“Rusiya və Qərbin Dağlıq Qarabağ danışıqlarına təsiri Ermənistanda rejim dəyişikliyi səbəbindən əvvəlki vəziyyətdə qayıdıb”. Bu sözləri Eurasia Diary-yə eksklüziv açıqlamasında amerikalı siyasi analitik Pol Qobl deyib.
Ekspert hesab edir ki, hazırda Tramp administrasiyasının bu məsələyə diqqəti azaltması yeni vəziyyət yaradıb: “Mənim təxminim budur ki, hər iki tərəf bir neçə ay ərzində real addımlar ata biləcək və bu zaman ərzində həm Vaşinqton, həm də Moskva münaqişəyə qayıda bilər”.
Bəs, Yerevandakı rejim dəyişikliyi münqaişənin həlli strategiyasında hansı yeniliklər yarada bilər? Paşinyan hökuməti münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə gedə bilərmi?
Qobl, hələlik Paşinyanın müzakirə strategiyası hazırladığını düşünmür: “O, hazırda hökumətini möhkəmləndirməyə çalışır. Qarabağla bağlı mövqe seçmək, hansısa strategiyanı elan etmək yeni hökumətin ölkə daxilindəki vəziyyətini daha da çətinləşdirə bilər”.
Rusiyanın Nüvə Sazişindən çıxmasının ətraf coğrafiyaya mümkün təsirlərindən danışan analitik bildirib ki, bu, regionda militarizmin artmasına səbəb ola bilər. Lakin Pol Qoblun fikrincə, Moskva cənub istiqamətində raketlərin yerləşdirilməsinə maliyyə sərf etmək üçün kifayət qədər vəsaitə sahib deyil: “Onun əsas düşmənləri başqa yerdədir. Aydındır ki, militarizmin artması təhlükədir və Moskva Dağlıq Qarabağ məsələsində öz istəklərinə çatmaq və ya Ermənistanı dayandırmaq üçün hərbi toqquşma yarada bilər”.
Müsahibəni götürdü: Ülvi Əhmədli