Rusiya qəzəbini gizlədərək, ümumi pozitiv bəyanat verir, amma Paşinyandan qisas alacaq - Əhməd Əlili | Eurasia Diary - ednews.net

25 İyul,


Rusiya qəzəbini gizlədərək, ümumi pozitiv bəyanat verir, amma Paşinyandan qisas alacaq - Əhməd Əlili

Müsahibələr A- A A+

İyunun 12-də əldə olunmuş razılığa əsasən Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə mina xəritəsinin Azərbaycan tərəfinə təqdim edib. Rəsmi Bakı isə saxlanılan 15 erməni terrorçusunu Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verib.

Azərbaycan XİN-i bu təşəbbüsün həyata keçməsində göstərdiyi köməyə görə, Gürcüstan rəhbərliyi daxil olmaqla, ABŞ və Avropa rəsmilərinə öz təşəkkürünü bildirib. Öz növbəsində rəsmi Yerevan da göstərdiyi köməyə görə Qərb ölkələri və Gürcüstana təşəkkür edib.

Qarabağdakı son proseslərdə ən aktiv iştirakçı olan Rusiya bu dəfə nədənsə bu prosesdən kənar qalıb. Düzdür, Paşinyan daha sonra mina xəritələrinin verilməsində Rusiyanın rolunun olduğunu desə də, bunun daha çox Moskvanın könlünü almağa xidmət etdiyi aydın görünür. Ən azından, mina xəritələrinin əldə edilməsində maraqlı olan Bakının Rusiyanın rolu ilə bağlı açıqlama verməməsi, Paşinyanın səmimi olmadığını göstərir.

Bəs, özünü “Qarabağ məsələsini məndən başqa həll edəcək qüvvə yoxdur” kimi qələmə verən Rusiya niyə bu prosesdə yer almadı? Nəyə görə rəsmi Moskva bu günə qədər mina xəritələrinin təhvil verilməsi  ilə bağlı Ermənistana təzyiq göstərməyib? Bunun əsas səbəbi nə ola bilər?

Eurasia Diary bu məsələnin aydınlaşdırılması üçün politoloq, Qafqaz Siyasi Analitik mərkəzinin sədri Əhməd Əlilidən müsahibə alıb.

Əhməd Əlili: Avropaya inteqrasiya Azərbaycanın milli maraqlarından doğan  konsepsiyadır - YouTube

Politoloq müsahibəsində mina məsələsi və qərbin burada rolu ilə bərabər seçkilər ərəfəsində Paşinyanın reytinqi,  ATƏT-in Minsk Qrupunun son proseslərdə yer alması və Türkiyənin regionda aktivləşməsi barədə də geniş məlumat verib.

- 15 erməni əsirinin əvəzində Ağdamın mina xəritəsinin Azərbaycana təhvil verilməsinin Bayden-Ərdoğan və Bayden-Putin görüşləri ərəfəsində həyata keçirilməsinin səbəbi nə ola bilər?

- İlk öncə burada önəmli bir məqamı nəzərə almalıyıq. Ermənistanın mina xəritələrini indiki zamanda verməsinin səbəbi üzərində düşünməliyik. Biz bilirik ki, rəsmi Bakı ölkəmizin ərazisinə qanunsuz daxil olan ermənilərin mina xəritələrinin təqdim edilməsi müqabilində təhvil verilməsinə razılıq vermişdi. Bu barədə uzun müddət fikirlər səsləndirilirdi. Halbuki, Ermənistan hakimiyyəti məsələ ilə bağlı adekvat mövqe ortaya qoymurdu. Mina xəritələrini verməkdən boyun qaçırırdı.   Hətta iddia edirdilər ki, onlarda xəritələr yoxdur.

