Üfüqlərdə görünən Türkiyə-Rusiya hərbi əməkdaşlığı 100 illik saziş, qarşılıqlı silah istehsalı və ABŞ-ın reaksiyası

Müsahibələr 17:30 16.03.2021

Pilotsuz uçan aparatları (PUA) ilə dünya müdafiə sənayesində ilk sıraları tutan Türkiyə artıq raket, təyyarə və hava hücumundan müdafiə sistemləri üzrə də dünyada önəmli mövqe tutmağa iddialıdır.

Türkiyə yuxarıda adları çəkilən sahələrin inkişafında şaxələnmiş siyasət həyata keçirmək niyyətində olsa da, daha çox Rusiya ilə əməkdaşlıq edərək onların təcrübəsindən faydalanmaq qərarını açıqlayıb. Rusiya istehsalı olan S-400 raket əleyhinə müdafiə sistemləri və Su-57 qırıcı təyyarələrinin dünyanın ən güclü silahlar sırasında olduğunu nəzərə alsaq, Türkiyənin qərarının əsassız olmadığını görərik.

Qeyd edək ki, Türkiyə hələ bir müddət öncə S-400 sistemlərinin Rusiya ilə birgə istehsalında maraqlı olduğunu açıqlamışdı. Ankara bu dəfə isə öz milli təyyarəsini istehsal etmək üçün Rusiya ilə əməkdaşlıq etməkdə fayda görür.

Amma Türkiyənin NATO üzrə partnyorlarının buna münasibəti, eləcə də layihənin səmərəliliyi sual doğurur. Eurasia Diary mövzu ilə bağlı təqaüddə olan türkiyəli polkovnik, hərbi ekspert Dr. İlhan Yılmaz Cömertdən müsahibə alıb.

Dr. İlhan Yılmaz Cömert 1986-2013-ci illər ərzində Türkiyə Silahlı qüvvələrində xidmət edərək polkovnik rütbəsi ilə təqaüdə çıxıb. O, fəaliyyətinin 17 ilini Baş Qərargahın Xüsusi Təyinatlı Qüvvələr Komandanlığının müxtəlif bölmələrində xidmət edib. İlhan Yılmaz Cömert tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsinə malik olmaqla beynəlxalq münasibətlər, tarix, hüquq, təhlükəsizlik, kəşfiyyat, və bir sıra sahələrdə tədqiqatlar aparıb.

- Rusiya istehsalı silahların Suriya, Liviya və Qarabağda Azərbaycan, Türkiyə və İsrail kimi dövlətlər tərəfindən məhv edilməsi onların texniki cəhətdən zəif olmasına kölgə salırmı?

- Rusiya istehsalı silahların vurulması onların texniki baxımdan zəif olmasını göstərmir. Qarabağdakı Rusiya silahlarının köhnə model olduğunu və bu səbəbdən inkişaf etmiş silahlar qarşısında təsirsiz qaldığını göstərir. S-300 sistemi S-400 sisteminin bir əvvəlki versiyasıdır. Bir çox ölkə hələ də S-300 sisteminə üstünlük verir. Sistem 1978-ci ildən bu yana NATO üzvü olan Yunanıstan, Bolqarıstan və Slovakiyadan başqa Rusiya, Çin, Hindistan, Qazaxıstan, Venesuela, Ermənistan, İran, Suriya, Azərbaycan, Belarus, Ukrayna və Vyetnam kimi dövlətlər tərəfindən istifadə olunur. “New York Times” qəzetinin 24 dekabr 1994-cü il tarixində verdiyi xəbərinə görə, ABŞ S-300 sistemini araşdırmaq və öz “Patriot” sistemlərini inkişaf etdirmək üçün gizli şəkildə bir S-300V sistemi satın alıb. Bildiyim qədəri ilə, Qarabağda S-300 silahları İsrail istehsalı kamikadze dronları tərəfindən məhv edilib. Digər rus silahları isə Türkiyə istehsalı PUA-lar və raketlər tərəfindən vurulub. Rusiya istehsalı olan sistemlərin İsrail və Türkiyə istehsalı olan silahlarla vurulması, vuran silahların daha inkişaf etmiş və yeni nəsil silahlar olduğunu göstərir.

Bundan əlavə, silahları araşdırarkən "insan" amilinin də vacib olduğunu unutmamalıyıq. Müharibədə ən təsirli silah "ölümü gözə alan əsgər"dir.

- Türkiyənin Rusiya ilə tarixi düşmənçiliyini və Orta Şərqdəki rəqabətini nəzərə alaraq bu əməkdaşlığın perspektivi necədir?

