“Heydər Əliyev zarafatla dedi ki, bizi restorana çağıracaqsız?” Müsahibə

Müsahibələr 17:37 10.12.2018

Eurasia Diary teleqraf.com-a istinadən ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşən Milli Məclisin deputatı, Xalq yazıçısı Elmira Axundovanın müsahibəsini ixtisarla təqdim edir:

- Elmira xanım, bu il Xalq yazıçısı fəxri adı ilə təltif olundunuz. Ən müxtəlif dönəmlərdə jurnalist, bədii tərcüməçi, yaradıcı şəxs, siyasətçi kimi çalışmısınız, fəaliyyətiniz müxtəlif sahələri əhatə edir. Onlardan hansı sizə daha doğmadır?

- Yaradıcılığım 1970-ci ilin axırları başlayıb, ən əvvəl telejurnalistikaya gəlmişəm. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirəndən sonra AzTV-də “Xəbərlər” proqramında çalışmağa başlamışam. Amma o vaxtkı jurnalistika məni qane etmirdi, böyük qadağalar, senzura vardı, iş mənə çox maraqsız görünürdü. Azad fikirli insan kimi jurnalistikadan getməyi qərara aldım. Tale elə gətirdi ki, Yazıçılar İttifaqında işlədim, İmran Qasımov, Mirzə İbrahimov, İsmayıl Şıxlı kimi böyük yazıçıların köməkçisi oldum, məsləhətçi statusunda çalışdım və orada ədəbiyyata qovuşdum. Elə zənn edirdim ki, tamamilə jurnalistikadan getmişəm. Əvvəl sətri, sonra bədii tərcümə ilə məşğul olmağa başladım. Klassiklərimizin, eləcə də Manaf Süleymanov, Bayram Bayramov, Anarın əsərlərini rus dilinə tərcümə edirdim, o materiallar hətta Moskvada, Peterburqda çapdan çıxırdı.

10 il bu peşə ilə, eyni zamanda elmlə məşğul oldum, “Cəlil Məmmədquluzadə və XIX əsr rus ədəbi realizmi” mövzusunda namizədlik dissertasiyasını müdafiə elədim, 1980-ci illərdə isə AMEA-ya keçərək doktorluq dissertasiyası üzərində işləməyə başladım.

Heç fikirləşmirdim ki, jurnalistikaya geri qayıdacağam. Yazıçılar İttifaqına üzv seçildim, elmdə özümü sınadım, 80-ci illərin axırları isə Qarabağ hadisələri bir çoxumuzu publisistikaya yönəltdi, təkanverici qüvvə oldu. Biz yazmağa, o vaxtkı hakimiyyətə və siyasətə qarşı etirazımızı bildirməyə başladıq. Ədəbi işçi kimi həmişə özümdə yaradıcılıq həvəsi hiss edirdim, sadəcə həmin dönəmdə jurnalistika məni qane etmirdi. 1980-ci illərin sonlarında isə senzura bir qədər zəiflədi. Biz bəzi şeyləri yazmağa başladıq.

Qarabağa Xalq Yardımı Komitəsinin nəzdində Sabir Rüstəmxanlının baş redaktorluğu ilə “Azərbaycan” qəzeti təsis olundu. Yadımdadır, Mirşahin və bir neçə talantlı insanlar bu qəzetə gəldi. Orda böyük həcmli məqalələrim dərc olunurdu, Əbürrəhman Vəzirova qarşı çıxış edirdim. Rəhmətlik Nəcəf Nəcəfovu müdafiə edirdim, məqalələrim diqqəti cəlb edirdi. Anar müəllim mənə dedi ki, “Literaturnaya qazeta”da yer boşdur, istəyirəm səni Azərbaycan üzrə müxbir kimi tövsiyə edim. O vaxt çox məsuliyyətli bir iş idi. Təsəvvür edin ki, Ermənistan üzrə müxbir Zori Balayan idi. Mənsə heç kəsə tanış olmayan bir xanım...

