O, “Azadlığı zərrə-zərrə istəməyən” Azərbaycanın xalq şairi Xəlil Rza Ulutürkün oğludur. Xəlilbəyli Təbriz Xəlil Rza oğlu… O da eyni qədər istəmirdi azadlığı; nə zərrə-zərrə, nə də qram-qram! Buna görədir ki, 1991-ci ilin sonlarında cəbhəyə yollanan könüllülər sırasında Təbriz də vardı.
Döyüşə gedəndə geridə həyat yoldaşı Sevinc xanım və iki qızı vardı; Gültac və Türkay. Təəssüf doğuran hal odur ki, internet resurslarında mövzuyla bağlı məlumat bazası çox azdır, əldə etdiklərimizsə standart avtobioqrafik informasiya idi. Xülasə, uzun axtarışdan sonra qızı Gültac xanımla əlaqə yarada bildik. Xəlil Rzanın bacısı oğlu Kamran Yunis kömək etdi. Gültac xanım Tibb Universitetinin Əczaçılıq fakültəsini bitirib. Son bir ilə kimi dövlət qurumlarında fəaliyyət göstərib. Hazırda işləmir. Ailəlidir.
Qızı Gültac xanım Xəlilbəyli
Atası cəbhəyə gedəndə Gültac balacaydı, hələ heç iki yaşı tamam olmamışdı. Ancaq eşitdikləri imkan verir ki, atası haqqında həmin günlərin şahidi kimi qürurla danışır:
“Mənim üçün Təbriz Xəlilbəyli adı arxa, dayaq deməkdir. Hər qız üçün onun atası qəhrəmandır. Atam rəhmətə gedəndə iki yaşım yoxuydu.
Xatırlamağa çalışsam da çətinlik çəkirəm. Ancaq qohum-tanışlardan atamın necə insan olduğunu, necə davrandığını, xasiyyətini soruşuram. Şəkillərə baxıb onun mimikasını, gülüşünü və s. gözümdə canlandırmağa çalışıram.
Atam könüllü cəbhəyə yollandı. Dostları onun hər zaman necə dürüst, mərd insan olduğundan danışır. Qonşular deyir ki, o qədər əliaçıq insan idi ki, əynindəki köynəyi belə istəsən çıxardıb verərdi sənə.
Atam rəhmətə gedəndən sonra çətinliklərimiz olub. Anamın çətin həyatına baxıb biz daha da gücləndik. Uşaq yaşlarından bu günə kimi çox çətinliklərimiz olub. Mən düşündüm ki, böyüdükcə atamın yoxluğunu daha az hiss edərəm, ancaq belə olmadı. Hər an onun yoxluğunu hiss edirəm...
Qızı Türkay xanım Xəlilbəyli
Nənəm Firəngiz xanım deyir ki, atan televizor izləməyi çox sevərdi. Axı o rejissor olmaq istəyirdi... 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olmuşdu. Təhsilini Kütləvi tamaşalar üzrə rejissor fakültəsində qiyabi davam etdirirdi. İncəsənət ruhlu insan olub atam. Balaca vaxtı musiqiylə məşğul olduğuna görə pianinoda ifa etməyi bacarırdı, çoxlu rəsimlər çəkirdi.
Ailə arxivi
Əmisi qızı həmişə deyir ki, mənə əziyyət verməmək üçün bizə gələndə bircə pomidor yumurta, ya da yumurta bişirməyimi istəyirdi”.
80-ci illərin sonu, 90-cı illərin əvvəli…
Həmin ərəfədə Xromort və Naxçıvanik kəndləri uğrunda döyüşlər gedirdi. Həm yaralı əsgərləri döyüş xəttindən çıxarmaq, həm də düşmənin qüvvəsini məhv etmək lazım idi; canlı və texniki. O bunu bacarırdı. Bu döyüşlər bəs etdi ki, DİN-nin “Boz qurd” mükafatına layiq görülsün. Gültac xanımdan döyüş yoldaşları haqqında soruşuruq: sizə baş çəkirlərmi?
“Döyüş yoldaşları mən balaca olanda evimizə gələrdilər. İndi də tədbirlərdə iştirak edirlər, Şəhidlər Xiyabanına gedib yad edirlər”.
Yanvarın 31-ə kimi əli tətikdə, gözü qarşı tərəfdə ayıq-sayıq dayana bilir Təbriz. Bu fəndgirliyi, çevikliyi ona nələr qazandırmadı ki?! Ancaq qazandıqlarına görə bəzən nələrdənsə keçməyə məcbur qalırsan. Buna hərbidə məcburiyyət yox, ən uca zirvə deyirlər. O, həmin zirvəni 27 yaşında fəth edə bildi. Geridə qalanlarsa, təkcə, Türkay və Gültac adlı iki övladı deyil, qısa müddətdə yaşanan ən uzun hekayələrdir. İndi Bakı şəhərindəki küçələrdən biri onun adını daşıyır. Yaşadığı evin qarşısına “Xatirə lövhəsi” vurulub.
O, Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.
Xəlilbəyli Təbriz Rza oğluna ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilir.
Təbriz Xəlilbəylinin həyat yoldaşı və qızları
Təbriz Xəlilbəylinin həyat yoldaşı Sevinc xanım Bakı Dövlət Universitetinin Kimya fakültəsini bitirsə də uzun müddət jurnalist kimi fəaliyyət göstərib. Şəhidin nənəsi Firəngiz xanımsa (Xəlil Rza Ulutürkün xanımı) şairin 72 kitabını çap etdirib. Hazırda da bu istiqamətdə fəaliyyətini davam etdirir.
Azadə Yolçu