İqbal Ağazadə deputatlığa namizəd olacaq - Hamı Qarabağlıdır, bizi dəstəkləyəcəklər... | Eurasia Diary - ednews.net

30 Sentyabr, Çərşənbə


İqbal Ağazadə deputatlığa namizəd olacaq - Hamı Qarabağlıdır, bizi dəstəkləyəcəklər...

Müsahibələr A- A A+

Xəbər verdiyimiz kimi 9 fevral, 2020-ci il tarixində Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Seçkiləri bəzi partiyalar boykot etsə də, əksər siyasi pariyalar bu seçkilərə qatılmaq haqqında qərar qəbul edib.

Seçilərdə iştirak edəcəyini açıqlayan partiyalardan biri də sabiq millət vəkili İqbal Ağazadənin sədri olduğu “Ümid Partiyası”dır. İqbal Ağazadə qarşıdan gələn seçkilər və onun partiyasının iştirakı ilə bağlı Eurasia Diary-ə eksklüziv müsahibə verib.

Ümid Partiyası seçkilərə qatılacağını açıqlayıb. Partiyanın seçkilərdəki namizədləri müəyyən edilibmi?

Bəli, namizədlərin böyük əksəriyyəti dairələr üzrə müəyyənləşdirilib, lakin bəzi dairələrdən bir neçə namizədimiz var. Hazırda partiya daxilində onun müzakirəsi gedir. 72 namizəd artıq təsdiq edilib. 15 namizədin də təsdiq edilməsi üçün partiyanın rəyasət heyətinə səlahiyyət verilib. Sənədlər artıq hazırdır və bu gün Mərkəzi Seçki Komissiyasına (MSK) göndəriləcək...

Seçkilərdə partiyanız iştirak edəcək, bəs siz? Yenidən deputatlığa namizəd olacaqsınızmı?

Təbii ki, biz bütün seçkilərdə iştirak edirik. Hətta mən bir dəfə qeyd etmişdim ki,  Bakı meriyasına seçkilər keçirilsə mən orada da iştirak edəcəm. Çünki böyük seçkilər xalqla, vətəndaşla ünsiyyətdir və biz o ünsiyyət şansını qaçırmamağa çalışırıq. Partiyanın məramını, məqsədlərini hər zaman seçiciyə çatdırmağa çalışırıq. Seçkidə partiyanın rəhbərliyi başda olmaqla bütün təyin edilən namizədlər iştirak edəcək.

Partiyanızın parlament seçkilərində hansı nəticələri əldə edəcəyini proqnozlaşdırırsınız. Namizədlərdən neçəsinin daha çox seçilmə şansı var?

Biz seçici səsini almağa çalışacayıq. Seçkilərdə uğurlu olub-olmamağımız və əldə edəcəyimiz nəticə bizim seçki platformamızdan, verəcəyimiz mesajları vətəndaşlara necə çatdıracağmızdan və hakimiyyətin seçkilərə yanaşmasından asılıdır. Bizim partiyamızın 72 namizədindən ən azı yarısı seçicilərlə fəal iş aparmaq, kifayət qədər səs toplamaq imkanlarına sahibdir. Nə qədər bunu gerçəkləşdirə biləcəyik? Bu bizim elektoratla ünsiyyətimizdən və hakimiyyətin demokratik rəqabət prinsiplərinə riayət etmə səviyyəsindən asılıdır.

Hər şey hakimiyyətin seçkilərə yanaşmasından asılıdırsa “demokratik yanaşma” müşahidə edilməsə və ədalətli rəqabət imkanları pozulsa partiyanızın buna qarşı sərgiləcəyi mövqey necə olacaq?

Bizim mövqeyimiz hər zaman konkretdir və açıqdır. Hansı qanun pozuntuları olacaqsa bu qanun pozuntuları istiqamətində Seçki Məcəlləsinin verdiyi tələblərlə mübarizəmizi davam etdirəcəyik.

Sizi seçkilərdə daha çox hansı sosial qruplar dəstəkləyəcək? Çoxları sizin əsas elektorat dairənizin qarabağlılar və Qarabağ qaziləri olacağını qeyd edir...

Təəsüf ki, Azərbaycanda demokratik dövlətlərin əksəriyyətində mövcud olan güclü sosial qruplar mövcud deyil. Ənənəvi sosial qruplar yoxdur. Sosisal duruma və yaşam tərzinə görə də Azərbaycanda sosial qruplar çox dəyişkəndir. Biz seçkilərdə müxtəlif sosial qrupların yox, ölkədə hakimiyyətin dəyişməsini istəyən kütlənin dəstəyinə arxalanırıq. Hakimiyyətin dəyişməsini istəyən hər kəs bizə səs verəcək.

Qeyd etdiyiniz məsələyə qalanda, Qarabağ azad olunana qədər Azərbaycanda hamı Qarabağlıdır, hər kəs qazidir, hər kəs şəhid ailəsidir. Və ona görə də Azərbaycanın hər yerində bizi dəstəkləyəcəklər...

Nicat İSMAYILOV

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...