1 il sınaq müddəti oldu. Ağıllarına gətirə bilməzdilər ki, redaksiyaya necə aktiv bir insan gələcək. Gəlişimlə orada dönüş yarandı, Elmira Axundova az qala hər nömrədə Azərbaycanın xeyrinə material verməyə başladı. Ədəbiyyatçılardan Elçin, Anar, Hidayət, Əziz Mirəhmədovdan müsahibələrim dərc olunmuşdu, onlar ədəbiyyatla yanaşı Qarabağ dərdimizdən də danışırdılar. Bədnam Zori Balayan etiraz əlaməti olaraq bir neçə ilə qəzeti tərk elədi ki, siz Azərbaycana aid materialları daha çox verirsiniz. Rus və erməni jurnalistləri məni tanımağa başladılar. Həm məndən ehtiyat edirdilər, həm də mənə hörmətlə yanaşırdılar. Məni Bakının “rəsmi ruporu” adlandırırdılar. Bir sözlə, jurnalistikada böyük nailiyyətlərim oldu, artıq publisistikaya da keçmişdim. Məşhur siyasətçi, dahi insan Heydər Əliyevlə tanış olanda bizim ünsiyyətimiz və yaradıcılıq tellərimiz başladı.

- Neçənci il idi?

- Heydər Əliyevlə 1990-cı ildə tanış oldum, 1991 və 1992-ci illərdə onunla mütəmadi əlaqə saxlayırdım. Qorxmadım, çəkinmədim, Heydər Əliyevdən müsahibələr aldım, bir sıra rus mətbuatında mənim şərhimlə intervülər dərc olundu. Heydər Əliyev mənə böyük hörmət edirdi, hakimiyyətə gəlməzdən qabaq Bakıda onunla ünsiyyətdə olmuşdum, Cəlal Əliyevin evində görüşüb ondan müsahibələr götürmüşdüm. Beləliklə, əməkdaşlığımız davam elədi.

1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələndə mənə vəzifə təklif elədi. Dedi, harada istəyirsə, işləsin. Mən o vaxt “Literaturnaya qazeta”, “İzvestiya”, “Delavoy Mir” qəzetlərində müxbirliklə bərabər “Azadlıq” radiosunun rus bölməsinin də müxbiri idim. Bu cür tanınmış qəzetlərdə fəaliyyətimi dayandırmaq istəmirdim, dedim ki, vəzifəm Azərbaycan həqiqətlərinin dünyaya çatdırmaqdır, lakin məni xaricdəki səfərlərinizdə özünüzlə götürsəniz, məmnuniyyətlə, həmin səfərləri də işıqlandıraram. Gülümsəyərək dedi ki, baş üstə.

1994-cü ildən 2002-ci ilədək məni bir çox səfərlərində özü ilə aparıb, bu səfərlərin nəticəsi olaraq başqa bir yaradıcılıq səhifəsi açmışam. Nəticədə publisistik və analitik siyasi məqalələr yazmağa başladım.

- Deyəsən, Heydər Əliyev sizə “Azərtac”a baş direktor vəzifəsini də təklif edib.

- Bəli, 1994-cü ildə bu barədə təklif gəlmişdi, Heydər Əliyev incidi ki, razılaşmadım. 2 dəfə “Bakinskiy raboçiy” qəzetinə baş redaktorluq təklifi edildi, amma mən jurnalistikanı, sərbəst yaradıcılıq yolunu seçdim.

- Məmur kimi çalışa bilməzdiniz?

- Başa düşürdüm ki, jurnalistikaya təzə-təzə girişmişəm. Bu sahəyə 1980-ci illərin axırlarında 35 yaşımda gəlmişdim, yaradıcılıq, tərcüməçilik illəri, elm geridə qalmışdı, hər şeyi jurnalistikaya həsr eləmişdim, qəfildən jurnalistikadan məmurluğa keçmək mənim üçün ağır görünürdü. Təzə-təzə məşhurlaşmışdım, nə gizlədim, yaxşı qonorar, maaş alırdım.

90-cı illər çox ağır idi, həyat yoldaşım televiziyada işləyəndə çox az maaş alırdı, o pulla iki uşağımızı dolandıra bilməzdik. Mən isə “Azadlıq” radiosunda dollarla məvacib alırdım. Ailəmi saxlamaq da düşündürücü faktor idi. Bütün bunlara rəğmən, Heydər Əliyev məni başa düşdü və dostluğumuz davam elədi. Sonradan bir çox portret yaratdım, Heydər Əliyevin özü haqda maraqlı publisistik-analitik yazılarım çıxdı, səfərləri barədə “Həqiqət anları” adlı kitab buraxdım.