Lakin Ermənistan son halda mina xəritələrinin bir hissəsini ortaya çıxararaq ölkəmizin rəhbərliyinə təhvil verdi. Maraqlıdır, nəyə görə Yerevan məhz indiki dövrdə mina xəritələrinin verilməsinə razılıq verdi? Burada müəyyən səbəblər tapa bilərik. Birincisi, Ermənistan tərəfinin belə addım atması Paşinyan hakimiyyəti və Kreml arasında son zamanlar yaşanan gərginlik ilə bağlı ola bilər. İkincisi, Paşinyanın sülh proseslərində Amerika ilə işləmək istəməsidir. Hamıya “xəritələr yoxdur” deyən Ermənistan Amerika və Avropaya açıq-aşkar “xəritələr var” dedilər. İstər-istəməz burada maraqlı məqamlar ortalığa çıxır.

- ABŞ, ATƏT və Avropa İttifaqı üçlüsünün proseslərdə iştirakı aktivləşdi. Rusiya və Türkiyə Qərbin bölgədə humanitar fəaliyyətdə iştirakına necə baxır? Bu hadisə Qərbin bölgəyə təsir imkanları baxımından özünü necə büruzə verəcək?

- 10 noyabr bəyanatının imzalanmasında və onun öhdəliklərinin təmin olunmasında Rusiyanın çox önəmli rolu var. Müharibədən sonra Qarabağla bağlı məsələlərdə Moskva Minsk Qrupu üzrə tərəfdaşlarını kənarda qoydu. Biz şahidi olduq ki, bu, Qərb dairələrinin narazılığı ilə qarşılandı, qərb diplomatları Qarabağ məsələsində aşırı dərəcədə münasibətlərini göstərirdilər. Avropa İttifaqının bəzi ölkələri və ABŞ- ın bir sıra rəsmilərindən açıq-aşkar reaksiya nümayiş olunurdu. ABŞ və Avropa rəsmiləri çalışırdılar ki, post-konflikt prosesinə daxil olsunlar. Ermənistanın mina xəritələrinin təhvil verməsini onların əlində şans olduğunu hesab edirəm. Onlar Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiya olunması prosesində də iştirak edə bilərlər.

Lakin ABŞ və Avropanın uğurlu mina addımını ATƏT-in Minsk Qrupunun sülh prosesinə qayıtması kimi qələmə vermək düzgün olmaz. ABŞ və Avropa İttifaqı mina məsələsində ayrı-ayrılıqda rol oynadı. ATƏT-in Minsk Qrupunun iki dövlət arasında sülhün təmin edilməsi üzrə bir sıra mexanizmləri hələ aktivləşməyib.

Bir məqamı da nəzərə almalıyıq ki, sülh üçün yeni mexanizmlər Türkiyənin də regionda aktivləşməsinə yol aça bilər. Biz bunun tez bir zamanda baş verməsinə şahidi ola bilərik. Bu çox pozitiv məqam ola bilər.

- Rusiya XİN sözçüsü Mariya Zaxarova mina xəritələrinin təhvil verilməsi ilə bağlı “Çoxdan gözlənilən və böyük xəbərdir” deyə bildirib. Nə üçün bu məsələdə Rusiya özü Ermənistana təzyiq göstərmədi və Qərbə bu gedişi  etmək imkanı yaratdı?

- Düşünürəm ki, Moskva Paşinyan ilə bağlı bir sıra suallar qaldıracaq. Moskva sual qaldıracaq ki, Paşinyan hakimiyyəti nəyə görə bu zamana qədər mina xəritələrini Rusiya siyasətçiləri və hərbiçilərindən gizlədib. Əgər Rusiya mina xəritələrinin Ermənistanın əlində olması barədə məlumat əldə etsəydi, onda o Ermənistandan bu xəritələri alıb Azərbaycana təhvil verməkdə maraqlı olardı. Bunun özü nəzərəçarpacaq məsələdir. Amma indiki şəraitdə bir görürük ki, Kreml və Paşinyan hakimiyyəti arasında müəyyən problemlər var. Bu problemlər açıq-aşkar hiss olunur. Lakin Rusiya rəsmiləri qəzəbini gizlədərək bu məsələ ilə bağlı ümumi pozitiv ifadələr verməyə çalışırlar. Əslində hamıya aydındır ki, bu Moskva və Yerevan arasında gərginliyə gətirib çıxaracaq. Xüsusilə də Ermənistanda seçkilər ərəfəsidir. 

- Paşinyanın sözlərinə görə, o, mina xəritələrinin təhvili mövzusunda müzakirələrin sonrakı mərhələsinə hazırdır. Bu açıqlaması və həmçinin əsirlərin azad olunması və Ağdamın mina xəritəsinin təhvili Ermənistanda Paşinyanın seçkilərdəki reytinqinə necə təsir edəcək?

- Hesab edirəm ki, 15 erməninin seçkilər ərəfəsində qaytarılması Paşinyanın reytinqinə müsbət təsir göstərəcək. Lakin burada iki məqamı unutmaq olmaz. Birinci məqam ondan ibarətdir ki, Ermənistanda siyasi rəhbərliyin hərbi rəhbərlik üzərində güclü nəzarəti yoxdur. Ermənistan ordusunda qarabağlı generallar Paşinyanın əleyhinə bir sıra təxribatlar törəmək gücündədirlər. Əlbəttə, bu təxribat birinci özünü Azərbaycan-Ermənistan sərhədində göstərə bilər. Azərbaycan rəhbərliyi bunu nəzərə almalıdır. Bununla yanaşı bir məqamı da nəzər almalıyıq ki, Paşinyanın əleyhinə digər qüvvələr də fəaliyyət göstərir. Onlar iddia edirlər ki, Paşinyan qəsdən uzun müddət “erməni əsirləri” mövzusunu uzadıb. Bu məsələni seçkilər ərəfəsində ortalığa atmaqla reytinqini qaldırmaq istəyir. Əgər Paşinyan əleyhdarları xalqı buna inandıra bilsələr, onda Paşinyanın reytinqi kəskin surətdə aşağı düşəcək.

- İlham Əliyev açıqlamasında Minsk Qrupunun Qarabağla bağlı danışıqlar masasında humanitar fəaliyyət çərçivəsində iştirakını mümkün hesab etməklə, bir növ onların fəaliyyətinin bu çərçivədən çıxmayacağına işarə etdi. Bu o deməkdir ki, Rusiya və Türkiyə formatı Azərbaycanı tam qane edir?

- Azərbaycan Prezidenti əvvəlki çıxışlarında da ATƏT-in Minsk Qrupunun fəaliyyəti ilə bağlı açıq fikirlər səsləndirib. Minsk Qrupunun həmsədrləri bundan sonrakı dövr ərazində hər hansı formada status məsələsini qaytarmağa çalışarsa, Azərbaycan bunu dəstəkləməyəcək. Status məsələsi çoxdan gündəmdən çıxıb. Rusiya, Ermənistan və Azərbaycan rəhbərliyinin imzaladığı 10 noyabr bəyanatında status məsələsi ilə bağlı müddəa yoxdur. Yalnız uzaq gələcəkdə bu məsələ Ermənistan və Azərbaycan cəmiyyətləri arasında müzakirə oluna bilər. O ki qaldı ərazilərin qaytarılması məsələsinə, Azərbaycan bunu çoxdan icra edibdir. 

ATƏT-in Minsk Qrupu Qarabağın yenidən qurulması prosesində aktiv iştirak edə bilər. Onlar Dağlıq Qarabağ ermənilərinin Azərbaycan tərkibinə inteqrasiyası və bu regionda hamı üçün bərabər iqtisadi şəraitin yaradılması məsələləri üzrə aktiv fəaliyyət göstərə bilərlər.  Həmçinin Minsk Qrupunun Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyası məsələlərində vasitəçilik etmək imkanları da ola bilər. İndiki şəraitdə Rusiya və Türkiyənin regionla bağlı yürütdüyü ortaq siyasət Azərbaycanın maraqlarına xidmət edir. Azərbaycan rəhbərliyi bütün oyunçuların regionda təmsil olunmasına çalışır. Bunun özü çox vacib məsələdir.

Yunis Abdullayev 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...