- Əgər səhv etmirəmsə, Rusiya Osmanlı dövləti zamanından bəri 17 dəfə savaşdığımız bir ölkədir. Rusiya Pyotrdan etibarən “isti dənizlərə enmə” siyasətindən dolayı Aralıq dənizinin sahil dövlətlərinə çatmağa çalışıb. Orta Şərqdə və Qafqazda da vaxtaşırı qarşı-qarşıya gəlmişik. Lakin bu vəziyyət heç bir zaman qarşılıqlı dialoqu sıradan çıxarmır. 1940-cı illərdən etibarən “strateji tərəfdaş”ımız dediyimiz ABŞ illər boyu PKK terror təşkilatına silah, pul və təlim dəstəyi verib, Türkiyəyə insan sağlamlığına ziyan olan bir çox məhsulların girməsinə səbəb olub.

Atatürk dövründə qurulan təyyarə fabrikimizin bağlanmasına səbəb olub. Yerli avtomobillər istehsal etməyimizin qarşısını alıb. İkinci Dünya Müharibəsindən qalmış  silah və nəqliyyat vasitələri verib və sonradan ehtiyat hissələrinin satışından milyonlarla dollar qazanıb. Bu yolla ABŞ öz texnologiyamızın inkişafının qarşısını alıb. ABŞ Türkiyəni özündən tamamilə asılı vəziyyətə gətirmişdi, texnologiyanın inkişafına icazə verməyib. Türkiyə 1974-cü il Kipr Sülh Əməliyyatında öz silah texnologiyasını inkişaf etdirməyə ehtiyac olduğunun fərqinə vardı və bu istiqamətdə lazımlı bazanı yaratdı.

Türkiyə uzun illərdən bəri MKE, Roketsan, Aselsan, Havelsan kimi qurumlarla öz silah texnologiyasını formalaşdırmaqdadır. Artıq özəl şirkətlər də bu işə daxil olublar. Türkiyə PUA istehsalında dünyada ən öndə gedən ölkələr sırasındadır. Türkiyə indi də öz təyyarəsini istehsal etmək istəyir. Bu səbəbdən texnoloji transferi də önəmlidir. Rusiya bu layihəyə müsbət baxır. Bundan əlavə, 5-ci nəsil döyüş təyyarələrini incələsək, Rusiya istehsalı Su-57 ABŞ istehsalı F-35-dən daha üstündür. Türkiyənin F-35 layihəsindən kənarlaşdırılması çox gözəl bir alternativ ola bilər. Eləcə də, Su-57 F-35-dən daha qənaətlidir. Ən əsası öz təyyarələrimizi istehsal edəcəyimizdir.

S-400 hava hücumundan müdafiə sistemi 2007-ci ildə, Patriot isə 1981-ci ildə istehsal edilən daha köhnə modeldir. Patriot sistemi qiymət etibarı ilə S-400-dən bir az bahadır. S-400 Patriot sisteminə nisbətən üstün xüsusiyyətlərə malikdir.

- Bu əməkdaşlıq hərbi əsaslara dayanır, yoxsa siyasi dividentlər müzakirə mövzsudur?

- 16 mart 2021-ci il Türkiyə və Sovet İttifaqı arasında imzalanan Moskva sazişinin 100 illiyidir. Bu razılıq yeni Sovet rejiminin imzaladığı ilk beynəlxalq saziş olması baxımından önəmlidir. Atatürk dövründə 1920-1930-cu illərdə əlaqələr çox yaxşı inkişaf etmişdir. İkinci Dünya müharibəsindən sonra soyuq müharibə zamanında pozulan əlaqələr SSRİ dağıldıqdan sonra 2000-ci illərdə inkişaf etməyə başlayıb. Xüsusilə Putinin hakimiyyəti dövründə daha da inkişaf etdiyini söyləyə bilərik.

Qara dənizdən Qafqaza və Orta Şərdən Şimali Afrikaya kimi uzanan region Türkiyə və Rusiyanın nüfuz mübarizəsində Liviya və Suriyada olduğu kimi qarşı cəbhələrdə yer aldıqları hərbi ixtilaflara yol açan strateji mənfəət qarşıdurmalarına səhnə olub. Buna ən yaxın misal, Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusunun nəzarətində olan “Fərat Qalxanı” bölgəsində iki ayrı nöqtədəki yanacaq anbarlarının 12 mart 2021-ci il tarixində ruslar tərəfindən raket zərbələri ilə vurulmasıdır. Ancaq hər iki ölkə təzyiqin qalxdığı böhran anlarında belə, iplərin qopmasına və müzakirə masasının devrilməsinə imkan verməyib.

Bundan başqa, Türkiyə və Rusiya Fəratın şərqində ABŞ-ın liderliyi ilə Suriyanın ərazi bütövlüyünə təhdid olan "dövlət terrorizmi"nə qarşı ortaq bir mövqe sərgiləyirlər.