1996-97-ci illərdə bir əhvalat diqqətimi cəlb elədi, Əjdər Xanbabayevin ölümü... Bununla bağlı cinayət işi ilə tanış oldum, bəzi məqamları ciddi araşdırdım, o zaman baş prokurorun birinci müavini İsa Nəcəfova təklif elədim ki, gəl, bu barədə kitab yazaq. Çünki çox maraqlı siyasi-detektiv kitab ola bilərdi. Bu hadisə qələmə alındı, deyə bilərəm ki, bu, Azərbaycan ədəbiyyatında ilk siyasi detektiv janrda yazılmış romandır. Bu roman rəsmi sənədlər əsasında yazılıb, təbii, bədii təxəyyül də var. Təvazökarlıqdan uzaq da olsa, Azərbaycan ədəbiyyatında tarixi-sənədli roman-tədqiqatın yaradıcısıyam. Heydər Əliyev haqqında 7 cildlik böyük roman- tədqiqat yazılanda İsa Həbibbəyli öz rəyində qeyd eləmişdi ki, Elmira Axundova ədəbiyyata yeni janr gətirdi, o da sənədli-bioqrafik roman-tədqiqatdır. Əsas nailiyyətim, bax, budur. Mənə elə gəlir, Xalq yazıçısı adı almağımda bu nailiyyətlərin rolu var.

Bilirəm ki, sosial şəbəkələrdə bəzi mülahizələr irəli sürülür – nəyə görə bu ad verildi, nə yazıb ki... Əvvəla, mən 30-a yaxın kitabın müəllifiyəm. Siyasi bioqrafiya janrında kitabım da var, xatirələr toplusu da var, Tarixçi Əlövsət Quliyev haqqında sənədli-bioqrafik roman yazmışam, Anar Məmmədxanov barədə də... Eləcə də siyasi kitablarım var, nəhayət, 7 cildlik möhtəşəm əsər qələmə almışam. Ən əsası, bu romanlar təkcə Azərbaycanda qalmır. Onların oxucu auditoriyası çox genişdir. Əvvəla rus dilində yazılıb və dərhal dilimizə tərcümə olunub. Bütün kitablarım iki dildə çıxmaqla yanaşı bir sıra xarici dillərə də tərcümə olunur. “Naşirin qətli” romanım fransız, ingilis, alman, polyak dilində çıxıb. Heydər Əliyev haqqında kitabım 5 əcnəbi dildə çap olunmaqdadır. İngilis, türk, tacik, macar dillərində çıxıb, indi kitabın gürcü dilində çapına hazırlıq gedir. Kimin əsərləri xarici dillərdə çap olunur? Maraq olmasa heç kəsi məcbur edə bilməzsən ki, get filan kitabı nəşr elə. Kitabın satılacağına və maraq doğuracağına əmin olmasalar heç kəs onu tərcümə eləməz.

Əvvəl operativ jurnalistika, sonra tərcümə və elmi fəaliyyətim olub, daha sonra beynəlxalq jurnalistikaya və publisistikaya qayıdış oldu, nəhayət, hazırda sırf ədəbi yaradıcılıq, bədii-publisistik, sənədli roman-tədqiqatlar yazıram. Axır zamanlar oxuculara bədii roman və povestlər yox, məhz bioqrafik və sənədli romanlar maraqlı gəlir. Dünya və rus ədəbiyyatını oxuyuram, orada da xatirə janrında, məktub formasında, sırf sənədlər əsasında böyük şəxsiyyətlərin tarixçələri oxucuların marağına səbəb olur.

Qərbdə tanınmış şəxslər, prezidentlər, sabiq dövlət rəhbərləri haqda kitablar çıxır. Mənə elə gəlir ki, bizdə də belə kitablar yazılmalıdır. Məsələn, mən İlham Əliyev haqda “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” adlı kitab yazdım. Bu insanın 15 ildə öz xalqına və dövlətinə nə bəxş etdiyini sırf faktlarla təmtəraqlı təriflərdən, məddahlıqdan uzaq, mübaliğəsiz yazılıb. Qərbdə belə üslubu xoşlayırlar. Ona görə bu kitab oxunur və 5-6 dilə çap olunub. Mənə daha doğma publisistikadır. Axır vaxtlar siyasi yox, bədii publisistik üslubda yazıram. Tanınmış insanların, dostlarımın ədəbi portretlərini yaradıram. “Dostlarımın gözəl cizgiləri” adlı kitabım çap olunub, hazırda ikinci kitab üzərində işləyirəm.

