Koronavirus Qarabağda müharibə üçün əngəl törədirmi? - Döyüş zamanı əsgərlərin virusa yoluxa riski arta bilər | Eurasia Diary - ednews.net

25 May, Bazar ertəsi


Koronavirus Qarabağda müharibə üçün əngəl törədirmi? - Döyüş zamanı əsgərlərin virusa yoluxa riski arta bilər

Müsahibələr A- A A+

Bu gün Dünya Azərbaycanlılarının soyqırımı günüdür. Dağlıq Qarabağda isə qondarma prezident seçkiləri keçirilir. Bu hadisə Azərbaycandakı vətənpərvər-millətçi qrupların orduya Qarabağdakı seçkiləri əngəlləmək üçün düşmənə ardıcıl zərbələr endirmək barədə çağırışlar etməsinə səbəb olub.

Qeyd edək ki, siyasi-diplomatik baxımdan seperatçı rejimdə seçkilərin keçirilməsi Azərbaycan üçün “casus-belli”, yəni müharibə səbəbi deyil. 30 ildir orada müxtəlif təyinatlı seçkilər keçirilib və heç birinə Bakı müdaxilə etməyib. Bakının bu məsələdəki mövqeyi seçkiləri və qondarma rejimi tanımamaqla kifayətlənməkdir.

Bəs Azərbaycan pandemiyanın geniş vüsət aldığı bir zamanda Qarabağın azadlığı uğrunda müharibəyə başlaya bilərmi? Bu addım dünya ictimaiyyəti tərəfindən necə qarşılanar?

Bu sualları hərbi ekspert Tərlan Eyvazov Ednews oxucuları üçün cavablandırıb:

“Əvvəla, dünyada koronavirus pandemiyasının geniş yayılması səbəbindən Rusiya kimi bir dövlətdə seçkilərin vaxtının dəyişdirildiyi, Yaponiyada beynəlxalq olimpiyadanın təxirə salındığı bir zamanda Qarabağdakı qondarma rejimdə “prezident seçkilərinin” keçirilməsi bir humanitar təqsirdir. Və bu təqsir Azərbaycanın əlində daha bir diplomatik kart-blanş verir. O səbəbdən rəsmi Bakı bu məsələni beynəlxalq institutların diqqətinə çatdırmalı və mümkün olan siyasi dividenti qazanmalıdır.

Qaldı ki, müharibə çağırışlarına, mən bu çağırışları çox gözəl başa düşürəm. Azərbaycanda vətəndaşların artıq Qarabağ məsələsində səbri, təmkini qalmayıb. Xalq torpaqlarının azad edilməsini istəyir. Biz pandemiyanı əsas göstərib müharibənin indiki zamanda yerinə düşməyəcəyini söyləsəkdə, vətəndaşlarımız cavab kimi deyə bilər ki, bəs nəyə görə 90-cı illərin əvvələrində ermənilər bizim daxildəki siyasi-iqtisadi böhrandan istifadə etdilər? Lakin artıq dünya 90-cı illərin dünyası deyil. Digər tərəfdən bu Qarabağdakı ilk seçkilər deyil.

Həmçinin bilirsiniz ki, indiki çağırışçıların müddəti bir aydan iki aya qədər uzadılıb. Əgər biz bu gün insanları evdən çıxmağa icazə vermiriksə, necə müharibə apara bilərik? Bundan savayı Azərbaycanın Ali Baş Komandanı Azərbaycan torpaqlarında olan bütün vətənaşların, o cümlədən, Dağlıq Qarabağdakı əhalinin təhlükəsizliyinə cavabdehdir. Əgər bu gün Ermənistan Ümumdünya Səhiyyə Təşkilatının tələb və çağırışlarını bir seçki naminə pozur, əhalinin sağlamlığını təhlükəyə atırsa, buna dövlət başçısı İlham Əliyev mütləq reaksiya verəcək.

Unutmaq olmaz ki, Azərbaycan BMT, ATƏT, İKT və s. kimi bir çox beynəlxalq institutların üzvüdür. Bu institutların müəyyən etdiyi beynəlxalq normalar var. Bu normalara görə qlobal böhranlar, təbii fəlaklətlər, pandemiya və epidemiyalar və bu kimi müxtəlif genişmiqyaslı fövqəladə hallar baş verən zamanlarda bir ölkənin digər ölkəyə qarşı müharibə aparması qəbul edilməzdir. Hətta müharibələr davam edən məqamlarda bu hallar baş verərsə, dərhal atəşkəs elan olunur və müharibələr dayandırılır. İndiki məqamda bizim müharibə edə bilməməyimizin bir səbəbi də ondan ibarətdir ki, koronavirus bütün dünyanı, o cümlədən Ermənistanı cənginə alıb. Bütün dünyanın bu virusun fəsadlarını aradan qaldırmaq üçün mübarizə apardığı bir zamanda bizim müharibəyə başlamağımız dünya ictimaiyyəti tərəfindən birmənalı qarşılanmaz. Burada biz yanlızca əxlaqi yox, hüquqi məsuliyyət də daşıyırıq, çünki  beynəlxalq institutlar qarşısında sözügedən normalara əməl edəcəyimizlə bağlı öhdəliklər götürmüşük.

Başqa bir tərəfdən nəzərə almaq lazımdır ki, Dağlıq Qarabağda və Ermənistanda olan tibbi şərait bizdən qat-qat aşağı səviyyədədir.Orada bizim əsgərlərimizin hər hansısa bir virusa yoluxmayacağına dair heç kim qaranti verə bilməz. Təsəvvür edin, müharibə aparırsız, irəliləyirsiz və gedib virusun episentrna daxil olursuz. Bu zaman əsgərlərinizi necə qoruya bilərsiz?” – deyə ekspert qeyd edib.

Nicat İsmayılov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...