Türkiyə Pakistandan dəstək alaraq Talibana qarşı hərəkətə keçə bilər | Eurasia Diary - ednews.net

28 Sentyabr, Çərşənbə axşamı

Türkiyə Pakistandan dəstək alaraq Talibana qarşı hərəkətə keçə bilər

Müsahibələr A- A A+

Taliban silahlıları Əfqanıstan-Tacikistan sərhədlərini nəzarətə götürərək türk rayonlarına basqın edib. Sığınacaq axtaran minlərlə əfqan türkü Ösbəkistana sığınmaq üçün sərhədə doğru irəliləyib. Son məlumata görə, hələ təxminən iyirmi il əvvəl silaha sarılaraq Özbəkistanı Taliban qüvvələrindən qoruyan özbək əsilli general Rəşid Dostum yenidən mübarizəyə qatılaraq yaralanıb. 

Rəsmi məlumatlarda bildirilir ki, hazırda Taliban ordusu Əfqanıstanın 70%-ni nəzarət altına ala bilib. Bu isə hökumət qüvvələrinin terrorçu qrup qarşısında heç bir ciddi təsirə malik olmadığını göstərir. 

Digər tərəfdən, Əfqanıstanda Talibanın sürətlə yayılması KTMT-yə üzv olan ölkələri təhdidə məruz qoyub. Həmin ölkələrin də daxilində gizlin Taliban dəstələrinin fəallaşa bilmək təhlükəsi isə istisna edilmir. Bütün bu proseslərdə aparıcı dövlətlərin, yəni xüsusən KTMT-də aparıcı rolu olan Rusiyanın buna reaksiyası, eləcə də həmin bölgədə türk xalqlarının üzləşdiyi təhlükələrə biganə qalmayacaq Türkiyə dövlətinin göstərəcəyi təpki son dərəcə önəmlidir.  

Kocaeli Universitetinin professoru, siyasi şərhçi İrfan Kaya Ülgər Eurasia Diary-yə müsahibə verib. 

Yazar: Prof. Dr. İrfan Kaya ÜLGER || GLOBAL SAVUNMA - Strateji - Güvenlik -  Savaş Teknolojileri - İstihbarat

- Bildiyiniz kimi, Taliban qüvvələri sürətlə irəliləyərək Tacikistan sərhədlərində yaşayan türk kəndlərinə basqınlar edib. Yayılmaqda olan təhlükə KTMT-yə üzv olan dövlətlərin də sərhədlərini əhatə etməkdədir. Bəs sizcə, KTMT, xüsusilə də təşkilatda aparıcı rola malik Rusiya buna qarşı nə kimi tədbirlər görəcək?  

- 2001-ci ildən Əfqanıstanda hərbi missiyasını həyata keçirən NATO qüvvələrinin sentyabr ayında Əfqanıstandan çıxması birmənalı olaraq Türkiyə Silahlı Qüvvələrinin boşluğu dolduracağı anlamına gəlir. Nəzarətə alınacaq ilk hədəf nöqtələr isə paytaxt Kabilin hava limanı ilə yanaşı, digər paytaxt ətrafı rayonlar olacaq. Bu barədə hələ dəqiq razılaşma sənədi imzalanmasa da, ölkədə sülhün bərqərar olması üçün alternativin Türkiyə dövləti olması labüd görünməkdədir. Hesab edilir ki, anlaşma Əfqanıstanla rəsmi Ankara arasında baş tutacaq. Digər tərəfdən onu da əlavə edə bilərəm ki, hərbi qüvvələr üçün Pakistan və Macarıstan logistik dəstək göstərəcək. ABŞ isə bu işin maliyyə dəstəyinə diqqət ayıracaq. Lakin hazırda Türkiyəni gözü görməyən Taliban terrorçu qüvvələri buna mane olmaqdadır və bu səbəbdən bütün planlar hələ də sözdə olaraq qalır.   

