“Tələbələr arasında əsl islamşünaslar yetişdirə biləcəyimiz gənclər kifayət qədərdir” | Eurasia Diary - ednews.net

14 Oktyabr, Bazar ertəsi


“Tələbələr arasında əsl islamşünaslar yetişdirə biləcəyimiz gənclər kifayət qədərdir”

Müsahibə A- A A+
Ceyhun Məmmədov: “Dini-ideoloji təbliğatdan özümüzü qorumaq məcburiyyətindəyik”
 
 
Azərbaycanda ən gənc institutun - Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasının bir ili tamam oldu. Müstəqil Azərbaycanda daha bir ali məktəb rəqabətə davamlı təhsil müəssisələrinin sırasına qoşulmaq uğrunda gedən mübarizəyə qatıldı. Yeni olmasına baxmayaraq, Azərbaycan İlahiyyat İnstitutunun tam sürətlə irəliləməsi üçün bütün imkanlar yaradılıb. İnstitutun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində rəhbərlik etdiyi təhsil müəssisəsinin yaxın gələcəyə dair planlarından, reallaşması o qədər də uzaq olmayan hədəflərindən danışıb.
 
 
 
- Belə bir institutun yaradılması hansı zərurətdən irəli gəlirdi?
 
 
- İnstitutun yaradılması zərurəti, ilk növbədə, ölkədə tarixən mövcud olan yüksək mənəvi mühitin qorunması ehtiyacından doğdu. Başqa bir zərurət isə dini təhlükəsizliklə bağlıdır. İnsanlara müxtəlif məqsədlərlə təsir etmək üçün məhz dindən istifadə sıx müşahidə olunan hallardandır. Ona görə də hər bir ölkənin qarşısında duran bir neçə vacib vəzifədən biri məhz dini təhlükəsizliyin təmin olunmasıdır. Azərbaycan da dünya ölkələri arasında öz nüfuzu, mövqeyi, maraqları olan dövlətdir və ona təsir göstərmək üçün bir çox vasitələrdən, o cümlədən dindən istifadə edilməsi gözləniləndir. Dövlət olaraq Azərbaycanda bu ehtimal nəzərə alınmalı, ölkənin dini təhlükəsizliyi təmin edilməlidir. Bu, zərurətdir. Başqa bir zərurət isə bu sahədə ehtiyac duyulan kadr hazırlığı ilə bağlıdır. Zaman-zaman müşahidə olunan dini təsirlərin qarşısının alınması üçün ölkədə mütəxəssislərin yetişdirilməsinə ehtiyac açıq görünürdü. Müasir dövrdə din dünyada elmin bir sahəsi kimi araşdırılır, öyrənilir. Dinə elmi yanaşma, dinin elmi baxımdan öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizdə çoxlu sayda məscid, kilsə, sinaqoq var. Onların dini mütəxəssislərlə təminatına ehtiyac var. İndiyədək bu sahədə kadr hazırlığı kiçik miqyaslı, pərakəndə təşkil edilib. Müxtəlif təhsil  müəssisələrində dinlə bağlı müəyyən ixtisaslar tədris olunur. Həmin ixtisasları tədris edəcək kadrlar da hazırlanmalıdır. Hüquq-mühafizə də daxil olmaqla, dövlət orqanlarında bu sahənin mütəxəssislərinə xüsusi ehtiyac var.
 
 
- Bir fakültədən böyüyüb instituta çevrildiniz. Ötən bir ildə İlahiyyat İnstitutunun obrazını formalaşdıra bilmisinizmi?
 
 
- Qısa vaxt ərzində institutun formalaşması istiqamətində zəruri tədbirlər həyata keçirildi, tədris ilinə hazırlıq görüldü. Artıq 2018-2019-cu tədris ilinin birinci yarımili yekunlaşıb. Beynəlxalq standartlara uyğun və dövlətin perspektiv tələbləri əsasında təhsilin səviyyəsini təmin etməyə çalışırıq və düşünürəm ki, buna qismən də olsa, nail olmuşuq.
 
 
- İnstitutda mühit necədir?
 