Türkiyə, İran və Rusiya Suriyada sabitliyi təmin etmək üçün zaman-zaman ortaq səylər göstəriblər. Yaxın zamanımızda Türkiyə ilə Rusiya arasında siyasi müstəvidə yaxın əlaqələrə işarə edən proses 11 mart 2021-ci ildə Türkiyə, Rusiya və Qətərin xarici işlər nazirlərinin Dohada bir araya gəlməsidir.

İqtisadi və siyasi sahələrdə məntiqli yaxınlaşma yaradan Türkiyə ilə Rusiya hərbi sahədə də əməkdaşlıq etməyə başlayıb. Enerji, ticarət və turizm mövzusunda önəmli addımlar atılıb. Akkuyu Atom Elektrik Stansiyasının inşası davam etməkdədir. Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi almasıyla hərbi sahədə yaxınlaşma artıb. Birgə olaraq təyyarə istehsalı gerçəkləşərsə, yaxınlaşma daha da artacaq.

Nəticədə, Türkiyə ilə Rusiya arasında əlaqələrdə yaxınlaşma, rəqabət və qarşıdurma bir arada yaşanır. Türk-rus əlaqələrində qırmızı xəttimiz türk dövlətləri, Rusiya torpaqlarında və ya Rusiyanın fəaliyyətdə olduğu yerlərdə yaşayan türklər olmalıdır.

Beynəlxalq münasibətlərdə qarşılıqlı maraqlar vacibdir. Türkiyə maraqlarından dolayı Rusiya, ABŞ və ya başqa bir ölkə ilə siyasi və ya hərbi əməkdaşlıq edə bilər. Bundan əlavə, ulu öndər Atatürkün “Yurdda sülh, cahanda sülh” prinsipinə uyğun olaraq zaman-zaman münaqişələr yaransa belə, Rusiya kimi bir ölkə ilə yaxın tarixi bağlarımız olan dövlətlərə dialoq və əməkdaşlıq qapısı bağlanmamalıdır. Türkiyə məntiqli “balanslaşdırma siyasəti” yürütməlidir.

Azərbaycan kimi mənşəyimiz bir olan ölkələrlə vəziyyət fərqlidir. Azərbaycanda bir şey olanda hamımız köməyə gələrik. Çünki Azərbaycan türkləri bizim qardaşlarımızdır. Bu, digər türk dövlətləri və türk əhalisi olan ölkələr üçün də keçərlidir. Qarabağ müharibəsində bir daha görüldü ki, "türklərin türkdən başqa dostu yoxdur".

- “S-400”lər üzündən ABŞ sanksiyaları ilə qarşılaşan Türkiyə təyyarələrlə əlaqəli əməkdaşlıq edərsə, ABŞ buna necə reaksiya verə bilər?

- Bildiyimiz kimi, Türkiyənin S-400 alışından sonra ABŞ-ın sanksiyalar yolu ilə Amerikanın Düşmənlərinə Qarşı Mübarizə Aktının (CAATSA) 231-ci maddəsinə uyğun olaraq elan etdiyi sanksiyalar xüsusilə Türkiyə müdafiə sənayesini hədəfə alır.

Sanksiyalar Müdafiə Sənayesi Nazirliyinə mal və texnoloji sahələrdə ixracat lisenziyası verilməsi qadağan edilib. Nazirlik həm ABŞ, həm də ABŞ-ın pay sahibi olduğu beynəlxalq maliyyə qurumlarından kredit və maliyyə dəstəyi ala bilməyəcək. Bundan başqa, Müdafiə Sənayesi naziri İsmayıl Demir və S-400-lərin alınmasında rol oynamış nazirliyin yüksək vəzifəli üç rəsmisi də sanksiyalar siyahısına daxil edilib.

Türkiyənin Rusiya ilə birgə təyyarə istehsalı mövzusunda da ABŞ bənzər sanksiyalar tətbiq edə bilər. Ancaq Yunanıstan və Kipr Yunan Respublikasında da Rusiya istehsalı olan S-300-lər olduğu halda ABŞ tərəfində eyni reaksiya göstərilmir. ABŞ illər boyu PKK terror təşkilatına silah, sürsat və təlim dəstəyi təmin edib. Suriyada 130 min nəfərlik terror ordusu formalaşdırıb. İllər uzunu strateji müttəfiqimiz olaraq bizim quyumuzu qazan ABŞ qəti olaraq bizə dost deyil.

ABŞ-dan gələn bu cür sanksiyalarən qarşısını almaq üçün Türkiyə müstəqil şəkildə müdafiə sənayesini inkişaf etdirməlidir. Bu sanksiyalar Türkiyə müdafiə sənayesini heç bir şəkildə əngəlləyə bilməyəcək.

Müsahibəni aldı: Ülvi Əhmədli

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Hamısı