Bir məsələni də qeyd etməliyəm ki, Talibanın qurucusu Pakistan dövləti olub. Bu səbəbdən də düşünürəm ki, Talibanın Əfqanıstanın şimal bölgələrinə hücumlarının qarşısını elə Pakistanın dəstəyi ilə almaq olar. Əfqanıstan KTMT-yə üzv ölkə deyil və buna görə də KTMT-nin sərhədləri təhdidə məruz qalsa belə Əfqanıstana hər hansı hərbi dəstək vermək kimi bir öhdəliyi yoxdur. Hazırda bilirsiniz ki, Əfqanıstandakı münaqişələr etnik xarakter daşıyır. Digər tərəfdən, ölkənin bir hissəsi Qərbin təsiri altındadır. Belə olan təqdirdə, Rusiyanın hərbi əməliyyatlara müdaxiləsi gözlənilə bilməz. Bir daha qeyd edim ki, ortada yaranacaq boşluğu təsdiq olunmasa da, Türkiyə doldura bilər. 

- Hələ 2000-ci illərdə Özbəkistanı taliblərdən qoruyan və Türkiyəyə yaxın müttəfiq olan özbək əsilli general Rəşid Dostum yenidən silaha sarılıb. Hazırda Əfqanıstan sərhədlərindəki türk kəndlərini təhdid altına alan Taliban hücumuna qarşı Türkiyənin reaksiyası olacaqmı?

- Bilirsiniz ki, Sovetlər dönəmindən sonra Əfqanıstanda mücahitlər koalisiyası və Taliban arasındakı qarşıdurmalar zamanı Türkiyə dövləti müəyyən çərçivədə General Rəşid Dostuma dəstək vermişdi. Turqut Özal və Dəmirəl dönəmində edilən bu dəstək sadəcə logistik çərçivədə həyata keçirilirdi. Lakin hazırda bu qarşıdurmaya daha geniş çərçivədən baxmaq lazımdır. Hesab edirəm ki, türk əsgərləri Əfqanıstana daxil olduqda Talibanı susdurmaq üçün ilk yardımı Pakistandan almış olacaq. Taliban masada nə qədər aqressiv görünməyə çalışsa da, Türkiyə bir NATO gücü olaraq, həm də Pakistanın dəstəyi ilə onu özünə ram edə biləcək.  

Digər bir məqamı da qeyd etmək istəyirəm ki, Türkiyə hazırki proseslərə görə özbək və türkmənlərdən ibarət türk tayfalarına dəstək vermək əvəzinə, mümkün olduqca Əfqanıstan daxilində siyasi sabitlik və asayişin qurulmasını təmin etməyə çalışacaq. Bunu sadəcə mən belə düşünürəm. 

- Ümumiyyətlə, Türkiyə bütün bu konfliktlərin içindən necə baş çıxara biləcək? Bu çətin missiyada Türkiyəni yaxından dəstəkləyən olacaqmı?

- Bilirsiniz, Taliban terror təşkilatının müəmmalı tərəfi var. Əvvəllər bu təşkilatın başında Kor Ömər adlı bir lider dayanırdı. Hazırda isə təşkilatı bir komanda idarə edir. Lakin unutmamalıyıq ki, bu təşkilat Pakistanın gizli kəşfiyyat xidməti olan ISI tərəfindən qurulub.

Etnik olaraq çoxu peştunlardan olan Talibanın tərkibində tacik, türkmən, özbək və xəzərlərdən ibarət millətlər var. 

Onu da qeyd edim ki, Pakistan və Əfqanıstan arasında müstəmləkə dövrünə dayanan bir “Dürand Xətti” adlanan ərazi problemi də mövcuddur. Lakin mən hesab edirəm ki, Türkiyə silahlı qüvvələri regionda öz varlığını göstərdiyi təqdirdə, Pakistanın da yardımı ilə yaxın zamanda Taliban təcavüzünün qarşısı alına bilər. Burada Pakistanın üzərinə mühüm vəzifə düşür. Əks təqdirdə, ölkədə etnik qarşıdurma kəskinləşə bilər. Nəticədə Rusiya və Çin kimi digər aktorlar bölgə ilə bağlı müxtəlif planlar formalaşdıra bilər. 

NATO qüvvələrinin Əfqanıstandan çıxmasından sonra Türk Silahlı Qüvvələrinin bu boşluğu doldurmasını Türkiyənin “böyük oyun”a girməsi kimi qiymətləndirirəm. Fikrimcə, bu Pakistan və Türkiyənin ortaq əməkdaşlığı nəticəsində öz səmərəsini verəcək.

Elnur Ənvəroğlu

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...