 
- Azad, sərbəst tələbə mühiti var. Bəzən institutumuzla bağlı yanlış təsəvvür olduğunu müşahidə edirik. Qeyd etməliyəm ki, İlahiyyat İnstitutu dünyəvi təhsil müəssisəsidir. Burada tələbələrimiz də daxil olmaqla, hər kəs öz seçimində azaddır. İbadət etmək istəyənlər edir, istəməyənlər yox. Hətta institut fəaliyyətə başladığı ilk aylarda tələbələr arasında tərəddüd açıq hiss olunurdu.
 
 
- Bir gün ərzində Bakı Dövlət Universitetinin tələbəsi dönüb İlahiyyat İnstitutunun tələbəsinə çevrildi. Hər halda tərəddüdlər də bununla əlaqədar idi...
 
 
- Bəli. İlahiyyat İnstitutu yaradılanda Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin tələbələri də bizim struktura daxil oldu. Onlarla səmərəli işin nəticəsidir ki, artıq tərəddüd qalmayıb.
 
 
- İlahiyyat fakültəsinin BDU-da qalan tələbəsi oldumu?
 
 
- Struktur dəyişikliyinin nəticəsi olaraq qalanlar var.  Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində tərcüməçilik ixtisası üzrə də hazırlıq aparılırdı. Fakültə instituta çevriləndə tərcüməçilik ixtisası üzrə təhsil alan tələbələr Bakı Dövlət Universitetində təhsillərini davam etdirməli oldular.
 
 
BDU-da ödənişli oxuyan 20 tələbə Aİİ-də pulsuz təhsil alır
 
 
- Maraqlıdır, İlahiyyat İnstitutunda davam etməli olan tələbələrin narahatlığına, tərəddüdlərinə necə son qoydunuz?
 
 
- Nizam-intizam, qayda-qanun tənzimləndi, tələbələrə diqqət artırıldı, yeni müəllimlər işə qəbul edildi. Qeyd edim ki, 20-yə yaxın tələbəmiz BDU tələbəsi olaraq ödənişli əsaslarla təhsil alırdı. İlahiyyat İnstitutunda təhsil tam dövlət sifarişi əsasında aparıldığından, həmin tələbələrimiz təhsil haqqından tamamilə azad olundular. Burada tələbələrin sosial qayğıları ilə də mütəmadi maraqlanırıq.
 
 
- Qayğılarını azaltmaq üçün əlinizdən nəsə gəlirmi?
 
 
- Müəyyən qədər. Düzdür, gələcəkdə bu imkanlarımız daha geniş olacaq. İnstitutun yataqxanası, yeni binası tikiləcək. Ancaq ona qədər heç nə eləmədən gözləmirik. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun xətti ilə 30 tələbəyə təqaüd veririk. Sosial vəziyyəti yaxşı olmayan tələbələrlə xüsusi iş gedir.
 
 
- Sosial vəziyyəti yaxşı olmayan tələbələri necə müəyyənləşdirdiniz?
 
 
- Valideynlərindən birini, yaxud hər ikisini itirdiyinə, ata-anasının işləmədiyinə, sağlamlıq imkanları məhdud şəxsin, ya da şəhid ailəsindən olduğuna dair sənəd tələb edirik. Buna əmin olduğumuz 30 tələbə təqaüdlə təmin edilib. Əyalətlərdən gələn tələbələrimiz var. Onların hər hansı problemi, həkimlə, geyimlə bağlı qayğıları ola bilər. Bunu nəzərə alıb hər tələbəyə maksimum diqqət ayırırıq. Tələbələrimizlə davamlı olaraq ünsiyyət qururuq, fikir mübadiləsi aparırıq; çalışırıq ki, tələbələrimizin nə düşündüklərini müəyyənləşdirək və ona uyğun istiqamət verək. Bunun üçün də qapılarımız hər zaman onlara açıq olur. İstənilən vaxt yaza, zəng edə, rektoru ziyarət edə, sözlərini deyə bilirlər.
 
 
Aİİ tələbə mərkəzli bir müəssisə olacaq
 
 
- Müəllimlərlə tələbələrin münasibətləri necə tənzimlənir?
 