- Heydər Əliyevlə güclü dostluq əlaqələriniz olub, maraqlıdır ki, eyni zamanda Əbülfəz Elçibəy barədə də yüksək fikirdə olmusunuz, tənqidi məqalə yazmamısınız...

- Heç vaxt Əbülfəz Elçibəyi tənqid eləməmişəm. Prezident seçiləndə çalışmışam ki, müsbət cəhətlərini ümumittifaq səviyyəsində açım. Çünki bizim prezidentimiz, simvolumuz idi. Heç vaxt jurnalistikaya şəxsi hislərimi gətirməmişəm. Kələkidə olanda ondan müsahibə götürmüşəm. 1998-ci ildə o, Bakıya qayıdanda “Xəqani 33”də mətbuat konfransında iştirak edirdim, məni görüb dedi ki, xanım, siz Heydər Əliyevdən çox yazırsız, məndən heç yazmırsız. Dedim, axı sizdən böyük müsahibə götürmüşəm. Dedi, bəs indi götürə bilərsən, buna inanmıram. Qayıtdım ki, müsahibə versəniz, məmnuniyyətlə, çap edərəm. 2 saatlıq söhbətimiz oldu, böyük müsahibə alındı, onu “Literaturnaya qazeta”da çap elədik. Hətta qəzeti aparanda özü yox idi, köməkçisinə verdim, sonra köməkçisi zəng edib təşəkkür elədi və Əbülfəz bəyin sözlərini çatdırdı ki, mən o xanıma inanmırdım, amma o, kişi qızı çıxdı, müsahibəni dərc elədi.

Müsahibə barədə Heydər Əliyevə də məlumat çatdırmışdılar. Bir dəfə səfərə gedəndə Rəfiq Zəka bunu xatırlatdı, Heydər Əliyev soruşdu ki, Elçibəydən müsahibə götürmüsüz? Dedim, hə, burada nə problem var ki, vaxtilə müxalifətdə olanda sizdən müsahibə götürürdüm, indi Elçibəy müxalifətdədir, ondan götürürəm. Güldü. Soruşdu, nə yazmışdınız, bir neçə abzas dedim, söylədi ki, yaxşı ki, çap eləmisiz. Elçibəyi müsahibədə romantik insan kimi göstərmişdim. Məsələn, o deyirdi ki, Heydər Əliyevi başa düşürəm, o yaxşı hərəkətlər edir, amma neft müqavilələri ilə bağlı onunla razılaşmıram, 10 faiz payı Rusiyaya verdi, gərək verməyəydi. Söyləmişdi ki, o, İranla münasibəti yaxınlaşdırdı, olmaz, İranda filan qədər həmvətənlərimiz çox pis şəraitdə yaşayır, amma o, İranla əlaqə qurur.

Mən də Elçibəyə dedim ki, ay Əbülfəz bəy, ona görə siz müxalifətdəsiniz, Heydər Əliyev isə prezidentdir. Çünki o, düzgün və tarazlaşmış siyasət yürüdür, sizin kimi siyasət aparsaydı, onu da devirərdilər. Güldü. Bütün bu fikirlər qəzetdə çıxdı. Bu müsahibə Heydər Əliyevin də xoşuna gəlmişdi, Əbülfəz Elçibəyin də. Çünki nə söyləmişdisə, onu yazmışdım. Elçibəy yaxşı, böyük insan idi, amma romantik idi, onun fikirləri böyük siyasətə uyğun gəlmirdi. O fikirlərlə heç bir dövlətin prezidenti ola bilməzdi. Çünki o, bəzi şeyləri düzgün başa düşmürdü, bəzi şeyləri qabaqlayırdı, bəlkə onun hələ zamana ehtiyacı vardı. Amma Heydər Əliyev hər zaman reallıqdan çıxış edirdi, siyasətdə mümkün olan şeyi edirdi, mümkünsüz şeyə heç vaxt addım atmazdı. Bax, budur onunla Elçibəy arasındakı fərq. “Şüşə saray” romanımda Heydər Əliyevlə Əbülfəz Elçibəyin ilk bədii obrazını yaratmışam. İkisi üçün də Azərbaycan çox doğma məfhum idi, hər ikisi Azərbaycan üçün canlarını verməyə hazır idilər. Hansı yolla getdiklərini bədii formada əks elətdirdim, Elçibəyin siyasəti axırda iflasa uğradı, amma Heydər Əliyev böyük uğurla qələbə çaldı. Sonradan Heydər Əliyev barədə yazdığım kitablarda o məsələyə qayıtmışdım, həm Elçibəyin obrazını yaratmışdım, həm də Xalq Cəbhəsinin hakimiyyət dövrünü yazmışdım.

