Yeniyetməlik dövrü valideynlər üçün ən narahat dövrlərdən biridir. Bəzi yeniyetmələrin valideynləri uşaqlarının aqressiv, kobud, depresiv olmasından şikayətlənirlər.
Bu barədə ətraflı olaraq bizimlə söhbət edən Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzinin psixoloqu Ceyran Həsənlinin Eurasia Diary-yə müsahibəni sizə təqdim edirik.
-Yeniyetməlik dövrü nə zaman başlayır və bu dönəmin başlanğınc formaları nələrdir?
Yeniyetməlik dövrü qız uşaqlarında oğlan uşaqlarına nisbətən daha tez başlayır. Bu proses qız uşaqlarında 9-10 yaşdan oğlan uşaqlarında isə 11-12 yaşdan başlayır. Amma hal hazırki dövrdə bu proses daha tez baş verir. Uşaqların həm psixoloji, həm də hormonal dəyişikliklərlə yanaşı xarakter və xarici görünüşlərində də dəyişikliklər baş verir.
-Yeniyetməlik dövründə yaranan ünsiyyət problemlərində valideynlər daha səbrsiz olurlar. Nəticədə övladlarına daha çox basqı edirlər. Bu zaman valideynlərə hansı məsləhətləri verərdiniz?
Yaranan ən kiçik bir problemdə belə valideynlər daha səbrsiz olurlar və düşünürlər ki, artıq övladları onlarla danışmaq istəmirlər. Əvvəllər daha çox söhbətcil idisə, indi susur, bizlərlə ünsiyyətdən qaçırlar. Bu dəyişiklik onların səliqə səhmanlı olmasına da təsir edir. Əgər bir yeniyetmənin otağı həddindən artıq səliqəlidirsə, artıq bu normal hal deyil. Bu zaman yeniyetmələrdə bəzi problemlərin yaranmasına başlıca təkandır. Məsələn: əşyaların həddindən artıq düz(simmetrik) vəziyyətdə olması, təmizliyə qarşı vasvası olmaları və.s yaxşı bir hal deyil. Artıq bu zaman yeniyetmədə gərginlik hissinin olduğu özünü büruzə verir. Çünki yeniyetmənin otağı arada bir dağınıq olmalıdır. Bəzən elə olur ki, valideynlər uşaqlarının böyüməsini qəbul etmirlər. Bu zaman valideynlərdə panika hissi yaranır. Həddindən artıq uşaqlarına basqı edirlər. Düşünürəm ki, valideynlər bu dönəmdə olan uşaqlarının xarakterləri haqqında bilgi əldə etsinlər. Sanıram ki, kifayət qədər məlumatlı olmaları, valideynlər üçün uşaqları arasında bir körpü qurmağa vəsilə olacaq.
-Uşaq yaşlarında travmalar yaşayan yeniyetmələrdə (13-18 yaş aralığında) psixoloji durumlarında müəyyən problemlər yaranır. Cəmiyyətə adaptasiya ola bilmirlər, məktəbdə və müəyyən yerlərdə ünsiyyət qurma problemləri ilə üzləşirlər. İstərdim söhbətimizi bu mövzü ətrafında davam etdirək.
Yeniyetməlik dövrünə qədər münasibətlər doğru qurulmalıdır. İlk olaraq, 10 yaşına kimi uşaqla daha düzgün münasibət qurulmalıdır.Uşaqda hər hansı bir narahatçılıq olarsa, onu tez həll etmək lazımdır. Çünki bu dövrə qədər hər hansı bir problemlər həll olunmamış şəkildə qalıbsa, bu yaş ərəfəsində kəskin üzə çıxır.. Belə olduqda ətrafda bir çaşqınlıq olur. Düşünürlər ki, uşaqda bu aqressiya və ya susqunluq haradan və nə səbəbdən yaranıb?
Yaranan hər hansı kiçik problem həll olunarsa, yeniyetməlik dövründə həmin uşaq daha sakit və ünsiyyətcil olar. Valideynlər əsasən təmkinli olmalıdırlar. Nə uşağın aqressiyasına həddindən artıq sərt reaksiya vermək lazım deyil, nə də ki,onların özlərinə qapanmasına həddindən artıq neqativ reaksiya vermək lazımdır. Bu zaman onlar valideynlərinin panikaya düşdüklərini anlayırlar. Bu dönəmdə valideynlər daha çox müşahidəçi olmalıdırlar. Müəllimlərlə sıx ünsiyyətdə olmalıdır. Müəyyən edilməlidir ki, uşaq daha çox nə zaman və harada özlərini narahat hiss edirlər.Əgər valideyn uşaqla ünsiyyət qura bilmirsə, o zaman psixoloqa müraciət etsinlər. Psixoloqla birgə yaranan problemin kökünü tapıb, onu həll etmək lazımdır.
-Boşanmış ailələrdə böyüyən uşaqlar tam ailələrdə böyüyən uşaqlardan daha çox aqressiv olurlar. Belə olduqda natamam ailələrdə böyüyən uşaqların valideynləri hansı nüanslara diqqət etməlidirlər?
Adətən boşanmış ailələrdə valideynlər arasında düşmənçilik halları baş verir. Valideynin biri digərini hər zaman pisləyir.Əgər valideyn həqiqətdə öz övladlarını düşünürsə, ilk olaraq, öz münasibətlərini normal vəziyyətə gətirməlidilər. Çünki ailə kiçik bir dövlətdir. Çalışmalıdırlar ki, bu dövlətdə böyüyən uşaqlar gələcəkdə cəmiyyətdə sağlam addım ata bilsinlər.Boşanmadan əvvəl mütləq psixoloqa müraciət edilməlidir.Valideynlər arasında daxili münaqişələrə şahid olan uşaq gələcəkdə özünə hörmət etməz! Və bu zaman uşaq öz valideynlərindən uzaqlaşır. Həmçinin, cəmiyyətdə özünə qapanmış, aqressiv, özgüvən hissi itmiş bir duruma düşür. Boşanmış valideynlər bir-birini övladlarının yanında təhqir etməməli və pisləməməlidirlər. Belə olduqda uşağın öz güvən hissi itir və gələcəkdə cəmiyyətdə öz mövqeyini tuta bilmirlər.