 
- Üzərimizə belə bir missiya götürmüşük.
 
 
Aİİ-nin tələbə mərkəzli bir müəssisə olmasına çalışırıq.
 
 
Yəni tələbələrlə daha çox işləyirik. Sadəcə tədrisdə yox, tərbiyəsi, dünyagörüşünün formalaşmasında da fəal rol oynayırıq.
 
 
- Məsələn, bunu necə, hansı yolla edirsiniz?
 
 
- Müxtəlif tədbirlər - seminarlar, konfranslar, “dəyirmi masa”lar həyata keçiririk. Tələbələrimizdə vətənpərvərlik ruhu formalaşdırmağa, hər birinin Vətənə sevgisini, mənəvi dəyərlərimizə bağlılığını gücləndirməyə çalışırıq. Bu məqsədlə bir neçə layihəmiz olub. Bayraq Günü münasibətilə 50 tələbəmizi Cocuq Mərcanlıya apardıq. Kollektiv surətdə qəsəbəyə gedən ilk təhsil müəssisəsi olduq. Tələbələrimiz əhali ilə görüşdü, məsciddə oldular. Qayıtdıqdan sonra tələbələrimizin münasibətində, yanaşmasında xeyli dəyişiklik hiss etdik. Daha sonra Qəbələnin Nic kəndində - Alban kilsəsində, mədəniyyət mərkəzində oldular. Qış imtahan sessiyası yekunlaşdıqdan sonra tələbələrimizin “Qış məktəbi” layihəsi çərçivəsində üç gün Şamaxı rayonunda ölkəmizin tarixi və mədəni irsi ilə tanışlığı təmin edildi. Onlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təmir olunmuş Dəmirçi kənd məscidi və Qafqazın ən qədim dini ocaqlarından biri Şamaxı Cümə məscidini ziyarət etdilər. Eyni zamanda, burada gənclər üçün müxtəlif seminarlar təşkil olundu.
 
 
- Bu prosesdə müəllimlərin rolu nə qədərdir?Onlar bu işin tərkib hissəsinə, hərəkətverici qüvvəsinə çevrilə bilirlərmi?
 
 
- Əlbəttə. İnstitutda tələbələrlə iki istiqamətdə iş gedir və müəllimlərə də tapşırılıb ki, onlarla ünsiyyətdə olsunlar. Yəni müəllim sadəcə, dərs deməklə kifayətlənmir. Müəllimlərlə belə bir söhbətimiz də olub: onlar tələbələr arasında ixtisası üzrə fərqlənənləri seçməli, gələcəyə hazırlamalıdırlar. Müəllimlərimizin böyük əksəriyyəti dərsdən əlavə dərslər keçir.
 
 
- Həmin dərslərin mövzusunu kim seçir: müəllim özü, yoxsa tələbələr?
 
 
- Tələbələr də seçə, müəllim də müəyyənləşdirə bilər. Tələbə qavramadığı mövzuda, yaxud daha dərindən mənimsəmək istəyirsə, müəllimlə əlavə olaraq görüşüb dərs ala bilir. Ondan  əlavə, burada ingilis, ərəb dili kursları tam ödənişsiz fəaliyyət göstərir. Gələcəkdə başqa dillər üzrə kurslar açmaq barədə də düşünürük. Tələbələrimiz arasında müxtəlif bacarıqları olanlar var; məsələn, rəssamlıq qabiliyyəti yaxşı olan, xəttatlıq bacarığı olan, ebruya həvəs göstərən tələbələrimizi müəyyən etmişik. Bu istiqamətlərdə kurslar açmaq planı üzərində işləyirik.
 
 
“Mütəxəssis çətinliyimiz var”
 
 
- Tələbələrinizin hər cür bacarığından danışdınız, bəs, təhsil aldıqları ixtisas üzrə bacarıqlarından, həvəslərindən danışmadınız. Müasir ilahiyyatçılar bu vəzifəyə hazırdırlarmı?
 