- Dediniz, prezidentlə xarici səfərlərdə iştirakı özünüz təklif elədiniz, bəs Heydər Əliyevlə ilk səfəriniz hara olmuşdu?

- İlk dəfə 1994-cü ildə Türkiyəyə, Çinə və İngiltərəyə səfər etmişdik, ondan sonra Amerikaya getdik, ilk dəfə BMT-də dövlət rəhbəri kimi çıxış etməli idi. O vaxt Afiyəddin Cəlilovu, Şəmsi Rəhimovu öldürmüşdülər, o isə Nyu Yorkda idi. Heydər Əliyev çox gərgin qrafikdə çalışırdı. Yadımızdadır, balaca jurnalist qrupu Heydər Əliyevin keçirdiyi görüşlərdən yazmalı idi. “Azadlıq” radiosu operativ idi və davamlı olaraq xəbərlər verməli idi. Amerikada jurnalistlər üçün heç bir şərait yaradılmamışdı, Heydər Əliyevin mühafizəsi və biz səhərdən axşama qədər dəhlizdə ayaqüstə dayanırdıq. Heydər Əliyevlə görüşmək istəyən xarici dövlətlərin rəhbərləri, xarici işlər nazirləri görüş üçün gəlirdilər. Elə olurdu gün ərzində 30 görüş keçirilirdi.

Bir gün elə yorulmuşduq ki, döşəməyə oturduq və yazılarımızı yazmağa başladıq. Mühafizə bizə baxdı və qaldırmağa cəhd göstərdi, dedik, ayaqüstə ölürük qalxa bilmərik. Prezidentin fotoqrafı bizi çəkdi, o foto indi də durur. Fotoda mənim, Elmira Əmrahqızı, Qulu Məhərrəmli və başqa jurnalistlərin yerdə oturub yazı yazırdıqları əks olunub. Bu şəkli Heydər Əliyevə həsr olunmuş kitaba qoymuşdum, özünün xoşuna gəlmişdi, dedi ki, belə nadir şəkilləri nə yaxşı saxlamısan.

Bir dəfə Çinə səfər 8 mart Beynəlxalq Qadınlar Gününə təsadüf eləmişdi, Heydər Əliyev səhər gələndə bizimlə salamlaşdı, jurnalist qrupunda yenə də mən, Elmira Əmrahqızı, İradə Vəkilova, deputat Asya Manafova təmsil olunurdu. Bizə yaxınlaşıb təbrik elədi, zarafatla dedi ki, bizi restorana çağıracaqsınızmı, bu gün bayramınızdır. Mən də dilli-dilavər idim axı... Dedim ki, biz niyə, bayram bizimdir, siz kişilər bizi dəvət eləməlisiniz. Dedi eləmi? Çəkinmədən dedim, bəli. Bu dialoqu yadında saxlayıbmış, görüşlər saat 5-də qurtardı, protokol şöbəsinin rəhbəri Elçin Bağırov yanımıza gəlib mənə zarafatla irad bildirdi ki, niyə dedin, sizdən ötrü Pekində hədiyyə axtarışındayam, cənab prezident sizin şərəfinizə ziyafət təşkil edib. Biz o ziyafətdə iştirak elədik, yazıçı Habil də ordaydı, onunla zarafatlaşdılar, bizə bir qutu Çin kosmetikası və əllə işlənmiş süfrə hədiyyə elədi. 25 il keçib, o süfrəyə hələ də toxunmamışam, yadigar saxlayıram.

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Hamısı