-Ailələrdə baş verən neqativ hadisələr yeniyetmələrin gələcəkdə ailə qurduqları zaman onların ailələrində hansı problemlər yaranır?
Xarakterə görə nəticələr fərqli olur.
Qızlarda ataya qarşı nifrət hissi aşılanıbsa, əks cinsə qarşı inamsızlıq hissi olur. Bəzən ata qayğısı görmədikləri üçün istənilən bir xırda xoş münasibətə aldana bilərlər. Və həmin insanı ideallaşdıra bilərlər. Belə olduqda o, insanın özününün dəyərdən düşməsinə səbəb olur.
Oğlanlarda isə əgər ana, ata tərəfindən şiddətə məruz qalıbsa, onlarda özgüvən hissi azalır. Çünki oğlan uşaqları analarını qoruya bilməyibsə, həmişə özünü günahkar sayır.Onun yaşının kiçik olmasına baxmayaraq, zaman keçdikcə o özünü günahkar sayır. Və yaxud da ana həddindən artıq oğlan uşağını özünə bağlı böyüdürsə, bu zaman manipulyasiyaya uğrayır, gələcək həyatında ciddi problemlərlə üzləşir.
-Ceyran xanım, istərdim mövzumuzu yeniyetməlik dövründə olan uşaqların eqo hisslərindən danışaq.
Bu dövrdə uşaqlar ya aqressiv olurlar, ya depresiv olurlar.
Aqressiv uşaqlarda düzgün ünsiyyət qurma üçün ilk olaraq, yaranan problemin səbəbini öyrənmək lazımdır. Eqo hissinin olmağı normaldır. Şəxsiyyətin formalaşdığı bir dövrdə yeniyetmələr özünü dünyanın mərkəzi zənn edirlər. Valideynlər bucür haldan tədirgin olmasınlar, əksinə mənim övladım öz sözünü deyə bilir deyə sevinməlidirlər. İmpatiya qurmalı özünə rəva bilmədiklərini başqalarına rəva bilməməlidirlər. Bu yolla uşaqlarda mənəvi dəyərlərin formalaşmağına çalışmalıdırlar. Çünki insanı insan edən, onun ədalətlilik duyğusudur.
-Sevginin yaşı yoxdur. Adətən az yaşlı uşaqlarda yaranan sevgi hissinə görə valideynlər o qədər də əhəmiyyət vermirlər. Lakin yeniyetməlik yaşlarında yaranan bu hissə görə valideynlər öz övladlarına müəyyən sərt cəza üsulları tətbiq edirlər. Bu durumda valideynlərə hansı məsləhətləri verərdiniz?
Yeniyetməlik dövründə sevgi hissinin yaranması normal haldır. Bəzən bağlanmaq hissini sevgi hissiylə səhv salırlar. Əgər bu dövrdə həddindən artıq bağlanmaq hissi varsa, valideynlər artıq düşünməlidirlər ki, o övladı ilə hansı konkatı qura bilməyib. Onun həlli üçün artıq bu problemləri həll etmək lazımdır.
Düşünürəm ki, valideynlərin narahatçılığına əsas səbəb onları itirmək qorxusunun olmasıdır.Çünki valideynlər övladlarının səhv etməsindən və dərslərindən yayınmasından tərəddüd edirlər. Bir nüansı diqqətinizə çatdırım ki, valideynlər övlarının atacağı səhv addımdan başqa el qınağından daha çox qorxurlar və bu zaman uşaqlara müəyyən cəza tətbiq edirlər. Bu cür cəzalar məsələni həll etmək demək deyil. Valideynlər çalışmalıdırlar ki, övladlarıyla düzgün ünsiyyət qursunlar, onları səbrlə dinləsinlər.
-Yeniyetməlik dövründə intihar hallarının başlıca səbəbi nədir?
İntaharın kökündə “mənə kömək edin!” ifadəsi durur. Zaman-zaman yaşanmış psixoloji durumlar onun bu qərar verməsinə səbəb olur.
İntaharların özləri də fərqli olur. Affekt səviyyədə olan intahar heç vaxt intahar haqqında düşünməyib yəni həmin anda özünə nəzarət itib. Bu zaman intahar ani baş verir. İsferik intahar hansı ki onlar sadəcə göstərmək istəyirlər ki, mənə kömək edin.
Başa çatmış intahar düşünüb, qərar verilmiş yəni mən harada nə zaman intahar edəcəm. Bu intihar halları hər biri özünə görə ayrı-ayrı situasiyalarla bağlıdır. Bu zaman valideynlər istər bilərəkdən, istərsə də bilməyərəkdən bu halları gözdən qaçırırlar.
-Sonda yeniyetmə uşaqları olan valideynlərə son sözünüz nədir?
Yeniyetməlik dövründə insanın şəxsiyyəti formalaşır. Bu (4-6 il) çətin bir dönəm olur. Yeniyetmə olmaq çətindir, lakin ondan daha çətini yeniyetmə valideyni olmaqdır. Valideynlərə səbr və təmkin lazımdır. Bir insanın qürur duya biləcəyi ən böyük şey doğru insan yetişdirməyidir.
Təşəkkür edirik, Ceyran xanım!
Günel Ağayeva