 
- Şansımız ondadır ki, bu tədris ilindən institutumuza gələn tələbələr fərqlənirlər. İxtisası təsadüfən seçən tələbələr olsa da, biz onlarda öz ixtisaslarına maraq yarada bildik. Tələbələr arasında əsl islamşünaslar yetişdirə biləcəyimiz gənclər kifayət qədərdir. Onlar din xadimi kimi fəaliyyət göstərəcəklər. Ona görə də tələbələrimizin din xadimi olmaqda marağı bizim üçün əhəmiyyətlidir. 
 
 
- Tərcümə fakültəsinin tələbələri BDU-da qalsa da, İlahiyyat İnstitutunda xeyli dil tədris olunur...
 
 
- Bəli. İnstitutda ingilis, fars, ibri və ərəb dilləri keçilir. İbri dili magistratura səviyyəsində təhsil alan tələbələrə tədris olunur. Gələcəkdə bunu kurslar vasitəsilə öyrətməyi planlaşdırırıq.
 
 
- Mütəxəssis demişkən, neçə müəlliminiz var?
 
 
- Hazırda müəllimlərimizin sayı 25 nəfərdir. Rəhbər heyət də tədris prosesində iştirak edir. Mən Multikulturalizmə giriş fənnini tədris edirəm. Prorektorlar, dekan, dekan müavini - hər biri ayrı-ayrı fənləri tədris edirlər. Rəhbər heyətlə bir yerdə hazırda tədris prosesində 25 müəllim iştirak edir.
 
 
- Təhsildə keyfiyyət müəllimdən başlayır. Müəllimləri necə seçib işə götürdünüz?
 
 
- Müəllimlərimizi müsabiqə yoluyla seçdik. Vakansiyaları elan etdik və müraciətlər əsasında işə qəbulu həyata keçirdik.
 
 
- Şərtləriniz nə idi? Müəllim seçimini hansı parametrlər əsasında gerçəkləşdirdiniz?
 
 
- Bir neçə parametr var. Bunu xüsusi vurğulamaq istəyirəm: müəllimlərlə bağlı mütləq sınaq dərsləri keçiririk. Bir müəllim institutumuzda dərs demək istəyirsə, rəhbər heyət toplaşıb “Açıq dərs” təşkil edirik. Həmin sınaq dərsində müəllim qiymətləndirilir. Xüsusi blanklara qeyd olunur və onun əsasında qərar verilir. İşə qəbulla bağlı sahələrdən asılı olaraq, müxtəlif kriteriyalarımız var. Dil bilikləri, təcrübə tələb edilir. Elə fənlər var ki, orada ən azı 5 il təcrübənin olması əsas tələblərdəndir. Müəyyən sertifikatlar tələb edirik. Əsas şərtlərdən biri olduğu üçün hazırda dərs deyən müəllimlərimizin mütləq əksəriyyəti elmlər namizədi, fəlsəfə doktorudur. Xüsusən ixtisaslarla bağlı sırf elmi dərəcəsi olanları işə götürməyə çalışdıq. Təcrübə, məsuliyyət, çalışdığı qurumlar, komanda ruhunun olması kimi məsələləri nəzərə aldıq. Müəllimlərlə bağlı başqa bir məqamı qeyd edim. İngilis dili müəllimindən uzun müddət təcrübə, sertifikatlar tələb etdik. Tutaq ki, islamla bağlı fənlərdə peşəkarlığı, sertifikatları, kurslarda iştirakı kimi meyarlar nəzərə alındı.
 
 
- Azərbaycanda ali təhsil müəssisələrinin ən böyük problemi keçmişin zərərli vərdişlərini unutdurmaq, qalıqlarını təmizləməkdir. Azərbaycan İlahiyyat İnstitutu sıfırdan başlayan bir ali təhsil müəssisəsi olduğundan müasir təhsilin tələblərini öyrənir və birbaşa tətbiq edir. Hər halda burada yeniliyi qəbul və tətbiq etmək çətinlik yaratmaz...
 
