyasını çıxarmaqla bağlı bir layihəyə başladı. Amma bacara bilmədi. O zaman mən əlaqə saxlayıb bu CD ROM-ları onlara göndərdim. Googlenin Avropa rəhbəri mənə məktublar yazdı, telefon danışıqları apardıq. Bu layihə ilə bağlı Fransa, Brüsseldə bir çox konfranslar reallaşdırdım. 

Təəssüf ki, bizim coğrafiya bu tip layihələri çox dəstəkləyə biləcək mədəniyyətə sahib deyil. Layihənin adını İndeks 95 qoymuşduq. Görünür, bunu 1995-ci ildə etmək yanlış imiş... Çünki biz 10 il öncəni düşünmüşdük. Sonralar bu texnologiyalar daha yaxşı dəyişdirildi. Əslində isə bu, öz dövründən 10 il öncəni görən bir layihə idi. İki il fəaliyyəti ərzində bütün dünya buna fokuslandı. Bir az bizim gənc və təcrübəsiz olmağımız Türkiyənin buna yetəri qədər diqqət ayırmamasına səbəb oldu. Nəticədə milyardlar itirildi. Türkiyə də, biz də çox şey itirdik...

Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı