Bayden Trampın sərsəmləməsini düzəldir, Türkiyə ilə yeni münasibət qurur - Engin Özer | Eurasia Diary - ednews.net

25 İyul,


Bayden Trampın sərsəmləməsini düzəldir, Türkiyə ilə yeni münasibət qurur - Engin Özer

Müsahibələr A- A A+

Bayden-Ərdoğan görüşü ABŞ-Türkiyə münasibətlərində yumşalma baxımdan irəliyə doğru addım hesab edilir. İki dövlət NATO-da müttəfiq olsalar da, bir çox məsələlərdə ciddi fikir ayrılıqları var. Görünən odur ki, ziddiyyətli məqamların aradan qaldırılması və real nəticələr üçün qarşılıqlı şəkildə konkret addımlar atılmalıdır.

Mövzu ilə bağlı politoloq Engin Özer Eurasia Diary-nin suallarını cavablandırıb.

Engin ÖZER:Ankara,Afrikadaki güvenlik konseptini tamamen değiştirmeli –  KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

- Məlumdur ki, Bayden özündən əvvəl ABŞ-dan uzaqlaşan "müttəfiqlərini” yenidən qazanmaq istəyir. O, bunu bacaracaqmı? Ümumiyyətlə, Bayden-Ərdoğan görüşünü hansı baxımdan uğurlu hesab etmək olar? ABŞ, Ərdoğanın da istədiyi kimi Türkiyə ilə “dayanışma” sərgiləyəcəkmi?

- Bayden-Ərdoğan görüşü ən azından diplomatik kanalların açıq saxlanması və dialoqun davam etdirilməsində hər iki tərəfin qərarlı olduğunu göstərir. Bu məsələdə beynəlxalq münasibətlərdə ilk görüşdəcə nəticələr əldə etmək mümkün deyil. Dialoq üçün vasitələr müəyyənləşdirilməlidir. Sövdələşmələrin hansı kanallar üzərindən həyata keçiriləcəyi və bu prosesin necə davam etdiriləcəyi ilə bağlı hazırda proqram hazırlanıb. Buna görə də görüş uğurlu sayıla bilər. Çünki ən azından fikir ayrılığı üzərində dayanmadılar. İki ölkə arasında dialoq inkişaf etdiriləcək. Bu, gələcəkdə razılığa gələ biləcəkləri mənasını verir və bu baxımdan ümidvericidir.

- Türkiyənin regional və terrorla mübarizə və s. kimi məsələlər, ABŞ-ın isə Çin və Rusiya ilə bağlı narahatlıqları var. İki NATO dövlətinin bir-birindən gözləntiləri nədən ibarətdir? Bu gözləntilərin reallaşması və müttəfiq münasibətlərinə qayıtmaq ABŞ və Türkiyə üçün ayrı-ayrılıqda siyasi, hərbi, iqtisadi və ticari baxımdan nə üçün əhəmiyyətlidir?

- Türkiyə üçün önəmli olan, yəni, ABŞ-dan ən böyük gözləntisi Suriyanın şimalında və şərqində YPG-nin varlığına son qoyulması, yaxud da ki, bu məsələ ilə bağlı bölgədə kürd respublikasının qurulmayacağına dair Türkiyəyə qarantiya verilməsidir. Türkiyə ilə Amerika arasındakı ən böyük problem budur. Fətullah Gülənin təhvil verilməsi Türkiyə üçün birinci deyil, üçüncü-dördüncü dərəcəli önəm daşıyır. ABŞ-ın istəyi isə Türkiyənin hər şeydən öncə “Bir kəmər, bir yol” layihəsindən ayrılması və Çinlə bağlı strateji əməkdaşlığa dair addımlarını durdurmasıdır. ABŞ-ın ən böyük tələbi budur. Türkiyə Çin ilə münasibətlərini zəiflədərsə, ABŞ iki tərəfin bir-birilə ən çox uzlaşmadığı iki məsələdə - kürd və YPG məsələsində geri addım ata bilər.

- Dediyiniz kimi, ABŞ və Türkiyənin fikir ayrılıqlarından biri də Çin və onun "Bir kəmər, bir yol” layihəsilə bağlı yaranıb. Mümkünsə, bu layihə, eləcə də Cənubi Qafqaz və açılması gözlənilən Zəngəzur dəhlizi mövzusu haqda daha geniş danışardınız.

- Bəli, ən böyük problem “Bir kəmər, bir yol” layihəsidir. Ancaq hazırda ABŞ və NATO daxilində bu layihəyə alternativ yeni bir layihə hazırlanır. Bu, qlobal inkişaf şəklində həyata keçiriləcək. Bu səbəbdən Türkiyənin qatıla biləcəyi ikinci bir layihə var. Yəni çinlilərin təklifi vardı və Türkiyə bunu dəyərləndirdi. Bunun alternativi Avropa İttifaqıdır. Aİ Türkiyə ilə danışıqları dayandırmışdı. İndi ABŞ üzərindən yeni bir quruluş meydana gəlir. Türkiyə bura qatıla bilər. Bu mənada Türkiyənin uzun müddətə “Bir kəmər, bir yol” layihəsində qalacağını düşünmürəm.

Zəngəzur koridorunun Paşinyandan sonra açılacağını düşünmürəm. Hakimiyyətə gələcək yeni hökumət Paşinyanın əldə etdiyi razılaşmaları qəbul etməyəcək. Rusiyanın təzyiqindən dolayı Paşinyanın seçilmək imkanı azdır. Paşinyan seçilsə belə, Ermənistanda hərbi çevriliş gözlənilir. Rusiya bu məsələyə çox ciddi yanaşır. Mənim fikrim belədir. Bu səbəbdən, Azərbaycan Zəngəzurla bağlı yeni hərbi əməliyyat aparmaq məcburiyyətində qala bilər. Və bu məsələni “Bir kəmər, bir yol” layihəsi ilə əlaqəli şəkildə dəyərləndirmək düzgün olmaz.

- Bayden Ərdoğanla görüşü müsbət və səmərəli adlandırıb. Bir çox mövzuda necə irəliləyiş əldə edəcəklərini müzakirə etdiklərini deyib: "Heyətlərimiz danışıqlara davam edəcək, inanıram ki, Türkiyə ilə ABŞ arasında real irəliləyiş əldə edəcəyik". Perspektivdə danışıqlardan real nəticələr gözləyirsinizmi?

- ABŞ və Türkiyə müdafiə nazirlərinin qurduqları əlaqələr sayəsində “S-400”lərin 3-cü dövlətə göndəriləcəyini düşünürəm. Bu böyük ehtimalla Liviya olacaq. Bu, ABŞ-ın da qəbul edəcəyi, Türkiyə kimi müttəfiq olan üçüncü bir ölkəyə göndərib Türkiyə daxilində olmayan, Liviya milli ordusunda istifadə oluna bilər. Türkiyənin həqiqətən də “S-400” havadan müdafiə sisteminə ehtiyacı var. Bunu bir il öncə Liviyaya göndərib orada istifadə etmək lazım idi və bu gün Liviyanın hava sahəsini Haftar qüvvələri və Liviya qüvvələrindən müdafiə etmək mümkün olardı. Məncə bunu düşünüblər.

- NATO nizamnaməsinin 5-ci bəndinə görə üzv dövlətlərdən hansısa biri müharibədə iştirak edərsə təşkilatın digər üzvləri həmin dövləti müdafiə etməlidir. Tramp dövründə bu bənd şübhə altına alınmışdı. Bayden isə “beşinci maddəyə müqəddəs öhdəlik kimi baxırıq” deyib. Bu, NATO üzvü olaraq Türkiyənin də qorunması baxımdan önəm daşıyır.

- Bu, cənab Trampın xarakteri ilə bağlı idi. Trampın zamanında ABŞ heç bir problemi həll edə bilmədi. Dünyadakı bütün problemlər daha da xroniki hal aldı. Trampın atdığı yeganə konkret addım Qüdsü İsrailin paytaxtı elan etməsi idi. Bununla da məsələni daha da mürəkkəbləşdirdi. Şimali Koreyadan İrana kimi heç bir problemi həll edə bilmədi. Onun hakimiyyəti illəri dünya üçün problemli bir dövr hesab edilir. Bayden isə daha ciddi və beynəlxalq münasibətlərin işlək metoduna keçid etmək istəyir.

NATO-nun təşkilat olaraq fəlsəfəsi elə 5-ci maddədə yatır. Bu olmasa, KTMT-da da olduğu kimi əgər kollektiv müdafiə anlayışı yoxdursa, NATO-nun qurum olaraq əhəmiyyəti olmaz. 5-ci maddənin şübhə altına alınmasıyla NATO-nun mənası qalmaz. Bu, Trampın sərsəmliklərindən biri idi. O, NATO-nun daxilində mübahisə yaradıb onun parçalanmasına səbəb oldu. Əlbəttə ki, 5-ci maddə önəm daşıyır. Əks halda, heç kim büdcəsinin yüzdə birini təşkilat üçün ayırmaz. Müzakirə edilməli olan 5-ci maddə deyil, NATO-nun genişlənməyə nə qədər ehtiyac duymasıdır. NATO-nun konsepsiyasında hazırda birinci təhdid Rusiya deyil, Çindir. Bayden bunu açıq söyləyir. Buna görə də NATO özü üçün yeni bir doktrina müəyyənləşdirir. Bu baxımdan 5-ci maddə önəmlidir.

Gülnar Səlimova

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...