 
- Çalışırıq ki, qısa müddətdə çox iş görək və daha böyük uğurlara imza ataq. Amma görüləcək işlər də çoxdur. Ümumən götürəndə institutda çalışanların böyük əksəriyyəti gənc və peşəkarlardır. Elə sahələr var, orada uzun müddət təcrübə tələb olunur və  belə təcrübəli mütəxəssislərimiz də var. Ən önəmlisi, hər biri öz işini sevir. Kollektiv maksimum  dərəcədə çalışır ki, etimadı doğrultsun, fəaliyyətini yeni ideyalar üzərində qursun.
 
 
“Tələbələrimiz üçün bütün vasitələr diqqət mərkəzimizdədir”
 
 
- Bəlkə bu günün məsələsi deyil... Gələcəkdə xaricdən müəllimlərin dəvət olunması mümkündürmü?
 
 
- Bu məsələlər də nəzərdən keçirilir. Xaricdən müəllimlərin bir semestr ərzində tədrisə cəlb edilməsi barədə düşünürük. Ancaq burada bir məqam da var ki, din həssas məsələdir.
 
 
Dini-ideoloji təbliğatdan zaman-zaman özümüzü qorumaq məcburiyyətindəyik. Bu səbəbdən, bir qədər ehtiyatlı olmağa çalışırıq. Bu məsələdə kor-koranə, araşdırmadan qərar vermək mümkün deyil. Araşdırmaq, başqa universitetlərin təcrübəsini öyrənmək, qarşılıqlı əməkdaşlıqda ən uğurlu variantı seçməyə çalışacağıq. 
 
 
Türkiyədə 4 - Ankara, İstanbul, “29 Mayıs”  və Mərmərə universitetlərində olduq. Ankara, “29 Mayıs”  və Mərmərə universitetləri  ilə artıq protokol imzalamışıq. Həmin protokollarda da müəllim mübadiləsi nəzərdə tutulur. Bu sahədə müsəlman ölkələrinin, Avropa universitetlərinin çox böyük təcrübəsi var. Həmin universitetlərlə də işləməyi nəzərdən keçiririk. Araşdıraraq müəllim və tələbə mübadiləsi apara biləcəyimiz ali təhsil müəssisələrinə qərar verəcəyik. Ümumiyyətlə isə birgə tədbirlər, konfranslar keçirəcək, təhsilin keyfiyyətini artırmaq üçün maksimum çalışacağıq. Tələbələrimizin də xarici  təcrübəni öyrənmələrinə çox böyük ehtiyac var. Həm Avropa ölkələrinin, həm də müsəlman ölkələrinin magistratura və doktorantura üzrə təqaüd proqramlarını nəzərdən keçiririk. Tələbələrimizin biliyinin, savadının və dünyagörüşünün artırılması məqsədinə xidmət edən bütün vasitələr diqqət mərkəzimizdədir.
 
 
- Dini məsələlərdə tələbələrimizi, dolayısı ilə gənclərimizi əmanət edə biləcəyimiz Türkiyədən başqa hansı ölkələrin təhsil sistemi, ya da müəllimləri ola bilər?
 
 
- Hazırda fərq qoymadan müxtəlif ölkələrin təcrübəsini öyrənməyə çalışırıq. Ancaq bəlli olduğu kimi, Türkiyə ilə ölkəmiz strateji tərəfdaşdır. Ona görə ilk səfərimizi Türkiyəyə etdik. Növbəti mərhələdə Rusiyaya, Orta Asiya ölkələrinə səfərlər olacaq. Rusiyada fəaliyyətdə olan və kifayət qədər nüfuzlu islam institutları mövcuddur. Moskvada, Kazanda olan institutlarla hazırda danışıqlarımız gedir. Eyni zamanda, Özbəkistanın hələ sovet dövründən fəaliyyət göstərən universiteti var, xüsusi akademiya fəaliyyət göstərir. Kembric, Oksfordda islamı araşdıran müxtəlif mərkəzlər, institutlar var. Elə Amerikada da təcrübəsindən yararlana biləcəyimiz dini araşdıran müəssisələr fəaliyyətdədir. Onlarla da təcrübələrini öyrənmək istəyimizi bildirən yazışmalara başlamışıq.
 
 
Ərəb ölkələri arasında Misirin zəngin təcrübəsi olan universiteti var. Malayziyada məşhur islam universiteti ilə əməkdaşlıq üzərində müzakirələr gedir. Əsas məqsədimiz həmin ölkələrdə dini təhsilin necə təşkil edildiyi, bu sahədə hansı yeniliklərin olduğu, nailiyyətləri barədə məlumat toplamaqdır. Həmin məlumatlar əsasında Azərbaycan üçün ən uyğun olanları seçə bilərik. Uyğun olmayan ən maraqlı təcrübəni ölkəmizin xarakterinə uyğunlaşdırmaq üzərində işləməyi düşünürük. Sadəcə, islamla bağlı deyil, bütövlükdə dinşünaslıqla bağlı həm Rusiyada, həm də Avropa və Amerikadakı təhsil müəssisələri ilə danışıqlar aparırıq. Elə müəssisələr var ki, dini  təhsil müəssisəsi olmasa da, dinlə bağlı bir bölümü, fakültəsi mövcuddur.
 
 
- Tətbiq etməyi düşündüyünüz elə bir maraqlı təcrübə varmı?
 
 
- Türkiyə sistemi ilə yaxından tanış olmaq imkanımız yaranıb. Hələ ki, layihələri nəzərdən keçiririk. Türkiyədə təhsil prosesinə xaricdən çoxlu müəllim cəlb edilib; məsələn, orada ərəb dilini tədris edən müəllimlərin əksəriyyəti ərəb ölkələrindən dəvət edilib.
 
 
- Bəlkə dili tədris edən müəllimin xaricdən gəlməsi o qədər problem yaratmaz. Amma dini məsələdə hansı müəllimin gəlib necə bir ismarış ötürəcəyini əvvəlcədən hesablamaq mümkün olmaya bilər, elə deyilmi?
 
 
- Bəli. Türkiyədə din ənənəsi çox güclüdür. Azərbaycanda isə uzun müddət məhdudiyyətlər tətbiq olunub və bu səbəbdən dini dünyagörüş möhkəmlənə bilməyib. Ona görə çalışırıq ki, fəaliyyətimizdə ideoloji təhlükəsizliyi də təmin edək. Dediyiniz kimi, din sahəsində kənar müəllim öz ideologiyasını təbliğ edə bilər. Odur ki, xaricdən müəllim, hətta tələbə mübadiləsi məsələsinə də maksimum dərəcədə həssas yanaşırıq. Prosesdə hər hansı zərərli təsirlə üzləşməmək, tələbə və ya müəllimlərimizin hansısa zərərli ideoloji təbliğata məruz qalmaması üçün ehtiyatı əldən verməməliyik. Türkiyədə tələbələrin Avropada xarici dil kurslarına, təcrübəyə göndərilməsi kimi müxtəlif diqqətçəkən təcrübələr var. Orada siniflərin təşkili, müəllimlərin qiymətləndirilməsi ilə bağlı təcrübə də marağımıza səbəb oldu.
 
 
- İkili diplom proqramları necə, mümkün olacaqmı?
 
 
- Gələcək üçün nəzərdən keçirilir. Bir çox universitetlərimiz bunu dünyanın ayrı-ayrı ölkələrindəki universitetlərlə həyata keçirməyə başlayıb.
 
 
Azərbaycan İlahiyyat İnstitutu da dini təhsil verən təhsil müəssisələri ilə ikili diplom proqramlarına qoşulacaq.
 
 
Hədəflərimizdən biri budur. Ancaq hansı universitetlərlə bunu reallaşdıra biləcəyimizi gələcək göstərəcək.
 
 
- Növbəti təhsil pillələrində tədrisin təşkili nə vaxt mümkünləşəcək?
 
 
- İnstitutumuzda artıq magistratura pilləsində təhsil var. Doktorantura pilləsində də tədrisin aparılması üçün Nazirlər Kabineti qərar verib. Odur ki, növbəti tədris ilindən bakalavr və magistratura ilə yanaşı, doktorantura pilləsində də təhsil verə biləcəyik.
 
 
Ruhiyyə DAŞSALAHLI

muallim.edu.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...